“Qarabağ” layiqli liderdir

Vidalaşmağa hazırlaşdığımız 2014-cü ili cəsarətlə Ağdam klubunun zəfər ili hesab edə bilərik. Baharda Azərbaycan çempionatının qızıl medallarının sevincini yaşamış “Qarabağ” 11 dekabr axşamında “İnter” (İtaliya) ilə görüşdə təmiz qolumuzu hesaba almayan çexiyalı hakimlərin ədalətsiz qərarı üzündən UEFA Avropa Liqası turnirinin pley-off mərhələsindən kənarda qalsa da, yüksək səviyyəli oyunu, “İnter”lə yanaşı, “Sent-Etyen” (Fransa) və “Dnepr” (Ukrayna) kimi zəhmli rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq bacarığı ilə beynəlxalq futbol dairələrinin rəğbətini qazandı, üç gün əvvəl isə Topaz Premyer Liqasında qış fasiləsinə vahid lider kimi çıxdı.

Çempion-liderin qarşıdakı baharda ölkə kuboku yarışlarının dörddəbir final mərhələsində mübarizəni davam etdirəcəyini də xatırlasaq, güclü mütəxəssis kimi getdikcə daha da məşhurlaşan Qurban Qurbanovun komandası  yeni ili yaxşı əhval-ruhiyyə ilə qarşılamağa layiqdir. Bu səmimi və əzmkar kollektivə liderlik yaraşır.

Qış fasiləsi ərəfəsində “Qarabağ” son oyunda “Sumqayıt”ı iki cavabsız qolla məğlubiyyətə uğradaraq (2:0) dörd dövrədən ibarət çempionatın birinci yarısını turnir cədvəlinin zirvəsində, üstəlik də, möhkəm mövqedə başa vurdu. Komanda 2015-ci il yanvarın axırında fevralın əvvəlində başlanacaq üçüncü dövrə qarşısında özünə yaxşı xal ehtiyatı yaratmışdır.

İndi 34 xala malik Ağdam komandasını ötən turda Qəbələdə eyniadlı yerli klubla görüşdə 1:1 hesablı heç-heçə ilə kifayətlənən və cədvəldə ikinci pillədə irəliləyən “İnter”dən (29) beş xallıq bir məsafə ayırır. Çempionluq mübarizəsində iki liderin əsas rəqibi və onlardan bir oyun az keçirən “Neftçi” isə 26 xal toplamışdır.

“Qəbələ”-“İnter” görüşündəki kimi, “Xəzər - Lənkəran”- AZAL qarşılaşmasında da qüvvələr bərabər olmuş (1:1), rəqiblər hərəyə yalnız bir xal qazana bilmişlər. Tura “Simurq”-“Bakı” görüşü ilə yekun vurulmuşdur. Bu oyunda meydan sahiblərinin xeyrinə 5:2 hesabı qeydə alınnmış və Zaqatala klubu çempionatın birinci yarısında 21 xalla finişə dördüncü çatmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında