Olimpiya Oyunlarının vətəni hesab olunan Avropa qitəsində birinci dəfədir ki, baş tutacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq miqyaslı uğurlardan biridir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın xarici arenada qazandığı uğurlar, tutduğu önəmli yerlə bağlıdır. Müstəqillik əldə etdikdən sonra səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının artması ilə nəticələnmişdir.
Nəzərə almaq lazımdır ki, buna qədər respublikamız bir neçə dəfə beynəlxalq diqqəti öz üzərinə toplaya bilmişdir. 2011-ci ildə BMT-nin qeyri-daimi üzvü kimi start götürən 2 illik səmərəli fəaliyyət, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi, FİFA U-17 Qadınlar arası dünya çempionatı, 2013-cü ildə milli peykə malik azsaylı dövlətlər siyahısına daxil olması, həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku və “F2 Bakı Qran-Pri” tədbirləri, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və s. bu kimi addımlar Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirmişdir. Müasir Azərbaycan bir çox beynəlxalq tədbirlərə, konfranslara, dünya və Avropa çempionatlarına ev sahibliyi etməklə çoxşaxəli inkişafını sübut etmişdir. Bir-birini əvəzləyən idman yarışları Bakının daha böyük yarışlara ev sahibliyi etmək imkanlarını, həmçinin bizə olan beynəlxalq etimadı artırdı.
İdman tarixən xalqımızın həyatında mühüm yer tutmuşdur. İstər SSRİ tərkibində, istərsə də müstəqillik dövründə idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanını dünyaya tanıtmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunmuş və Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. London Olimpiadasında idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanının şöhrətini daha da artırdı.
Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman uğurla, sürətlə inkişaf edir, kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Dünya çempionatlarında, Olimpiya Oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan yaradır. Təsadüfi deyildir ki, bu uğurlar Avropada baş tutacaq ilk oyunların Azərbaycanda keçirilməsi üçün məntiqi zəmin hazırladı. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə göz önündədir.
İdman oyunlarından “siyasi oyun”
kimi istifadə edənlər ...
Azərbaycan bu gün beynəlxalq arenada uğurlar qazanmış, sürətli iqtisadi-siyasi inkişafı ilə dünyanın diqqətini cəlb etməyi bacarmışdır. Azərbaycana qarşı olan maraq birtərəfli deyildir. Məlumdur ki, bu ölkənin uğurları digər dövlətləri heç də həmişə yaxşı mənada “maraqlandırmır”. Bəzən uğurlar qısqanc münasibətlə qarşılanır. İnkişafa mane olmağa çalışan qüvvələr daha da aktivləşir, istər daxili, istərsə də xarici təbliğat aparatı işə qoşulur.
Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra keçən dövr ərzində yeni yaradılan və mövcud olan idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi deməyə imkan verir ki, hazırlıq işləri vaxtında tamamlanacaq. Lakin, təəssüf ki, ölkəmizin bu nailiyyəti bir qisim daxili və xarici qüvvələr tərəfindən təhrif olunur. Yerli və xarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv məlumatlar Azərbaycanın imicinə kölgə salmağa yönəlmişdir.
Öncə “sapı özümüzdən olan baltalar”a, daim “milli birlik” çağırışı altında şəxsi maraq və mənafe naminə çalışan daxili qüvvələrə toxunaq. Avropa oyunları ərəfəsində ölkə daxilində çaxnaşma yaratmaq, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmək məqsədilə bu qüvvələr tərəfindən müxtəlif səpkili “şou”lar hazırlanır. Qeyri-şəffaf, qərəzli məlumatlar, videolar yerli internet portallarında, sosial şəbəkələrdə paylaşılır. Sual olunur: budurmu vətənpərvərlik?! Dövlət haqqında təhrif olunmuş məlumatlar yaymağın arxasında dayanan motiv nədir? Dövlətinə, millətinə bağlı olan hər bir vətəndaş siyasi mənsubiyyətindən asılı olmayaraq ölkəsinin uğurlarını daha da artırmağa çalışmalıdır, qabartmalıdır. Milli iftixar və sevgi hissi ilə yanaşmalıdır.
Avropa oyunları nəinki Avropa, eləcə də dünya tarixinə Azərbaycan adını həkk edəcəkdir. Heç bir əsası olmayan, yanlış məlumatlarla bu oyunları ləkələmək deyil, Azərbaycanın bu oyunları layiqincə keçirməsi, ölkəmizin daha real tanınması üçün çalışmaq lazımdır. Ölkədaxili çaxnaşma yaratmaq üçün xarici qüvvələrin dəstəyinə “ehtiyac hiss edən” daxili qüvvələr vaxtaşırı xarici KİV-lərə qərəzli məlumatlar ötürür. Maraqlı burasıdır ki, bu qüvvələr xalqın haqq səsinə səs vermir, Qarabağ həqiqətlərinin dünyada yayılmasına yardımçı olmur, ancaq milli rifahdan dəm vururlar. Pafoslu çıxışlarla diqqət cəlb etməyə çalışanların fəaliyyəti, əslində, satqınlıq və riyakarlıqdır! Bununla Azərbaycanı istəməyən bir qrup kənar qüvvələrin də “canfəşanlığı” üçün imkan yaradırlar.
Böyük Britaniyanın “Amnesty International” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir. Bütün bunlar ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən xarici qüvvələrin fəaliyyətidir. Avropanın bir sıra dövlətlərində, xüsusilə, Almaniya, Fransa kimi inkişaf etmiş dövlətlərdə Avropa Oyunları ilə bağlı qara piar genişlənməkdədir. Rəsmi dövlət mövqeyi olmasa da Avropa oyunlarının boykot edilməsi istiqamətində “canfəşanlıqla” çalışan qüvvələr mövcuddur. Qərbin qərəzli mövqeyi anlaşılandır. Çünki bu gün dünyada erməni lobbisi deyilən və faktiki olaraq Qərb və ABŞ-da ictimai rəyə öz möhürünü vuran bir təxribatçı dəstə mövcuddur. Erməni lobbisinin böyük təsirə malik olduğu Fransada bəzi dairələr bu bədnam kampaniyaya fəal dəstək verir. Təəssüf ki, insanların bərabərliyindən, hər cür ayrı-seçkiliyin ləğvindən danışan Qərb dünyası xristian amilini öz siyasətindən kənarlaşdıra bilmir. Ölkəmizin başçısının da daim vurğuladığı kimi, ikili standartlar bu gün Qərb dünyasının siyasətində qabarıq nəzərə çarpır. “Humanizm carçısı” olan Qərb milyonlarla qaçqının öz doğma el-obalarına qaytarılması üçün illərdir ki, qətiyyətli bir addım atmır, insanlığa sığmayan erməni cinayətləri hələ də cəzasız qalır. Amma Qərbin bəzi dairələri Avropa oyunlarına hazırlıq prosesinə riyakarcasına kölgə salmağa çalışır, milyonlarla azərbaycanlının fəryadını eşitmək istəmir. Əksinə, onlar Azərbaycanda daxili sabitliyi pozmaqda daha çox maraqlıdır. Misirdə, Liviyada, Suriyada, İraqda biz Qərb demokratiyasının bəhrəsini bu gün daha aydın görürük.
İdman oyunlarına qərəzli yanaşan, bədniyyətli siyasi məqsədlər güdən istər yerli, istərsə xarici qüvvələrin bütün cəhdləri iflasa məhkumdur. 2012-ci il də ölkəmiz üçün əhəmiyyətli bir tədbirlə yadda qalmışdı: “Eurovision mahnı müsabiqəsi”. Bu tədbir ərəfəsində də ölkəmizin imicini zədələməyə yönəlmiş cəhdlər oldu. Lakin arzuları gözlərində qaldı. Nəticə göz qabağındadır: Azərbaycan mötəbər tədbirə çox yüksək səviyyədə ev sahibliyi etdi, mentalitetimizə xas olan qonaqpərvərlik “Eurovision” tarixinə əbədi həkk olundu. Səmərəli fəaliyyət, əmək, zəhmət öz nəticəsini verəcək və Bakıda I Avropa Oyunları qitə tarixində yeni səhifə açacaq.
24 illik müstəqillik tariximizə baxmayaraq nailiyyətlərimiz çoxillik tarixi olan əksər dövlətlərin nailiyyətlərindən daha çoxdur.
Bakı Avropa Oyunlarında Avropanın 49 ölkəsindən 6000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Tədbir:
- Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə;
- ölkəmizin turizm potensialının nümayiş olunmasına;
- Azərbaycanın artan iqtisadi-siyasi inkişafının təbliğinə;
- milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi özünəməxsus ali keyfiyyətlərimizin və s.) Avropa cəmiyyətinə təqdim olunmasına;
- multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın tanıdılmasına;
- Şərq və Qərbin beşiyi, sivilizasiyalararası dialoq məkanı olan respublikamızın obyektiv şəkildə dəyərləndirilməsinə imkan verəcək.
Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, I Avropa Oyunları istər təşkilati, istər struktur, istərsə də regional baxımdan yaddaqalan olacaq. Azərbaycan bu etimadı doğruldacaqdır. Avropa Oyunlarının uğurlu təşkili, belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək.
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities” analitik
təhlil qrupunun üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.