“Qarabağ” Fransada qol vurur, Azərbaycan sevinir

Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasında futbolumuzun tarixinə indiyə qədər heç bir klubumuzun nail ola bilmədiyi parlaq səhifə yazmağa çox yaxındır. Qurban Qurbanovun komandası Fransada “Sent-Etyen”lə heç-heçədən (1:1) sonra Avroliqanın pley-off mərhələsində ölkəmizin ilk təmsilçisi olmaq imkanını özündə saxlayır.

Fransızlarla hər iki rəqib üçün son dərəcə mühüm görüşün artıq 15-ci dəqiqəsində Maksim Medvedevin gözəl ötürməsindən sonra Vüqar Nadirovun ustalıqla vurduğu qolu biz hələ çox xatırlayacağıq. Düzdür, “Sent-Etyen” tezliklə bu qolun əvəzini çıxdı, ancaq islandiyalı hakim Kristin Yakobssonun final işarəsinədək bundan artığına gücü çatmadı. Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xətti və qapıçımız İbrahim Şehiç səhvsiz oynadılar. Hərçənd meydan sahibləri hücumlara, demək olar, ara vermirdilər.

Həmin axşam “F” qrupunda bu oyunla eyni vaxtda başa çatan “İnter” (İtaliya)-"Dnepr" (Ukrayna) görüşündə italyanların 2:1 hesabı ilə qalib gəldikləri məlum olduqda “Qarabağ”ın turnir cədvəlində ikinci pilləyə yüksəlməsinə sevindik. Qrup sınaqlarının finişinə bir tur qalmış 11 xala malik “İnter” artıq indidən pley-off mərhələsinə hazırlaşa bilər. Hərəyə 5 xal toplayan “Qarabağ”, “Sent-Etyen” və onlardan 1 xal geri qalan “Dnepr”in  isə bütün ümidləri son turadır.

Növbəti mərhələyə aparan yolda qrupumuzdan İtaliya təmsilçisinə kimin yolyoldaşı olacağını dekabrın 11-də biləcəyik. Həmin gün Ağdam klubu “İnter”i qəbul edəcək, “Sent-Etyen” isə “Dnepr”in qonağı olacaq. Qələbə təqdirində artıq “Qarabağ”a heç kim və heç nə mane ola bilməyəcək. Son oyunda bizə heç-heçə də kifayət edə bilər. Bir şərtlə ki, Ukrayna və Fransa klubları da bir-birinin müqavimətini qıra bilməyib meydandan eyni hisslərlə ayrılsınlar.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında