Xantı-Mansiyskdə yolun yarısı keçildi

Bu günlər adı şahmat aləminin dilindən düşməyən Xantı-Mansiyskdə (Rusiya) keçirilən Ümumdünya Olimpiadasının iştirakçıları şənbə günü beşinci turun matçlarında qələbələrə sevindikdən, məğlubiyyətlərə məyus olduqdan sonra bir qədər nəfəslərini dərmək imkanı qazandılar. Belə ki, bazar günü Olimpiadada ilk istirahət günü idi (təşkilatçılar ikinci fasiləni oktyabrın 2-nə nəzərdə tutmuşlar). Azərbaycan komandaları 11 turdan ibarət çətin turnir məsafəsində birinci istirahət gününü fərqli nəticələrlə qarşıladılar.
Kişilərdən ibarət heyətimiz birinci və üçüncü taxtalarda müvafiq surətdə Şəhriyar Məmmədyarov və Qədir Hüseynovun dəqiq gedişləri sayəsində şahmatdan çox şaybalı xokkey və futbol ölkəsi kimi tanınan, buna baxmayaraq, bizimlə görüşədək ardıcıl qələbələri ilə çoxlarını təəccübləndirən İsveç yığmasını 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğratmış (bu matçda Teymur Rəcəbovun heç-heçə oynadığını, Eltac Səfərlinin uduzduğunu da qeyd edək), qadın şahmatçılarımız isə Drezden Olimpiadası-2008-in çempionu Gürcüstana məlğub olmuşlar - 0:4.
Kişilərin yarışında hesabat turunun daha bir neçə matçının nəticələri üzərində dayanmalı olsaq, ilk növbədə Rusiyanın birinci komandasının macarlara uduzması (1,5:2,5) gözlənilməz olmuşdur. İkinci turda Azərbaycanla matçda, özlərinin də dedikləri kimi, tarixi qələbə qazanan Vyetnam şahmatçıları özbəklərə və estonlara da qalib gəldikdən sonra Gürcüstan komandası qarşısında açıq-aşkar aciz qalmışlar (0,5:3,5), Slovakiya ilə görüşdə Çinin qüvvəsi yalnız heç-heçəyə çatmış (2:2), şahmat dahisi Maqnus Karlsenli Norveç də İspaniya ilə matçda "dinc" nəticəyə razılaşmış, Ukrayna Bosniya və Herseqovina qarşısında elə bir çətinlik çəkməmişdir - 3:1.
Nəticədə üç komanda Gürcüstan, Macarıstan və Ermənistan ilk beş turu itkisiz, hərəyə 10 xalla başa vurmuşlar. Turnir cədvəlində liderlərin ən yaxın izləyiciləri Hollandiya və Ukrayna onlardan bir xal geri qalmışdır. On komanda 8 xal toplamışdır. Azərbaycan həmin göstərici ilə fasiləyə doqquzuncu mövqedə çıxmışdır.
Qadınların turnirində isə Ukrayna və Rusiya komandaları ilk istirahət gününədək yüzfaizli nəticə ilə irəliləmişlər. Yığmamız beş matçda 6 xal toplayaraq 36-cı olmuşdur.
Dünən keçirilən altıncı turda kişi qrossmeysterlərimiz şənbə günü keçmiş dünya çempionu Veselin Topalovun başçılıq etdiyi Bolqarıstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradan Krişnan Saşikiran, Pentala Harikrişna, Surya Qanquli və Narayanan Qopaldan ibarət Hindistan yığması ilə qarşılaşmış, qadın təmsilçilərimiz isə özləri kimi 6 xala malik Türkiyə şahmatçıları ilə görüşmüşlər.
* * *
Azərbaycan-Hindistan -3:1
Azərbaycan-Türkiyə -3:1
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında