“Synergy Baku”nun təqdimat mərasimi keçirilib

Fevralın 24-də Sloveniyanın paytaxtı Lyublyananın rəmzi sayılan şəhər qalasında  Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku Cycling Project”in 2015-ci il heyətinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və baş katibi Fərhad Əliyev, Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri (eyni zamanda Sloveniya və Slovakiyada akreditə olunub) Qalib İsrafilov, Sloveniya Milli Şurasının (parlament) sədri Mitya Bervar, “Synergy Baku”nun baş sponsoru “Synergy Group” ASC İdarə Heyəti sədrinin birinci müavini Fəxriyar Cabbarov, həmçinin Sloveniya Milli Olimpiya Komitəsi, habelə idman nazirliyinin rəsmiləri iştirak ediblər.

Təqdimat mərasimi “Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Sonra söz AVİF-in vitse-prezidenti Sahib Ələkbərova verilib. Azərbaycanın dünya idmanında özünəməxsus yer tutduğunu deyən federasiya rəsmisi, ölkəmizin ”Bakı-2015" ilk Avropa Oyunlarına səylə hazırlaşdığını deyib və Sloveniya idman ictimaiyyətini bu yarışları seyr etməyə çağırıb.

Vitse-prezident təqdimat mərasimi üçün Sloveniyanın seçilməsinin təsadüfi olmadığını bildirib. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda 4 illiyin zirvə yarışına lisenziya xalları toplayacaqlar. “Synergy Baku”nu isə cari ildə Avropanın müxtəlif ölkələrində təşkil olunacaq xeyli yarış gözləyir və bu səbəbdən də komandamız hazırlıq üçün lazım olan infrastruktur baxımından, həmçinin coğrafi nöqteyi-nəzərdən seçimini Sloveniyanın üzərində saxlayıb.

Sloveniya Milli Şurasının sədri Mitya Bervar ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açaraq bu cür tədbirlərin münasibətləri daha da möhkəmləndirdiyini deyib. O, Azərbaycan xalqının qəhrəman oğlu, Sloveniyanın faşizmdən azad olunmasında həyatını qurban verən Mehdi Hüseynzadənin xatirəsinin ölkəsində hər zaman əziz tutulduğunu xüsusi vurğulayıb.

“Synergy Baku”nun baş sponsoru “Synergy Group” ASC İdarə Heyəti sədrinin birinci müavini Fəxriyar Cabbarov təmsil etdiyi qurumun Azərbaycanda velosiped idmanının inkişafına verdiyi dəstəkdən danışaraq komandamızın uğurlu çıxışı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıb.

Daha sonra “Synergy Baku”nun üzvləri səhnəyə dəvət olunublar. Geyimlərinin üzərində “Bakı-2015" ilk Avropa Oyunlarının loqosu olan velosipedçilər ”Synergy Baku"nun uğurlu çıxışı üçün onlara yaradılan yüksək şəraitə görə federasiya və klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, komanda üzvlərinin bu ilin yayında keçiriləcək ilk Avropa Oyunlarında uğurlu çıxışı və “Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya qazanması klubun əsas hədəflərindən biridir.

Həmin gün Sloveniya Milli Şurasının sədri Mitya Bervar Azərbaycandan gəlmiş qonaqları qəbul edib. Qonaqları salamlayan sədr ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. AVİF-in vitse-prezidenti Sahib Ələkbərov təqdimat mərasiminin təşkilində göstərdiyi dəstəyə görə cənab Bervara minnətdarlığını bildirib. O, ölkəmizdə idmana göstərilən dövlət qayğısından söhbət açaraq tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin başa çatmaq üzrə olduğunu deyib və Sloveniya Milli Şurasnın sədrini, həmçinin görüşdə iştirak edən Sloveniya Milli Olimpiya Komitəsinin direktorunu oyunları izləmək üçün Bakıya dəvət edib.

Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov Azərbaycan və Sloveniya arasındakı əlaqələrin daha da möhkəmlənməsində bu kimi tədbirlərin mühüm rol oynadığını vurğulayıb və tədbirin Xocalı faciəsinin 23-cü ildönümü ərəfəsində keçirildiyini qeyd edərək, bununla bağlı Sloveniyada keçirilən anım tədbirlərinə xüsusi dəstək verən parlament rəhbərliyinə təşəkkürünü bildirib.

Yeri gəlmişkən, “Synergy Baku Cycling Procect” komandasının üzvləri “Xocalıya ədalət” kampaniyasına qoşularaq foto çəkilişlərdə iştirak ediblər. Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanıb.

Növbəti gün Sloveniya Universitetinin idman institutunun ən müasir avadanlıqlarla təhciz olunmuş labaratoriyasında “Synergy Baku” komandasının üzvləri kompleks tibbi müayinədən keçirilib. İnstitutun direktoru Yaneç Vodiçarla görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyası, habelə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin reabilitasiya mərkəzinin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Səfər zamanı AVİF-in vitse-prezidenti “Synergy Baku” üzvlərinin yerləşəcəyi bazaya da baxış keçirib və velosipedçilərin qarşıdakı yarışlara hazırlıq planları ilə maraqlanıb.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında