İdman

Azərbaycan Portuqaliya, Serbiya və Xorvatiyaya qarşı

Dünən Bakıda 17 yaşınadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatı elit mərhələsinin seçmə oyunlarına start verilmişdir. Bu məsul yarışda Azərbaycan kollektivinin rəqibləri Portuqaliya, Xorvatiya və Serbiya yığmalarıdır. 

Turnir İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Portuqaliya-Serbiya görüşü ilə başlanmışdır. Oyunda hesab açılmamışdır – 0:0. Sonra isə “Bakcell Arena”da Azərbaycan və Xorvatiya komandaları qarşılaşmışlar. Xorvatlar böyük hesabla qələbə qazanmışlar – 4:0

Azərbaycan futbolçuları  növbəti iki oyunu martın 19-da portuqaliyalı və 22-də serbiyalı yaşıdlarına qarşı keçirəcəklər.

Ümumilikdə, Avropa çempionatının elit mərhələsində 32 komanda yarışır və onlar səkkiz qrupa bölünmüşlər. Hər qrupa dörd kollektiv daxildir. Rəqiblər final turnirinə 15 vəsiqə uğrunda mübarizə aparırlar. Qrupların səkkiz qalibi və ikinci yerləri tutan komandalar  arasında ən yaxşı nəticə göstərən yeddi kollektiv final mərhələsində qitə çempionatının medalları uğrunda mübarizəni davam etdirmək hüququ qazanacaq. Burada qruplarda fərqlənən 15 komandaya final turnirinin sahibləri Bolqarıstan futbolçuları da qoşulacaqlar. Bu ölkədə həlledici mərhələnin oyunları mayın 6-22-də keçiriləcəkdir.

26-cı tur starta çıxır

Bu gün Topaz Premyer Liqasında növbəti, 26-cı turun oyunları keçiriləcəkdir. Təqvim bu turda azarkeşlərə AZAL-"Xəzər-Lənkəran", “Bakı”-"Simurq", “İnter”-"Qəbələ" və “Sumqayıt”-"Qarabağ" görüşlərini təklif edir.

Bu oyunlar ərəfəsində 49 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” ikinci mövqedə olan “İnter”dən 6 xal irəlidədir. Üçüncü yeri 39 xala malik “Neftçi” tutur.

Çempionatda mübarizənin gedişinə əsasən bu qənaətə gəlmək olar ki, finişdə üç dəst medal məhz bugünkü liderlər üçlüyünün futbolçularına təqdim olunacaq. Belə ki, dördüncü pillədə irəliləyən “Qəbələ” “Neftçi”dən 8 xal geri qalır. Bu isə az fərq deyil.

Onu da xatırladaq ki, bugünkü görüşlərdə meydana çıxacaq rəqiblərdən üçü (“Qarabağ”, “İnter”, “Simurq”) və təqvimin hökmü ilə bu turda istirahət edən “Neftçi” Azərbaycan kuboku yarışlarında artıq yarımfinalın qapısını öz üzlərinə açmışlar və çempionat oyunlarında həm də bir növ kubokun yarımfinalına hazırlaşırlar. Finalçılar aprelin 13 və 21-nə təyin edilmiş “Neftçi”-"İnter" və “Qarabağ”-"Simurq" yarımfinallarında müəyyənləşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında