Azərbaycan paytaxtında start həyəcanı getdikcə yaxınlaşan Birinci Avropa Oyunlarına hazırlıq haqqında bu iki fikir son həftələr ərzində söylənilib. Hər ikisi də beynəlxalq idman dairələrində yüksək nüfuza malik rusiyalı mütəxəssislərə məxsusdur.
Irina Rodninanı idman ictimaiyyətinə, xüsusən də yaşlı nəslin nümayəndələrinə təqdim etməyə ehtiyac yoxdur. Dünya şöhrətli fiqurlu konkisürənin Olimpiya oyunlarının üçqat çempionu adını daşıması və on dəfə dünya çempionu olması çox şeyə sübutdur. Hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı İ.Rodnina bu yaxınlarda Birinci Avropa Oyunlarının Moskvada təqdimatı mərasimində Bakının qarşıdakı yarışlar üçün düzgün seçim olduğunu bildirərək demişdir:
– Birinci olmaq həmişə çox çətin və məsuliyyətlidir. Mən necə hazırlıq getdiyinin, bütün bu işlərin necə məhəbbətlə və məmnuniyyətlə görüldüyünün şahidiyəm. Əminəm ki, oyunlar yüksək səviyyədə keçəcək. Avropa ölkələrinin bu yarışlara böyük diqqət yetirəcəyi gözlənilir”.
Rusiyanın taekvondo üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Dmitri Tarasov isə “Telefakt” proqramına müsahibəsində öz fikrini belə ifadə edib:
– Mən 2014-cü ildə iki dəfə Bakıda olmuşam – əvvəlcə Anastasiya Barışnikovanın qələbə qazandığı Avropa çempionatında, sonra da şagirdim Dmitri Pastuxovun qalib gəldiyi yeniyetmələrin ilk dünya birinciliyində. Hava limanından şəhərə gedəndə sağ tərəfdə Olimpiya kəndi yerləşir. Hündür evlər çox gözəl görünür. Düşünürəm ki, Bakıda hər şey çox yaxşı, kiçik Olimpiya oyunları kimi təşkil olunacaq.
Şübhəsiz, Avropa Oyunlarının proqramına daxil olan idmanın iyirmi növü üzrə yarışlarda ən maraqlı, ən çox tamaşaçı toplayacaq turnirlərdən biri də bədii gimnastika ustalarının startları olacaq. Son on ildə incə məxluq nümayəndələrindən zəriflik və dəqiqlik tələb edən bu növdə respublikamızın necə böyük irəliləyişə nail olduğu, yığmamızın bütün dünyada sayılıb-seçilən rəqiblərdən birinə çevrildiyi, onun liderlərinin dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizin şərəfini layiqincə qoruduqları heç kim üçün
sirr deyil. Bizim qızların “Bakı-2105”də də medallara əsas namizədlərdən olacağına ümidimiz böyükdür.
Azərbaycanda bədii gimnastikanın inkişafını yaxından izləyən və yeri gələndə, bu işdə bizə köməyini əsirgəməyən məşhur mütəxəssis, Rusiya yığma komandasının baş məşqçisi və Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da Avropa Oyunları haqqında yüksək fikirdədir. Onun TASS-a bildirdiyinə görə, Rusiya bədii gimnastlarının komandası Azərbaycan paytaxtında özünün ən güclü heyəti ilə mübarizə aparacaq: – Bakıda Avropa Oyunlarında dünyada aparıcı mövqe tutan bütün Avropa bədii gimnastikası təmsil olunacaq. Ona görə də bu oyunlar bizim üçün Olimpiya Oyunlarına bərabərdir və Rusiya yığması güclü heyətlə çıxış etməlidir”.
Qitəmizin idman hərəkatında yeni səhifə açaraq, əsl dostluq və qardaşlıq bayramına çevriləcək tarixdə ilk Avropa Oyunlarının təşkili hüququnun gündən-günə daha da müasirləşən və adı dünyanın ən gözəl paytaxt şəhərləri ilə yanaşı çəkilən Bakıya etibar olunması haqqında Avropa Olimpiya Komitəsi (AOK) üzvlərinin qəbul etdikləri qərar Rusiya ilə yanaşı, digər ölkələrdə, ayrı-ayrı beynəlxalq federasiyalarda da rəğbətlə qarşılanmışdır. Məsələn, Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanın kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş zamanı dediyi sözlərə diqqət yetirək: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar bizim üçün bir qədər gözlənilməz olsa da, xoş xəbər idi. Müvafiq qurumların belə qərar qəbul etməsi bir daha sübut etdi ki, Azərbaycan həm də idman ölkəsi kimi böyük nüfuza malikdir. Avropa Oyunlarına ev sahibliyi etmək böyük güc və əmək, məsuliyyət tələb edir. Azərbaycanın belə mötəbər yarışlara necə hazırlaşdığını bilirik və dövlətin, eləcə də oyunların Təşkilat Komitəsinin işini yüksək qiymətləndiririk”.
Həqiqətən də, bu gün Azərbaycanda idmana göstərilən yüksək səviyyəli dövlət qayğısı, ölkəmizdə idmanın sürətli inkişafı, bir-birindən yaraşıqlı və bütün beynəlxalq standartlara tam cavab verən Olimpiya mərkəzləri, idman rəhbərlərimizin təşkilatçılıq bacarığı artıq heç kimdə şübhə doğurmur, hamı bu sahədə Azərbaycan təcrübəsi ilə tanış olmaq, onu öz ölkəsində tətbiq etmək üçün respublikamıza can atır. Vahid komanda şəklində, sıx əlaqə şəraitində fəaliyyət göstərən idman təşkilatlarımız artıq bir nümunəyə çevrilmişdir.
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Avropa Oyunlarının iştirakçılarını qəbul edəcək daha bir idman kompleksi – Bakı Su İdmanı Sarayının açılış mərasimində iştirak etdilər. Su polosu ustalarının, üzgüçülərin, suyatullananların turnirlərinin medalları uğrunda mübarizə aparacaq idmançıların, eləcə də bu növlərin pərəstişkarlarının burada onlar üçün yaradılmış gözəl şəraitdən necə böyük zövq alacaqlarını təsəvvür etmək çətin deyil.
Elə həmin gün dövlət başçımız İlham Əliyev və Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olmuşlar. Ən yüksək səviyyədə yenidən qurulmuş bu sarayda badmintonçular və stolüstü tennis ustaları oyunların qalib və mükafatçılarını müəyyənləşdirəcəklər.
Bu arada Avropa Oyunlarının məşəl estafetinin marşrutunun keçəcəyi yerlər də məlum olub. Estafet aprelin 26-da “Atəşgah” məbədində start götürərək Azərbaycanın bütün regionlarını əhatə edəcək və iyunun 12-də – Avropa Oyunlarının təntənəli açılış mərasimi günü Olimpiya Stadionunda başa çatacaq. Yürüşdə 1000 nəfərə qədər məşəlçi iştirak edəcəkdir.
“Bakı — 2015" Birinci Avropa Oyunlarında starta çox az, cəmi 49 gün qalır. Tezliklə qitəmizin idman hərəkatında tayı-bərabəri olmayan ən böyük idman bayramına xüsusi olaraq bu yarışlar üçün inşa edilmiş (özü də rekord müddətdə) Bakı Olimpiya Stadionunda on minlərlə idman pərəstişkarının alqışları altında xeyir-dua veriləcək və Avropa idmanı tarixində ən yeni səhifənin ilk sətirləri yazılacaq. Gənc və müstəqil Azərbaycan Respublikası Avropa idmanının bütün tarixi ərzində onun ən mötəbər kompleks yarışlarına ev sahibliyi etməklə iyunun 28-dək, hətta həmin gündən də çox-çox sonra dünyanın diqqət mərkəzində olacaq. Qüdrətli Azərbaycan dövləti, bütün xalqımız, idmanımız öz şanlı tarixinə daha bir parlaq səhifə yazmağa hazırdır. Elə bir səhifə ki, ölkəmizin vətəndaşları ilə yanaşı, dostlarımızın da ürəyindən olacaq, bədxahlarımızı isə nokauta salacaq. “Eurovision-2012”dəki kimi.
Gündən-günə möhkəmlənən və həyatın bütün sahələrində sürətli inkişafı ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan indi çoxsaylı qonaqlarını təkcə “Kristal Hall” ilə deyil, həm də xüsusi olaraq Avropa Oyunları üçün inşa edilmiş Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Velopark, Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı, əsaslı təmirdən sonra yenidən qurulmuş Heydər Əliyev adına İdman Sarayı və digər obyektlərlə heyrətə gətirəcək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.