Idman xəbərləri

Teymur Rəcəbov “Qran-pri”nin bürünc mükafatçısıdır

 

Tbilisidə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2014-2015-ci illər üçün “Qran-pri” yarışları seriyasından üçüncü mərhələ turnirinə yekun vurulmuşdur. Dünən keçirilən sonuncu, 11-ci turda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu yarışda vaxtından əvvəl qızıl medalı özünə təmin edən rusiyalı Yevgeni Tomaşevski ilə görüşmüş və gərgin oyunda heç-heçəyə razılaşmışdır.

Nəticədə təmsilçimiz 6 xal toplayaraq “Qran-pri”nin bürünc mükafatçısı olmuşdur. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə finişdə rusiyalı Pyotr Svidlerlə görüşdə “dinc” nəticəyə razılaşmışdır. O, turniri 5,5 xalla başa vuraraq Rüstəm Qasımcanov (Özbəkistan),  Lenyer Dominges (Kuba) və Aniş Giri (Hollandiya) ilə dörd-yeddinci yerləri bölüşdürmüşdür.

Turnirin qalibi Tomaşevski finişə 8 xalla çatmışdır. İkinci yeri tutan Dmitri Yakovenko (Rusiya) 6,5 xal toplamışdır.

Xatırladaq ki, Gürcüstan paytaxtında “Qran-pri”nin mükafatları uğrunda mübarizəyə 12 qrossmeyster qoşulmuşdu.

 

“Bakıda Avropa Oyunları xüsusilə əlamətdar olacaq”

 

Beynəlxalq Triatlon İttifaqı (İTU) bu ilin ən mühüm hadisələri arasında Bakıda keçiriləcək birinci Avropa Oyunlarını xüsusi qeyd etmişdir.

İttifaqın saytında bildirilir ki, indiki təqvimdə iki böyük kontinental start-Avropa Oyunları və Panamerika Oyunları yer almışdır. Azərbaycan paytaxtında startlar xüsusilə əlamətdar olacaq. Orada 2016-ci ildə Rio-de-caneyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqələr oynanılacaq.

Əlavə edək ki, “Bakı-2015"də triatlon yarışları Avropa Oyunlarının açılış mərasiminin ertəsi günü, iyunun 13-də başlanacaq. Startların qalib və mükafatçıları, eləcə də Rio Olimpiadasına lisenziyaların sahibləri isə bir gün sonra məlum olacaq.

 

Lider fərqi artırır

 

Qadın voleybol komandaları arasında Superliqa turnirində 15-ci turun oyunları keçirilmişdir. Hər iki görüşdə 3:1 hesabı qeydə alınmışdır. “Rabitə” kollektivi “Azəryol”dan, “Azərreyl” voleybolçuları isə “Telekom”dan üstün olmuşlar.

Bu görüşlərdən sonra xal ehtiyatını 30-a çatdıran “Rabitə” turnir cədvəlində öz lider mövqeyini bir qədər də möhkəmləndirmişdir. İkinci-üçüncü yerləri tutan “Azəryol” və “Lokomotiv” müvafiq surətdə 25 və 23 xal toplamışlar. Lakin hərəsi 11 görüşdə meydana çıxan bu iki komanda “Rabitə”dən bir oyun az keçirmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında