İdman

Şahmatçılarımız inamla oynayırlar

Azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Tbilisidə keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” yarışları seriyasından üçüncü mərhələ turnirinin iki turunda əllifaizli nəticə göstərərək hərəyə 1 xal toplamışlar.

Məmmədyarov ilk görüşdə qara fiqurlarla fransız Maksim Vaşye-Laqravı məğlubiyyətə uğratmış, ancaq ertəsi gün ağlarla ilk müvəffəqiyyəti inkişaf  etdirə bilməyərək Rüstəm Qasımcanova (Özbəkistan) uduzmuşdur. Rəcəbov isə hər iki görüşdə kubalı Lenyer Dominges və gürcüstanlı Baadur Cobava ilə heç-heçəyə razılaşmışdır.

On iki qrossmeysterin mübarizə apardığı bu turnirdə iki turdan sonra ən yaxşı nəticəni Aniş Giri (Hollandiya), Aleksandr Qrişuk və Yevgeni Tomaşevski (hər ikisi Rusiya) göstərmişlər. Liderlər hərəyə 1,5 xal toplamışdılar. Məmmədyarov, Rəcəbov, rusiyalılar Dmitri Andreykin, Dmitri Yakovenko, habelə Dominges və Qasımcanov onlardan yarım xal geri qalırdılar. Turnir cədvəlinin sonuncu üç pilləsində olan Vaşye-Laqrav, Cobava və Pyotr Svidler (Rusiya) iki turda yarım xalla kifayətlənmişlər.

Dünən üçüncü turun görüşləri keçirilmişdir. Bu dəfə Məmmədyarov Andreykinə, Rəcəbov isə Svidlerə qarşı oynamışlar. Məmmədyarov rəqibinə qalib gəlmiş, Rəcəbov isə Svidlerlə xalı yarı bölmüşdür.

Azərbaycan bədii gimnastlarının böyük müvəffəqiyyəti

Budapeştdə yenicə başa çatmış bədii gimnastika üzrə “Qrasia Cup” beynəlxalq turniri Azərbaycan bədii gimnastlarının böyük müvəffəqiyyəti ilə əlamətdar olmuşdur. Gənc həmyerlilərimiz Macarıstan paytaxtında 8-i qızıl olmaqla 10 medalın sevincini yaşamışlar.

Ayşən Bayramova və Gülsüm Şəfizadə hərəyə iki dəfə fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişlər. Ayşən top və lentlə, Gülsüm isə həlqə və gürzlərlə təmrinlərin icrasında bütün rəqiblərindən yüksək nəticə göstərərək turnirin ikiqat qızıl mükafatçıları olmuşlar. Onlar həmçinin çoxnövçülükdə müvafiq surətdə gümüş və bürünc medallar qazanmışlar.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamızın ikinci heyəti də uğurla çıxış edərək hər iki finalda və çoxnövçülükdə üst-üstə 3 qızıl medala layiq görülmüşdür. Yeniyetmələrin qrup komandası isə beş topla hərəkətlərin yerinə yetirilməsində birinci olmuşdur.

İyun ayında  Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşan Azərbaycan bədii gimnastlarını qarşıda yeni yarışlar – Rusiya paytaxtında “Qran-pri” və Estoniyada beynəlxalq turnir gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında