Tehranda tarixi nailiyyət

İki gün əvvəl bütün dünya Azərbaycanın yunan - Roma üsulu ilə güləşənlərdən ibarət yığma komandasının İran paytaxtında Dünya kuboku yarışında möhtəşəm qələbəsinin şahidi oldu. “Klassiklərimizin” planetin ən güclü komandaları ilə rəqabətdə böyük müvəffəqiyyəti gündən-günə yaxınlaşmaqda olan və təkcə qitəmizdə deyil, bütün dünyada böyük maraqla gözlənilən birinci Avropa Oyunları ərəfəsində olduqca xoş əlamətdir.

Səkkiz ölkə təmsilçilərinin iki qrupda mübarizə apardıqları turnirdə Azərbaycan güləşçiləri xalça sahibləri iranlı rəqiblərini 6:2 hesabı ilə məğlubiyyətə uğratdıqdan sonra Almaniya və İsveç komandalarına daha böyük üstünlüklə qalib gələrək (hər iki matçda 7:1 hesabı ilə) “B” qrupunda inamla birinci yeri tutmuşlar. Finalda rəqibimiz “A” qrupunda Türkiyə, Macarıstan və Ermənistan yığmaları ilə görüşlərdən qalib ayrılan Rusiya kollektivi olmuşdur.

Həlledici matçda komandamızın üzvlərindən Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və İslam Abbasov (85 kq) öz görüşlərini qələbə ilə başa vurmuşlar. Elman Muxtarov (59 kq), Elvin Mürsəliyev (75 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) isə uduzmuşlar.

 Nəticədə final matçı 4:4 hesabı ilə başa çatmış, ancaq əlavə əmsallara görə qələbə Azərbaycan komandasına verilmiş və Dünya kuboku ölkəmizə gətirilmişdir.

İranlı mütəxəssis Cəmşid Xeyrabadinin başçılıq etdiyi komandamızın Tehran xalçası üzərində qazandığı qələbə Azərbaycanın yunan - Roma güləşi ustalarının bu yarışların tarixində ən böyük nailiyyətidir. Yığmamız indiyə qədər yalnız bir dəfə, ötənilki turnirdə fərqlənib fəxri kürsünün üçüncü pilləsinə yüksələ bilmişdi. İndi isə Dünya kuboku bizimdir.

Bürünc medalları üçüncü yer uğrunda görüşdə Türkiyə komandasını 6:2 hesabı ilə məğlubiyyətə uğradan İran güləşçiləri qazanmışlar. Beşinci yer uğrunda matçda macarlar İsveç güləşçilərinə qalib gəlmişlər, son görüşdə Ermənistan yığması üzərində qələbə qazanan Almaniya komandası isə yeddinci olmuşdur. Bu matçlarda da 6:2 hesabı qeydə alınmışdır.

Tezliklə güləş aləmi daha bir Dünya kuboku yarışının həyəcanını yaşayacaq. Bu dəfə “səhnəyə” qadın güləşi ustaları dəvət olunacaqlar. Onların turniri martın 7-8-də Sankt-Peterburqda keçiriləcəkdir. Diqqət yetirin, təşkilatçılar bu yarış üçün çox əlamətdar tarix seçmişlər. Qazanılacaq hər bir medal onun sahibinə ən yaxşı bayram töhfəsi olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında