“Titan” İdman Klubunun üzvləri cari ilin ötən dövründə silsilə uğurlar qazanıblar

Azərbaycan dövlətinin idman siyasətinin prioritetlərindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Bu istiqamətdə görülən işlər sırasında  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Titan” İdman və Sağlamlıq Mərkəzi də mühüm rola malikdir.

MTN-in ictimai əlaqələr mərkəzindən bildiriblər ki, nazirlikdə əməkdaşların döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, həmçinin fiziki sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə tikilmiş və müasir standartlara cavab verən “Titan” İdman və Sağlamlıq Mərkəzində idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, basketbol, tennis, həndbol üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, trenajor zalları, gimnastika, soyunub-geyinmə  otaqları, duşxanalar və s. vardır. Mərkəzdə təkcə MTN-in əməkdaşları deyil, nazirliyin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin də idmanın istənilən növü ilə məşğul olmalarına hər cür şərait yaradılıb.

Mərkəzdə mütəmadi keçirilən beynəlxalq əhəmiyyətli yarışlarda və respublika çempionatlarında, müxtəlif turnirlərdə MTN-in “Titan” İdman Klubunun üzvləri də iştirak edirlər. MTN-in əməkdaşlarının idmanla məşğul olmalarına xüsusi önəm verilməsi, belə imkanların yaradılması idmançıların adlarının təkcə nazirlikdə deyil, bütün Azərbaycanda fəxrlə çəkilməsinə səbəb olur.

Bu il mayın 6-11-də Yunanıstanın Santarion adasında keçirilmiş kikboksinq üzrə dünya çempionatında “Titan” Klubunun üzvü Q.Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər üzvü M.Səfərov isə mayın 24-25-də Tbilisidə WKF üzrə beynəlxalq turnirdə üçüncü yerin sahibi olub.

İyunun 18-23-də İtaliyanın Sardina şəhərində kunq-fu WASKO üzrə dünya çempionatında A.Axundov ikinci yerdə qərarlaşıb. İyunun 23-29-da Rusiyanın Medin şəhərində hərbçilərin universal döyüş idman növü üzrə Avropa çempionatında isə M.Vəliyev üçüncü olub.

“Titan”ın təmsilçiləri iyulun 11-20-də Brüsseldə güc strukturları arasında keçirilən V Avropa çempionatında ümumilikdə 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Cüdo yarışlarında M.Fərzəliyev birinci, T.Məsimov üçüncü, ciu-citsu döyüş növündə S.Salmanov, T.Məsimov, P.Ağayev ikinci və M.Hacımuradov üçüncü, ciu-citsu ne-vadze növü üzrə isə T.Məsimov və T.Quliyev birinci, M.Fərzəliyev üçüncü yerlərdə qərarlaşıblar.

Bu nailiyyətlər arasında Bakıda keçirilmiş pauerliftinq üzrə Avropa çempionatında yığma komandanın tərkibində MTN-in əməkdaşları İ.Quliyevin “benchpress” növündə gümüş medala layiq görülməsini, A.Hümbətovun “deadlife” və “benchpress” növlərində bürünc medallar qazanmasını, Tbilisidə keçirilmiş karate üzrə beynəlxalq turnirdə karate üzrə milli yığmanın üzvü M.Səfərovun Rusiya və Gürcüstan idmançıları üzərində qələbəsini və xüsusilə sonuncu döyüşdə Ermənistan təmsilçisinə qalib gələrək bürünc medal almasını göstərmək olar.

“Titan” İdman və Sağlamlıq Mərkəzinin idmançıları il ərzində beynəlxalq yarışlardan əlavə, Azərbaycan çempionatlarında da iştirak edib, idmanın müxtəlif növləri üzrə uğurlar qazanıblar.

Fevralın 21-dən 22-dək Bakıda keçirilən yüngül atletika üzrə Azərbaycan çempionatında “Titan” Klubunun üzvü A.Menyayev ikinci, martın 7-9-da sambo üzrə kişilər arasında təşkil olunan respublika çempionatında isə İ.Adıgözəlov üçüncü yerləri tutublar. Bu ilin martında karatenin WKF növü üzrə respublika çempionatında M.Səfərov ikinci olub. Aprelin 25-27-də pauerliftinq üzrə respublika çempionatında isə A.Hümbətov gümüş medal qazanıb.

Bundan başqa, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mayın 6-19-da Qusar Olimpiya İdman Kompleksində idmanın universal döyüş növü üzrə kişilər arasında beynəlxalq turnirdə Əməkdar Məşqçi V.İsgəndərovun rəhbərliyi ilə “Titan” Klubunun üzvləri M.Vəliyev birinci, T.Məmmədov ikinci, Ü.Mərdani və A.Rəsulov isə üçüncü yerləri tutublar.

Mayda Balaxanı Olimpiya Kompleksində keçirilmiş kunq-fu üzrə respublika çempionatında klubun üzvü A.Axundov birinci yerə çıxıb. Mayın 24-25-də Hövsan Olimpiya Kompleksində təşkil edilən üzgüçülük üzrə Bakı şəhər çempionatında “Titan”ın təmsilçisi, Heydər Əliyev adına Akademiyanın kursantı M.Qafarlı birinci olub. İyunda isə A.Menyayev yüngül atletika üzrə Azərbaycan Kuboku yarışlarında və Azərbaycan çempionatında gümüş medallar qazanıb.

A.Hümbətov və İ.Quliyev iyunun 11-17-də Bakıda keçirilmiş pauerliftinq üzrə Avropa çempionatında ikinci və üçüncü yerləri tutaraq ABŞ-da təşkil olunacaq dünya çempionatına lisenziya qazanıblar. Çempionatdakı uğurlarına görə hər iki idmançı “Fəxri diplom” və medallarla təltif olunub.

Bu il avqustun 4-dən 8-dək Naxçıvan Muxtar Respublikasında Ustalar (Veteranlar) arasında ağır atletika üzrə dünya kubokunda “Titan” Klubunun üzvü S.Qeyisov birinci yerə çıxaraq Danimarkada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. S.Qeyisov bu uğuruna görə “Fəxri diplom”la təltif olunub.

MTN-in “Titan” İdman və Sağlamlıq Mərkəzinin təmsilçiləri qazandıqları qələbələrin sayını artırmaq əzmi ilə çalışırlar.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında