İlk qələbə sevinci

Azərbaycan milli komandası futbolçularının Avropa çempionatı-2016-nın seçmə yarışları çərçivəsində Malta yığması üzərində qələbəsi (2:0) xalqımızın böyük fərəh hissi ilə qeyd etdiyi Novruz bayramının finişində çox yerinə düşdü. Bir də ona görə ki, çoxdan gözlənilən bu müvəffəqiyyət indiki turnirdə ardıcıl dörd məğlubiyyətdən sonra azarkeşlərə böyük sevinc gətirən ilk uğurlu oyunumuzdur.

Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin yığmamızın baş məşqçisi rolunda özünün debüt oyununda meydançaya çıxardığı futbolçuların Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına toplaşan tamaşaçıları çox da qol intizarında qoymamaları, görüşün sonunda, əlavə olunmuş dəqiqələrdə isə rəqibləri ikinci dəfə məyus etmələri də diqqətə layiq məqamlardır. Üstəlik də, artıq 4-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsindən sonra Cavid Hüseynovun başla gözəl zərbəsi, oyunun sonunda Dmitri Nazarovun kifayət qədər uzaq məsafədən soyuqqanlılıqla vurduğu qol komandanın elə ilk dəqiqələrdən hakimin final işarəsinədək mübariz əhval-ruhiyyədə olmasının göstəricisidir.

Azərbaycan millisi bu qollar arasında daha bir neçə dəfə müvəffəqiyyət qazanmağa yaxın idi, xüsusən də Vüqar Nadirovla Ruslan Qurbanovun zərbələri qonaqları çox narahat etdi. Malta futbolçularının isə məğlubiyyətdən xilas olmaq cəhdlərinin qarşısı kapitanımız Rəşad Sadıqov başda olmaqla müdafiəçilərin və qapıçı Kamran Ağayevin etibarlı oyunu sayəsində heçə endirildi.

Avropa çempionatı seçmə yarışlarının 2015-ci il təqvimində elə ilk görüşdə qələbə Azərbaycan futbolçularına turnir cədvəlində sonuncu yeri tərk etmək imkanı vermişdir. Qələbəyə baxmayaraq, komandanın oyunu hələ arzuolunan səviyyədə olmasa da, növbəti görüşləri daha yüksək hazırlıqla qarşılamaq üçün müəyyən zəmin yaranmışdır və guman etmək olar ki, məhz belə də olacaq.

Həmin axşam “H” qrupunun digər iki görüşündə Xorvatiya futbolçuları Zaqrebdə Norveç komandasına böyük hesabla qalib gəlmişlər -5:1, Sofiyada Bolqarıstan -İtaliya matçında isə heç-heçə qeydə alınmışdır-2:2.

Hazırda qrupun lideri Xorvatiyanın 13, onun ən yaxın izləyicisi İtaliyanın 11, Norveçin 9, Bolqarıstanın 5, Azərbaycanın 3, Maltanın 1 xalı vardır.

Qrupda növbəti oyunlar iyunun 12-də keçiriləcəkdir. Həmin gün Azərbaycan millisi Norveç komandasının qonağı olacaq, habelə Xorvatiya-İtaliya və Malta-Bolqarıstan görüşləri oynanılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında