Britaniyanın “Inside The Games” portalında “Bakı-2015” ilə bağlı rubrika açılıb

Britaniyanın məşhur “Inside The Games” xəbər portalında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı rubrika açılıb.

Azərbaycan haqqında ətraflı məlumatın təqdim edildiyi rubrikada dövlət atributlarımıza yer verilir, ölkəmizin müstəqillik tarixi, mədəniyyəti, adət-ənənələri və memarlıq abidələrindən geniş bəhs olunur. Həmçinin Azərbaycanın son illərdəki sürətli inkişafı, iqtisadiyyatının dinamik artımı, strateji mövqeyi ətraflı təhlil edilir.

Qeyd olunur ki, Azərbaycan qədim zamanlardan Odlar Yurdu adlandırılıb. Əbədi yanar od qədim zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasının rəmzi hesab edilir. Bu fenomen Azərbaycanın dünyada Odlar Yurdu kimi tanınmağına səbəb olub.

Rubrikada, həmçinin Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məlumat yerləşdirilib. Burada dövlətimizin başçısının karyerası və siyasi fəaliyyətindən geniş bəhs olunur. Qeyd edilir ki, dövlətimizin başçısı İlham Əliyev 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın inkişafına böyük töhfələr verib. Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni və Beynəlxalq Hərbi İdman Şurasının ləyaqət - “Böyük Kordon” ordeni ilə təltif edilib.

Portalda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fəaliyyəti haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir.

Rubrikada, həmçinin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi, bu mötəbər idman tədbirinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə fikirləri də diqqətə çatdırılır.

Bakının heyrətamiz gözəlliyindən bəhs olunan rubrikada Azərbaycan paytaxtının Şərq ilə Qərb arasında körpü rolu oynadığı qeyd olunur. Paytaxt Bakının mədəniyyət məkanı olması ilə yanaşı, həmçinin idman mərkəzinə çevrildiyi və bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyi xüsusi vurğulanır.

Rubrikada “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Azərbaycanı ziyarət edəcək turistlər üçün də maraqlı məlumatlar yerləşdirilib. Paytaxtın müasir otelləri, Azərbaycan mətbəxi və Bakının nəqliyyat sistemi haqqında ətraflı məlumat verilir.

Həmçinin bu rubrikada “Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri, tədbirə hazırlıq mərhələsində baş verən yeniliklər barədə xəbərlərlə tanış ola bilərsiniz.

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında