Məmmədyarov fasiləni Kramnik üzərində qələbə ilə qarşıladı

Şəhriyar Məmmədyarov Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən ikinci beynəlxalq şahmat turnirində nəhayət, qələbələrinin hesabını açmışdır. Qrossmeysterimiz beşinci tura təsadüf edən bu müvəffəqiyyətə rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniklə 6 saat 35 dəqiqə davam edən gərgin görüşdə nail olmuşdur.

Mühüm qələbə Şəhriyara xal ehtiyatını əllifaizli nəticəyə çatdırmaq imkanı vermişdir. Hesabat turunda Maykl Adams (İngiltərə) ilə görüşdən heç-heçə ilə ayrılan Rauf Məmmədov isə ilk qələbəsini qarşıdakı turlarda qazanmağa çalışacaq.

Ötən turda fransız Maksim Vaşye-Laqrava qalib gələn dünya çempionu Maqnus Karlsen (Norveç) dörd turdan sonra vahid lider olmuş Uesli Sonun (ABŞ) hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand ilə görüşdə uğursuzluğundan istifadə edərək turnir cədvəlinin zirvəsinə yüksəlmişdir.

Beş turdan sonra Karlsenin 4, Sonun 3,5, Anandın 3, Məmmədyarovla Kramnikin 2,5, Məmmədov, Vaşye-Laqrav, Aniş Giri (Hollandiya) və Fabiano Karuananın (İtaliya) 2, Adamsın 1,5 xalı vardır.

Aprelin 22-də turnirdə istirahət günü idi. Həmin gün qrossmeysterlər bir qədər dincəlmiş, adətən belə yarışlar zamanı olduğu kimi futbol meydanına çıxaraq vurduqları qollara sevinmiş, habelə şəmkirli şahmat pərəstişkarları ilə eyni vaxtda oyun seansı keçirmişlər.

Belə şən və məzmunlu istirahətdən sonra turnir iştirakçıları dünən yenidən şahmat taxtası arxasına qayıdıb altıncı turun oyunları ilə yollarına davam etmişlər. Bu dəfə Məmmədyarov Soya qarşı oynamış, Məmmədov isə Anandla görüşmüşdür.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında