Idman

“Qarabağ”: qızıl qələbəyə az qalır

 

“Bakcell Arena”da Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən görüşdə “Qarabağ”la “İnter”in bir-birinin qapısına yol tapa bilməyərək meydandan “dinc” nəticə ilə ayrılmaları (0:0) güman etmək olar ki, rəqiblərə elə bir məyusluq hissi yaşatmadı. Hərçənd azarkeşlərlər turnir cədvəlinin ən yüksək pillələrində irəliləyən klubların mübarizəsində oyunun bəzəyi hesab edilən qol görmədilər.

Bu görüşdən sonra xal ehtiyatını 53-ə çatdıraraq  ən yaxın izləyicisi ilə öz arasındakı 9 xallıq  məsafəni qoruyub saxlayan Ağdam klubu ona və çoxsaylı pərəstişkarlarına ardıcıl ikinci dəfə çempionluq sevinci bəxş edəcək qızıl qələbəyə bir qədər də yaxınlaşmışdır. “İnter”in  (44 xal) finişədək belə böyük fərqi aradan qaldıracağına inanmaq çətindir.

“Qarabağ”-“İnter” görüşü hesabat turunun son oyunu idi. Bundan bir gün əvvəl “doğma divarlar” arasında çıxış edən klublar rəqiblərinə heç bir qonaqpərvərlik göstərməyib  onları meydandan məğlubiyyətlə yola salmışdılar (“Neftçi”-“Bakı”-2:0, “Simurq”-AZAL-1:0, “Xəzər-Lənkəran”-“Sumqayıt”-3:2).

Növbəti, 28-ci turun oyunları aprelin 5-də keçiriləcəkdir. Həmin gün hazırda 42 xalla turnir cədvəlində üçüncü mövqedə olan və “İnter”i ikinci pillədən sıxışdırmağa can atan “Neftçi”nin Zaqatalada “Simurq”la (35 xal) görüşü daha gərgin mübarizə vəd edir. Bu turda həmçinin “İnter”-“Xəzər-Lənkəran”, “Bakı”-“Qarabağ” və AZAL-“Qəbələ” matçları oynanılacaq.

 

Los-Anceles Azərbaycan güləşçilərini gözləyir

 

Aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya kuboku turnirinə bir həftə qalır. Bu məsul yarışda ən yüksək yerlər uğrunda mübarizə aparmaq əzmində olan Azərbaycan milli komandası bu günlər okeanın o tayına səfərə son hazırlıq görür.

Turnirdə ölkəmizin şərəfini London Olimpiadasının çempionları Toğrul Əsgərov (65 kq), Şərif Şərifov (97 kq), dünya və Avropa çempionu Hacı Əliyev (61 kq), Avropa çempionları Cəbrayıl Həsənov (74 kq), Ruslan Dibirhacıyev (70 kq) və başqaları qoruyacaqlar. İlkin mərhələdə Azərbaycanın sərbəst güləş ustalarının rəqibləri İran, Türkiyə və Belarus komandaları olacaq.

Fevralda yunan-Roma üsulu ilə güləşənlərimiz Tehrandan Dünya kubokunu Bakıya gətirmişlər. Indi isə “sərbəstlər” onların böyük uğurunu təkrar  etməyə çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında