Yarımfinal: “Rabitə” - “Dinamo”

Bakının “Rabitə” klubu qadın komandaları arasında Avropa Voleybol Konfederasiyası kuboku yarışlarında fəxri mükafata doğru daha bir addım atmışdır.

Dörddəbir finalın ilk görüşündə rəqib meydanında Fransanın “Bezye” klubunu elə bir çətinlik çəkmədən 3:1 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan paytaxtı voleybolçuları öz pərəstişkarları qarşısında keçirdikləri cavab matçında daha inamlı qələbəyə nail olmuşlar.  “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılan bu görüşdə meydan sahibləri mübarizənin taleyini üç hissədə öz xeyirlərinə həll etmiş (3:0) və yarımfinalda mübarizəni davam etdirmək hüququ qazanmışlar.

Finalın astanasında “Rabitə”ni Rusiyanın “Dinamo” (Krasnodar) komandası ilə iki oyun gözləyir. Rəqiblər əvvəlcə martın 24-də Krasnodarda qarşılaşacaq, bundan dörd gün sonra isə Bakıda görüşəcəklər.

Əlavə edək ki, Azərbaycan Superliqasında da inamlı oyun nümayiş etdirən “Rabitə”  hazırda turnir cədvəlində vahid liderdir.

Qrossmeysterlərimiz liderlər qrupunda

Azərbaycan şahmatçısı Şəhriyar  Məmmədyarov İslandiyanın paytaxtı Reykyavikdə keçirilən ənənəvi beynəlxalq turnirin ilk dörd turunda yüzfaizli nəticə göstərmişdir.

Qrossmeysterimiz ardıcıl üç qələbədən sonra dördüncü turda islandiyalı Xedin Steynqrimssonla da görüşdən qalib ayrılaraq xal ehtiyatını 4-ə çatdırmışdır. Məmmədyarovla yanaşı, daha beş iştirakçı hərəyə 4 xal qazanmışdır. Bu turnirdəki digər təmsilçimiz Zeynəb Məmmədyarova 2,5 xal toplamışdır.

Daha bir azərbaycanlı qrossmeyster Eltac Səfərli isə Daşkənddə Georgi Aqzamovun xatirəsinə həsr edilmiş doqquzuncu beynəlxalq turnirə inamla başlamışdır. Səksən nəfərdən çox iştirakçının mübarizə apardığı yarışda şahmatçımız start turlarında özbəkistanlı rəqibləri üzərində iki qələbəyə sevinmişdir. Səfərli və daha 18 iştirakçı iki görüşdə 2 xal toplamışdır.

İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan Daşkənd turnirinə martın 20-də yekun vurulacaqdır.

Azərbaycan milli komandasının digər üzvü Rauf Məmmədovun Moskvaya səfərə hazırlaşdığını da qeyd edək. O, martın 27-də Rusiya paytaxtında başlanacaq “Aeroflot Open-2015” turnirinin mükafatları uğrunda mübarizə aparacaq.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında