Hər iki matçda Azərbaycanın xeyrinə 3,5:0,5

Azərbaycan komandaları Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən 39-cu Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlamışlar. Kişi qrossmeysterlərimiz Cənubi Afrika Respublikası komandasını, qadın şahmatçılarımız isə tacikistanlı rəqiblərini məğlubiyyətə uğratmışlar. Hər iki matçda 3,5:0,5 hesabı qeydə alınmışdır.
CAR yığması ilə görüşdə Şəhriyar Məmmədyarov birinci taxtada Kenni Solomonla heç-heçə oynamış, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli qələbə qazanmışlar. Tacikistanla matçda isə yalnız ikinci taxtada çıxış edən Türkan Məmmədyarova rəqibinin müqavimətini qıra bilməyərək yarım xalla kifayətlənməli olmuşdur. Əvəzində Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Nərgiz Umudova öz görüşlərindən qalib ayrılmışlar.
Kişilərin turnirində Olimpiadanın medalları uğrunda mübarizədə Azərbaycan yığmasının əsas rəqibləri olan komandaların iştirakı ilə keçirilmiş matçlar belə nəticələnmişdir: Rusiya-İrlandiya - 3,5:0,5, İraq-Ukrayna-0:4, Çin-Qırğızıstan - 3,5:0,5, Kosta-Rika-Ermənistan-1:3, Banqladeş-Bolqarıstan-0,5:3,5, ABŞ-Farer adaları - 4:0, İsrail-Yəmən-4:0, Malayziya-İngiltərə - 0,5:3,5, Hollandiya-Dominikan Respublikası - 3:1.
Dünən keçirilən ikinci turda kişi şahmatçılarımızı Məmmədyarov, Teymur Rəcəbov, Məmmədov və Hüseynovdan ibarət heyətlə Vyetnam təmsilçilərinə qarşı mübarizə gözləyirdi, qadın komandamız isə Avstriya yığması ilə matça Zeynəb Məmmədyarova, Məmmədova, Umudova və Xəyalə İsgəndərovadan ibarət heyətlə hazırlaşırdı. Qeyd edək ki, birinci turda vyetnamlılar Botsvana komandasına, avstriyalılar isə Surinam şahmatçılarına 4:0 hesabı ilə qalib gəlmişlər.
Olimpiadanın medalları uğrunda 159 kişi və 119 qadın komandası mübarizə aparır. Beynəlxalq Şahmat Federasiyasına (FİDE) isə 169 ölkə daxildir. İcmalçıların qeyd etdikləri kimi, Yay Olimpiya Oyunlarından və yüngül atletika üzrə dünya çempionatından sonra Ümumdünya Şahmat Olimpiadası iştirakçıların sayına görə ən mötəbər idman hadisəsi hesab olunur. İndiki Olimpiadada 2200 idmançı, məşqçi və hakim iştirak edir.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları reytinqə görə 39-cu Ümumdünya Şahmat Olimpiadası iştirakçılarının siyahısında müvafiq surətdə 7-ci və 26-cı pillələrdədir.
İki il əvvəl, 2008-ci ildə Drezdendə (Almaniya) keçirilmiş Olimpiadada kişi şahmatçılarımız 16 xal toplayaraq altıncı yeri tutmuş və yarışı ikinci mövqedə başa vuran İsrail yığmasından cəmi 2 xal geri qalmışdılar, qadın komandamız isə 13 xalla 31-ci olmuşdu. Görək bu dəfə təmsilçilərimiz finişə neçənci çatacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında