Prezident İlham ƏLİYEV: Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar

Bu artıq xoş bir ənənəyə çevrilmişdir. Hər ilin finişində, dekabrın üçüncü ongünlüyündə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin iştirakı ilə MOK-da başa çatmaqda olan ilə yekun vurulur, il ərzində fərqlənən idmançılara və onların məşqçilərinə, idman mütəxəssisləri və veteranlarına mükafatlar təqdim olunur. Bu mənada 2014-cü il də istisna deyil.

Tarixdə ilk dəfə keçiriləcək və təşkili hüququnun Azərbaycan paytaxtı Bakıya etibar edildiyi Avropa Oyunlarına hazırlıqda həlledici il olan və bu istiqamətdə çox böyük işlərin həyata keçirildiyi 2014-cü ildə idmanımızın ən yaxşı nümayəndələri beynəlxalq meydanda qazandıqları 805 medal, o cümlədən 275 qızıl mükafatla ölkəmizin şöhrətini daha da artırmış, idman tariximizə yeni-yeni parlaq səhifələr yazmış, Azərbaycanın artıq çoxdan qüdrətli bir idman dövlətinə çevrildiyini bir daha inamla təsdiq etmişlər.

Prezident İlham Əliyev dekabrın 22-də Milli Olimpiya Komitəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı öz çıxışında bu barədə belə demişdir: “Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar”.

Bunun məhz belə olacağına şübhə ola bilməz. Çünki ökəmizdə idmanın inkişafı dövlətin gündəlik və hərtərəfli qayğısı ilə əhatə olunmuş, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında və digər mötəbər beynəlxalq turnirlərdə uğurlu çıxışlar üçün hər cür şərait yaradılmışdır. Son 10-12 il ərzində respublikamızda 41 Olimpiya İdman Kompleksi tikilib gənclərin ixtiyarına verilmişdir. Özü də təkcə paytaxt Bakıda deyil, ölkənin, demək olar, bütün bölgələrində. Bu rəqəmə bir çox ölkələr həsəd apara bilərlər. Qısa müddət ərzində bu qədər, üstəlik də, bir-birindən yaraşıqlı idman qurğularını istifadəyə vermək hər ölkənin işi deyil.

Həyatın bütün sahələrində sürətli inkişafı sayəsində gündən-günə çiçəklənən və daha da möhkəmlənən Azərbaycan Respublikasının dünya idmançılarının ən ali məclisi olan Yay Olimpiya Oyunlarında uğurlu çıxışları, Olimpiadadan Olimpiadaya daha çox medal qazanması idmanımıza dövlətin daimi qayğısının ən parlaq göstəricisidir. Son beş Olimpiya oyunlarında - Atlanta (ABŞ), Sidney (Avstraliya), Afina (Yunanıstan), Pekin (Çin Xalq Respublikası) və Londonun (İngiltərə) idman meydanlarında Azərbaycan təmsilçiləri üst-üstə 26 dəfə fəxri kürsüyə dəvət olunmuşlar, sərbəst güləş ustası Namiq Abdullayev, stend atıcısı Zemfira Meftəhəddinova, yunan - Roma üsulu ilə güləşən Fərid Mansurov, cüdoçu Elnur Məmmədli, digər sərbəst güləşənlər Toğrul Əsgərov və Şərif Şərifov isə bu gün Olimpiya oyunlarının çempionu adı daşımaları ilə haqlı olaraq fəxr edə bilərlər.

Ustaların yaxın ehtiyat qüvvəsi olan və qarşıdakı yarışlarda onları layiqincə əvəz etməyə hazırlaşan gənc idmançıların ümidlərimizi doğruldacağına da inam böyükdür. İdman ictimaiyyətimizdə, bütün xalqımızda bu inamı yenicə finişə çatan ildə təmsilçilərimizin Çində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında tarixi nailiyyəti yaratmışdır. Həmin Olimpiadada Azərbaycan yığma komandasının 204 ölkə arasında fəxri onuncu yeri tutması çox şeydən, ilk növbədə isə gənclərin müntəzəm hazırlığının düzgün istiqamətdə aparılmasından, istisnasız olaraq bütün idman təşkilatlarımızın birgə səylə həyata keçirdikləri böyük işlərdən xəbər verir.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə gənclərin uğurlarını yüksək qiymətləndirmişdir: “Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər. Noyabr ayında Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında Azərbaycanın uğurlu inkişafı, o cümlədən idmanımızın inkişafı ilə bağlı çox dəyərli fikirlər səsləndirilmişdir. Bu Assambleyada 300-dən çox qonaq iştirak etmişdir. Avropanın bütün yerlərindən gələn qonaqlar şəhərimizlə, idman nailiyyətlərimizlə tanış oldular. Həm Avropa Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, bu tədbirdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın bu sahədəki uğurlarını qeyd etmişlər”.

Gənclər beynəlxalq standartlara tam cavab verən idman bazalarında, ideal şəraitdə yorulmadan təcrübəli məşqçilərin rəhbərliyi altında seçdikləri idman növlərinin incəliklərinə daha dərindən bələd olur, ustalıqlarını artırır, qələbə və medallara sevinirlər. Bu uğurlara aparan yol asan olmasa da, onlar gündəlik və gərgin məşqlərdə qüvvələrinə heyfsilənmir, hər dəfə məşğələlərdə böyük iş həcmini yerinə yetirir və bundan böyük zövq alırlar. Çünki yaxşı bilirlər ki, böyük qələbələrin təməli müntəzəm və məqsədyönlü məşğələlərdə qoyulur. Belə məşğələlər müasir bazalarda, əzəməti ilə hamını valeh edən Milli Gimnastika Arenası, Heydər Əliyev adına İdman—Konsert Kompleksi kimi yaraşıqlı idman saraylarında keçiriləndə isə daha böyük həvəslə məşğul olur, daha yüksək zirvələr fəth etmək arzusu ilə yaşayırlar.

Azərbaycan idmanının növbəti zəfər ili kimi yadda qalacaq 2014-cü ildə təmsilçilərimizin bir çoxu əsl sınaq və şöhrət meydanı hesab edilən beynəlxalq yarışlarda ölkə idmanının durmadan artan gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Onların qazandıqları nailiyyətlər Azərbaycanda idmanın inkişafına gündəlik qayğının bəhrəsidir.

Sərbəst üsulla güləşən Hacı Əliyevin Avropa və dünya çempionu adını qazanması, qadın güləşi üzrə milli komandamızın lideri Mariya Stadnikin Avropa çempionatında fəxri kürsünün zirvəsinə yüksəlməsi, dünya çempionatında bürünc mükafatçı olması, Xetaq Qazyumovun sərbəst güləşdə, Rəsul Çunayevin yunan-Roma güləşində dünya və Avropa çempionatlarının mükafatçıları sırasında yer tutmaları, qadın boksçu Yelena Vıstropovanın Avropa çempionatından qızıl, dünyanın ən güclü rinq ustalarının mübarizəsindən isə bürünc medalla qayıtması, kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədovun inamlı qələbələri, Marina Durundanın adının planetin ən güclü bədii gimnastika ustaları ilə yanaşı çəkilməsi, taekvondoçu Radik İsayevin Avropa çempionluğu, kunq-fu üzrə dünya və Avropa çempionu Fərid Mayılovun, cüdoçuların Avropa çempionatının mükafatçısı Elmar Qasımovun medalları idmanımızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.

Bu qalib və mükafatçılar 2014-cü ildə Azərbaycanın ən yaxşı on idmançısıdır. Ancaq siyahını istənilən qədər uzatmaq, ötən bir ildə ölkəmizin idman qənimətləri xəzinəsini 805 medalla zənginləşdirmiş daha neçə-neçə atletin adını fərəhlə çəkmək olar. Onlar xalqımıza hədsiz sevinc bəxş edirlər. Məhz buna görə də çempionlar milli sərvətimiz, qürur mənbəyimizdir. Çempionların beynəlxalq meydanda hər bir qələbəsi mübaliğəsiz deyə bilərik ki, bütün idman həvəskarlarımızın ömrünü uzadır.

...Azərbaycanda növbəti idman ilinə yekun vurulmuş, ən yaxşılar mükafatlandırılmışlar. Qarşıda isə idman ictimaiyyətimizi daha böyük hadisələr, ilk növbədə 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları gözləyir. Paytaxtımıza, bütün Azərbaycana çox yüksək etimad göstərilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, bu Oyunların Bakıda keçirilməsi, eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında