Ümumdünya Olimpiadası həlledici mərhələdə

Kişi qrossmeysterlərimiz səkkizinci turda Macarıstanla qələbəyə yaxın olduqları matçda son anda heç-heçə ilə kifayətlənməli olsalar da, Xantı-Mansiyskdə (Rusiya) davam edən 39-cu Ümumdünya Şahmat Olimpiadasında baş rollardan birini məhz Azərbaycan oynayır. Finişin üç addımlığında, yəni dünən keçirilən doqquzuncu turadək medallara və çempionluğa ən real yeddi iddiaçının siyahısında komandamız 14 xalla vahid lider olan Ukraynadan cəmi bir xal geri qalırdı. Rusiya 1, Gürcüstan, Macarıstan, Ermənistan və Fransa da bizim kimi 13 xal toplamışdılar. Sonrakı dörd yeri tutan Çin, ABŞ, Kuba və İsrailin 12 xalı var idi.
Azərbaycan-Macarıstan-2:2.
Yuxarıda qeyd etdiyimiz kimi, təmsilçilərimiz bu matçdan da qalib ayrıla bilərdilər. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov birinci və üçüncü taxtalarda qaralarla müvafiq surətdə Peter Leko və kişilərdən ibarət komandaların yarışında yeganə qadın iştirakçı Yudit Polqarla heç-heçəyə razılaşdıqdan, qara fiqurlarla oynayan Teymur Rəcəbov artıq 33-cü gedişdə ikinci masada Zoltan Almaşini saatı dayandırmağa məcbur etdikdən sonra hər şey dördüncü taxtada Qədir Hüseynovdan asılı idi. Təəssüf ki, Olimpiadanın lap əvvəlindən əzmkar və məhsuldar oyunu ilə hamının diqqət mərkəzində olan Hüseynov bu dəfə Ksaba Baloq ilə görüşün 50-ci gedişində çətin vəziyyətdən çıxış yolu tapa bilməyib məğlubiyyətlə razılaşmalı oldu.
Hesabat turunda medallara iddialı digər rəqiblərin iştirakı ilə keçirilən matçlar isə belə nəticələnmişdir: Rusiya 1- Ukrayna-2:2, ABŞ--Çin - 2:2, Gürcüstan-Belarus-2,5:1,5, Fransa-Rusiya 2 - 2,5:1,5, İsrail-Hollandiya-3:1, Polşa-Ermənistan - 1,5:2,5.
Azərbaycan-Ekvador - 3,5:0,5.
Hesabdan da göründüyü kimi, qadınların turnirində bu matç bizim qızların böyük üstünlüyü şəraitində davam etmişdir. Zeynəb və Türkan Məmmədyarova bacıları ilk iki taxtada, Nərgiz Umudova dördüncü masada rəqiblərinə heç bir ümid yeri qoymamışlar, təkcə Gülnar Məmmədova üçüncü taxtada yarım xalla kifayətlənmişdir.
Olimpiadada beşinci qələbə Azərbaycan komandasını 34-cü pillədən 25-ci mövqeyə gətirmişdir. Səkkiz turdan sonra 10 xala malik qızlarımızın dördüncü yerdə olan Çin yığmasından cəmi iki xal geri qaldıqlarını nəzərə alsaq, onların finişə ilk iyirmi yeri tutacaq komandalar sırasında çatmaq üçün imkanları pis deyil. Ancaq bunun üçün son turlardan mümkün qədər çox fayda götürmək lazımdır.
Qadın komandalarının mübarizəsində səkkiz matçda səkkiz qələbə qazanan Rusiyanın birinci heyətinin itkisiz irəlilədiyini də qeyd etməmək olmaz - 16 xal. İkinci-üçüncü yerləri isə hərəyə 13 xal toplayan Serbiya və Rusiya 2 komandaları tuturdular.
Dünən keçirilən doqquzuncu turda Azərbaycanın kişilərdən ibarət komandasını Ukrayna ilə (Vasili İvançuk, Ruslan Ponomaryov, Pavel Elyanov, Zaxar Yetimenko) son dərəcə prinsipial matç gözləyirdi, qadın şahmatçılarımız isə turnir cədvəlində bir qədər də irəliləmək üçün litvalı rəqiblərindən daha yaxşı oynadıqlarını sübuta yetirməli idilər.
***
Azərbaycan-Ukrayna - 1,5 : 2,5
Azərbaycan-Litva - 3,5 : 0,5

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında