Bayram günləri idman meydanlarında

Təntənəli açılış mərasiminə cəmi üç ay qalan birinci Avropa Oyunlarında Azərbaycanın qadın idmançıları da geniş heyətlə təmsil olunacaqlar. Onlar qitə idmançılarının ilk  dəfə keçiriləcək ən ali məclisində özlərinə və bütün xalqımıza bol-bol qələbə sevinci bəxş etmək əzmindədirlər.

Həqiqətən, qızlara qələbə və medal yaraşır. İdmanımızın incə məxluq nümayəndələri bu bayram günlərində də “iş başındadırlar”. Pekin Olimpiadası-2008-in bürünc, London-2012-nin gümüş mükafatçısı, Azərbaycan qadın güləşi tarixində ilk dünya çempionumuz Mariya Stadnik başda olmaqla, bu növ üzrə milli komandamız dünən Rusiyanın Sankt-Peterburq şəhərində başlanmış Dünya  kuboku turnirində mübarizə aparır. Yığmamızın planetin ən güclü komandalarından biri kimi bu mötəbər yarışda iştirak etmək hüququ qazanmasının özü böyük uğurdur.

Avropa Oyunlarında bədii  gimnastika ustalarımızın çıxışlarını da nikbinliklə gözləyirik. Respublikamızda zəriflik və gözəllik idmanının son illər necə sürətlə inkişaf etdiyi indi heç kim üçün  sirr deyil. Son iki Olimpiya Oyunlarına lisenziya qazanan, üstəlik də top, lent,  həlqə və gürzələrlə icra etdikləri mürəkkəb təmrinlər ciddi hakimlər tərəfindən yüksək qiymətləndirilən Dinarə Gimatova və Aliyə Qarayevanın davamçıları Marina Durunda və Gülsüm Şəfizadə bu günlər Milli Gimnastika Arenasında keçirilən  və Avropa Oyunlarına sınaq xarakteri daşıyan açıq Azərbaycan çempionatında inamlı çıxışları sayəsində fəxri kürsüyə yüksəlmişlər. Onların, eləcə də qrup hərəkətləri komandamızdan olan rəfiqələrinin qarşıdakı Oyunlarda da medallar uğrunda mübarizədə əsas rəqiblərdən biri olacaqları heç kimdə şübhə doğurmur.

Artıq bir çox xarici ölkədə keçirilmiş mötəbər beynəlxalq turnirlərdə uğurlu çıxışları və medalları ilə özünü idman aləminə tanıtdırmağı bacarmış London Olimpiya Oyunlarının iştirakçısı, taekvondoçu Fəridə Əzizova, şübhəsiz, Avropa Oyunlarında da medal qazanmağa çalışacaq. Onun məqsədə nail olacağına idman ictimaiyyətimizin inamı böyükdür.

Lakin Azərbaycan idmanı Oyunlarda qadın idmançılarımızdan təkcə güləşçilərə, bədii gimnastika və taekvondo ustalarına güvənmir. Voleybol üzrə yığma komandamız, boksçular Anaxanım Ağayeva, Yelena Vıstropova və onların komanda yoldaşları, basketbolçular və qadınlarla təmsil olunacağımız digər növlərin nümayəndələri də Avropa Oyunları tarixində sadəcə iştirakçı kimi yox, həm də medal sahibi kimi özlərinə layiqli yer etmək arzusundadırlar.

Arzunuza çatasınız və gözəl bayramınız mübarək, əziz qızlar!

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında