UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” komandasının Kiyevin “Olimpiyski” stadionunda Dnepropetrovskın “Dnepr” klubu üzərində bütün Azərbaycana böyük sevinc bəxş edən qələbəsindən sonra ölkəmizdə cavab matçına maraq ikiqat artmışdır. Başqa cür ola da bilməz: ölkə çempionumuz ötənilki Ukrayna çempionatının gümüş mükafatçısına Bakıda da qalib gələ bilsə, turnir cədvəlinin ikinci pilləsində öz mövqeyini möhkəmləndirib, pley-off mərhələsinə bir qədər də yaxınlaşacaq.
Bu səbəbdən də Azərbaycanın futbol ictimaiyyəti noyabrın 6-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Dnepr” görüşünü xoş bir həyəcan və qələbəyə böyük ümidlə gözləyir. Bu zaman azarkeşlərin yaşlı nəsil nümayəndələrinin yadına 36 il əvvəl elə həmin stadionda oynanılmış “Neftçi”-“Dnepr” matçı da düşür.
...15 oktaybr 1978-ci il 41-ci SSRİ çempionatı artıq finişin astanasındadır. “Neftçi” güclülülər dəstəsində öz yerini qorumaq üçün bu oyundan qalib ayrılmışdır. Vəziyyətin mürəkkəbliyini dərindən dərk edən futbolçularımızın sürətli və kəskin hücumları, həlledici anda qapıya doğru dəqiq zərbələri onları məqsədə çatdırır. Komanda 4:1 hesabı ilə layiqli qələbə qazanaraq birinci dövrədə Dnepropetrovskın “Meteor” stadionunda qeydə alınmış məğlubiyyətin (1:3) əvəzini artıqlaması ilə çıxır.
Moskvada “Spartak”a, Voroşilovqradda (indiki Luqanskda) “Zarya”ya, Bakıda Kiyev dinamoçularına və onların moskvalı həmklublarına qarşı sonrakı dörd oyunda “Neftçi” cəmi bir xalla kifayətlənsə də, “Dnepr”lə görüşdə qələbə, hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, həlledici rol oynayır. Bakılılar yekun cədvəlində sonuncu üç pillədə qalan “Ararat”ı (22 xal), Moskvanın “Lokomativ” komandasını (22) və “Dnepr”i (21) qabaqlayaraq 23 xalla (8 qələbə, 7 heç-heçə, 15 məğlubiyyət) 16 komanda arasında 13-cü yeri tutub “yüksək cəmiyyətdə” öz yerlərini qoruyurlar.
“Neftçi”-“Dnepr” görüşü bizim üçün təkcə əsl qızıla bərabər 2 xalla (indikindən fərqli olaraq, o vaxt qələbənin qiyməti belə idi) yadda qalmayıb. Bu oyun iki futbolçumuz üçün xüsusilə əlamətdar oldu. Unudulmaz Anatoli Banişevski məhz həmin payız axşamı iki dəfə fərqlənməklə SSRİ çempionatında kubok yarışlarında və ölkə yığma komandası heyətində vurduğu qolların sayını 100-ə çatdırıb Qriqori Fedotov adına “bombardirlər” klubuna üzv oldu, gənc futbolçu, gələcəkdə “Neftçi”nin hücum xəttinin lideri kimi böyük şöhrət qazanacaq İskəndər Cavadov isə ölkə çempionatında ilk qoluna sevindi...
Şöhrət demişkən, bir neçə il sonra “Dnepr”lə görüşün hər iki qəhrəmanı Anatoli Andreyeviç də, İskəndər Cavadov da Azərbaycan futbolundakı xidmətlərinə görə Vətənin yüksək mükafatı “Şöhrət” ordeni ilə təltif olunmuşlar.
Bu gün otuz altı il əvvəl Sovet İttifaqı çempionatında oynanılmış görüşü və qazanılmış çox mühüm qələbəni böyük məmnuniyyətlə xatırlayarkən həmin müvəffəqiyyəti təmin etmiş heyəti yada salmaq da yerinə düşər. Komandamız “Dnepr” üzərində qələbəyə bu heyətlə nail olmuşdu: Sergey Kramarenko, Vaqif İbrahimov, Asim Xudiyev, Rəşid Özbəyov, Arif Orucov (31), Valeri Qrepçuk, Anatoli Banişevski (46), Tofiq Abbasov, Səmədağa Şıxlarov, Əbdülqəni Nurməmmədov, İqor Ponomaryov, Səməd Qurbanov, İsgəndər Cavadov. Komandanın baş məşqçisi Gennadi Bondarenko, məşqçiləri Vaqif Abbasov və Ruslan Abdullayev, tərbiyəvi işlər üzrə baş məşqçi isə Gülbala Allahverdiyev idi.
Almatılı hakim Mixail Çerdantsevin idarə etdiyi oyunda hesabı Cavadov açmış, ikinci topu Şıxlarov vurmuş, iki hücumumuzu isə Banişevski dəqiq zərbələrlə başa çatdırmışdı. “Dnepr”in bu dörd qola yalnız Kovalyovun vurduğu bir topla cavab verməyə gücü çatdı.
Budur, bizi paytaxtımızda “Dnepr”lə daha bir görüş gözləyir. Bu dəfə Avroliqanın qrup mərhələsi çərçivəsində. Əlbəttə, 1978-ci il matçı ilə qarşıdakı oyunu müqayisə etmək olmaz. Əvvəla, Dnepropetrovskın həmin komandasından indiki heyətdə, təbii ki, bir oyunçu belə qalmayıb. Bir də ki, “Dnepr” bu dəfə “Nefçi”nin yox, “Qarabağ”ın qonağı olacaq.
Amma məkan həmin məkandır. Ortada isə Avropa Liqası kimi mötəbər yarışın pley-off mərhələsinə vəsiqə durur. Elə buna görə də 6 noyabr axşamında respublika stadionunda böyük bayram əhval-ruhiyyəsi yaşamaq arzusunda olan azarkeşlərin “Qarabağ”ımızı necə böyük coşqu ilə dəstəkləyəcəyini təsəvvür etmək çətin deyil. Görək bu oyun yaddaşlardan nə ilə qalacaq...
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.