“Bakı-2015” ilk Avropa Oyunları ceyran və narı rəsmi rəmzləri kimi təqdim edib

Noyabrın 25-də “Bakı-2015” ilk Avropa Oyunları ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi rəmzləri kimi təqdim edib.

“Bakı-2015”-dən bildiriblər ki, ceyran və nar Azərbaycanın qürurlu tarixini və ümidverici gələcəyini təcəssüm etdirir. Ceyran və nar “Bakı-2015”in təbliğində brend kimi çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının rəmzinə çevriləcək.

Azərbaycanın Gənclər və İdman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya ceyranı və narı təqdim etməyə olduqca şadıq. Ümidvarıq ki, onlar birinci Avropa Oyunlarının həyəcanını əks etdirə biləcəklər. Ceyran və nar “Bakı-2015”in rəmzləri kimi Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər”.

Qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif edəcək ceyran Oyunların mədəniyyət elçisi olacaq. Ceyran Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Azərbaycanda qorunan heyvan növlərindən biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir.

Azərbaycan folklorunda birliyi tərənnüm edən nar rəngarəng “Bakı-2015” brendində əks olunaraq artıq şəhərimizdə geniş nümayiş etdirilib.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bizim rəmzlər ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və keçirilən yarışlarda iştirak edəcək”.

Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna isə rəmzlər barədə fikrini bölüşərək bildirib: “Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik. Ümid edirik ki, ceyran və nar bütün Azərbaycanda məşhurlaşacaq. Biz “Bakı-2015”də Avropanın məşhur idmançılarına ev sahibliyi etməyə hazırlaşırıq. Rəmzlər illüstrasiya kimi yaradılıb, amma tezliklə animasiyalı və real görünüş qazanaraq Avropa Oyunlarının təbliğinin bir hissəsi olacaqlar”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında