Dünya hərbi döyüş növləri idman ölkəsi olan Azərbaycanda da geniş yayılıb. Atletlərimiz arasında bu növlər üzrə dünya şöhrətlilərinin sayı getdikcə artır. Döyüş növləri üzrə keçirilən beynəlxalq yarışlarda böyük uğurlar qazanan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” İdman Klubunun təmsilçisi Elsevər Quliyev belə idmançılardan biridir.
1981-ci il Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olan Elsevər idmana kiçik yaşlarından maraq göstərib. Bu marağı onda vaxtilə güləşlə məşğul olan atası oyadıb. İlk məşqlərə uşu üzrə Şəhriyar Tarıyevin rəhbərliyi altında başlayıb. Əsl idmançıya xas olan keyfiyyətlər bu sahədə qələbələrini davamlı edib, ciddi uğurlar qazanıb. Sonradan müxtəlif döyüş növlərində bacarığını sınayan idmançımız beynəlxalq səviyyəli, irimiqyaslı yarışlarda qalib gəlib və mükafatçılar sırasında yer alıb.
Elsevər 2011-ci ildə Xarkovda kempo-ryu üzrə keçirilən dünya çempionatında gümüş, 2012-ci ildə qocyu-ryu karate üzrə dünya çempionatında qızıl medal alıb. İtaliyanın Karrara şəhərində kikboksinq üzrə keçirilən dünya çempionatında kick-light versiyasında 84 kq çəkidə mübarizə aparan idmançı III yeri tutub. 2014-cü ildə isə Ukraynada kempo-karate və kobudo üzrə təşkil edilən dünya çempionatlarında bütün rəqiblərini məğlub edərək qızıl medallar qazanıb.
Ukraynada dünya çempionatı zamanı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş III dünya kəməri uğrunda yarışda Elsevər Quliyev bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq kəmərə sahib olub.
Dünyanın ən mötəbər yarışlarında Azərbaycanı layiqincə təmsil edən idmançının uğurları yüksək qiymətləndirilib. O, Milli Olimpiya Komitəsində 2014-cü ilin yekunlarına həsr olunmuş mərasimdə Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanı ilə təltif olunub.
Cəldlik, dözümlülük, əzmkarlıq – qələbənin əsas şərtləri
2014-cü ildə yüksək nailiyyətlərinə görə Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanı ilə təltif olunan Elsevər Quliyevlə məşq zalında görüşdük. İdmançı ən çox sevdiyi ağrıdıcı fəndlər üzrə hazırlığını davam etdirirdi. “Elsevərin beynəlxalq yarışlar zamanı məharətlə tətbiq etdiyi ağrıdıcı fəndlər onun cəldliyi, dözümlülüyü, əzmkarlığı qarşısında tab gətirə bilməyən rəqiblərini uğursuzluğa düçar edir”, – bunu Qocyu-ryu Okinava və Kempo-ryu Federasiyasının prezidenti Tarverdi Allahverdiyev deyir. O, idmançıda şəxsi keyfiyyətlərin nailiyyətlərin əldə olunmasında mühüm rol oynadığını vurğulayır: “Ölkəmizdə idmançı olmaq ən şərəfli peşələrdən biri hesab olunur. Bəzən müəyyən nailiyyətlər əldə etmiş idmançını şöhrət çaşdırır, necə deyərlər, gözü ayağının altını görmür. Amma Elsevər nailiyyətlərinin sayını artırdıqca məsuliyyəti daha da artır. Mən qəti əminəm ki, bundan sonra o, daha əzmkarlıqla çalışacaq, yüksək qələbələr qazanacaq”. Dünya çempionatında hakimlik etdiyi zaman Elsevərin ən çətin qarşılaşmalarda belə təmkinini pozmamasını, dözüm nümayiş etdirməsini, həlledici anlarda düzgün qərar çıxarma bacarığını vurğulayan Tarverdi müəllim bu idmançıda fiziki güclə yanaşı, psixoloji hazırlığın yüksək səviyyəsini də qeyd edir.
Zirvəyə doğru...
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) baş direktoru Xəzər İsayev uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımızın isə əsas rəqib kimi qəbul olunduqlarını bildirdi və qeyd etdi ki, idmançılarımız beynəlxalq arenalarda keçirilən yarışlara məsuliyyətlə hazırlaşırlar. Onlar idman ölkəsi olan Azərbaycanı yüksək səviyyədə təmsil etməyi özlərinə borc bilirlər. Xəzər İsayev Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növlərinə qayğının eyni dərəcədə yüksək olduğunu, idmançılara hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırdı: “Hər bir idmançı - istər olimpiya, istər qeyri-olimpiya növü ilə məşğul olsun - beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır. Məşqçilər, idman qurumlarının rəhbərləri gənclərdə vətənpərvərlik hissinin tərbiyəsinə də xüsusi diqqət yetirirlər. Çünki idmançıların şəxsi keyfiyyətləri də onların mübarizəsinə təsir edən amillərdəndir. Təmsilçimiz Elsevər fiziki cəhətdən güclü idmançı olmaqla bərabər, həm də vətənpərvərdir. Vətənpərvərlik hissi həlledici anlarda idmançının mübarizliyini daha da artırır. İştirak etdiyi yarışlarda o, həm də taktiki və texniki cəhətdən güclü olduğunu bir daha sübut etdi. Əminəm ki, Elsevər qarşıdakı yarışlarda da yüksək səviyyədə çıxış edəcək, uğurlarının sayını daha da artıracaq”.
Elsevər Quliyev qarşıdakı yarışlara hazırlıqdan danışdı. Bugünkü nailiyyətlərlə kifayətlənmədiyini, gələcəkdə yüksək qələbələr qazanmaq əzmində olduğunu dedi: “Mən, eləcə də komandamızın üzvləri daha yüksək göstəricilər qazanmaq arzusundayıq. Biz idmançılar üçün ölkəmizdə yaradılan şərait ən yüksək səviyyədədir. Təmsil etdiyim DGK İSM-in “Gömrükçü” İK mənə yarışlarda daim dəstək olur. Hazırda Xaçmaz Gömrük İdarəsində yol vergilər şöbəsinin böyük inspektoru vəzifəsində çalışıram və gömrük xidməti polkovnik-leytenantıyam. Fürsətdən istifadə edib yarışlarda iştirakıma yaratdığı şəraitə görə Xaçmaz Gömrük İdarəsinin rəhbərliynə minnətdarlığımı bildirirəm. Çalışıram ki, mənə göstərilən etimadı bundan sonra da doğruldum. Yeni idman nailiyyətləri isə gərgin əmək tələb edir. Çünki sabahkı uğurlarımız dünənkindən daha möhtəşəm olmalıdır.
Leyla QURBANOVA, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.