“Eurosport”: “Tour d’Azerbaidjan-2014” rəqəmlərin dili ilə

     Avropanın nüfuzlu idman kanalı “Eurosport” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014" beş günlük veloyürüşü ilə bağlı statistik məlumatları açıqlayıb.

Xatırladaq ki, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə təşkil olunmuş bu yarışın ilk 4 mərhələsi “Eurosport” kanalı vasitəsilə 30 dəqiqəlik icmal şəklində, sonuncu, Bakı mərhələsi isə canlı olaraq yayımlanıb və 28,6 milyondan çox tamaşaçı yarışa təkcə bu kanal vasitəsilə tamaşa edib.

 830 mindən çox tamaşaçı isə canlı olaraq yayımlanan sonuncu mərhələni izləyib. Ümumilikdə isə Avropa Yayım İttifaqına üzv olan 56 ölkənin 72 telekanalında “Tour d’Azerbaidjan-2014”lə bağlı müxtəlif tipli süjetlər efirə verilib.

Müqayisə üçün deyək ki, 2013-cü ildə “Eurosport” kanalının nümayiş etdirdiyi nüfuzlu velosiped turları içərisində 100 ildən çox keçirilən “Tour de France” yarışına 51 milyon, “Giro d’İtalia”ya 32 milyon, “Vuelta”ya isə 30 milyon tamaşaçı baxıb.

Maraqlıdır ki, “Tour d’Azerbaidjan” toplaya bildiyi tamaşaçı sayına görə uzun illərdir ki, keçirilən “Griterium du Dauphine” (14 milyon), “Paris-Nice” (12 milyon), “Paris- Roubaix” (7 milyon), “Milan-San Remo” (4 milyon) kimi tanınmış veloturları da qabaqlaya bilib.

Ümumilikdə “Eurosport” kanalına baxan 106.5 milyon tamaşaçı “Tour d’Azerbaidjan-2014" veloyürüşü ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarışla bağlı məlumatlar alıb. Onu da qeyd edək ki, 14 aprel - 11 may tarixlərində “Eurosport” və “Eurosport-2” kanallarında yarışla bağlı 30 saniyəlik videorolik 500 dəfə nümayiş etdirilib.

Asiya və Okeaniya ölkələrində də “Tour d’Azerbaidjan-2014” kifayət qədər maraqla qarşılanıb. 16 ölkənin yer aldığı bu siyahıda ilk yerdə Avstraliya durur. Honqkonq, İndoneziya, Cənubi Koreya, Malayziya, Tayland, Filippin və Monqolustanın da daxil olduğu bu ölkələrdə yarış 9,6 milyon tamaşaçı toplayıb.

“Eurosport” kanalının rəsmi internet səhifəsində isə yarışla bağlı məlumatları izləyənlərin sayı 15 milyonu keçib. Bu siyahıda ilk dördlük belədir:

1. Böyük Britaniya - 3 688 403

2. Rusiya - 2 818 894

3. Almaniya - 2 231 828

4. İtaliya - 2 194 301 “Tour d’Azerbaidjan-2014"lə bağlı videomateriallar dünyada çox məşhur olan  www.cycling.tv saytına da yerləşdirilib və istənilən şəxs bu yarışa yenidən baxa bilər. Onu da qeyd etmək yerinə düşər ki, adıçəkilən saytın arxiv bölümünə yalnız baxılma reytinqi yüksək olan yarışlar yerləşdirilir.

“Tour d’Azerbaidjan-2014” başa çatdıqdan sonra “Eurosport” kanalında yarışla bağlı 2 süjet də efirə verilib. 5 dəqiqəlik bu süjetlər 903 min tamaşaçı toplayaraq baxılma sayına görə kifayət qədər yüksək reytinqli sayılıb.

Beləliklə, “Eurosport” kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” veloyürüşünü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.

Təbiidir ki, bütün bunlar ilk növbədə artıq bir idman ölkəsi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edən,  iqtisadiyyatında mühüm göstəricilər  qazanan,  siyasi sabitlik, tolerantlıq nümunəsi kimi qəbul olunan, tarixdə ilk Avropa Oyunlarını keçirmək kimi məsuliyyətli işi öz üzərinə götürən respublikamıza  olan marağın göstəricisidir.

V.BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında