Azərbaycan şahmatçılarının böyük müvəffəqiyyəti

Gürcüstanın Batumi şəhərində yenicə finişə çatmış 10,12,14,16 və 18 yaşlı oğlan və qızlar arasında Avropa çempionatı Azərbaycan şahmat məktəbi yetirmələrinin böyük müvəffəqiyyəti ilə əlamətdar olmuşdur. Təmsilçilərimiz qitə birinciliyində 5 medalın – 2 qızıl, 1 gümüş və 2 bürünc mükafatın sevincini yaşamışlar.

Onlar medalların sayına görə yalnız Rusiyadan (4 qızıl, 3 gümüş, 4 bürünc mükafat) geri qalmışlar. Üçüncü nəticəni Gürcüstan (3 gümüş, 1 bürünc mükafat) göstərmişdir.

Azərbaycan şahmatçıları qızların turnirində xüsusilə fərqlənərək 4 medala sahib olmuşlar. Gənclərin Avropa çempionatında ən nüfuzlu yarış hesab edilən 18 yaşlıların turnirində Ülviyyə Fətəliyeva bir görüşdə belə uduzmadan 9 mümkün xaldan 8 xal toplayaraq (7 qələbə, 2 heç-heçə) ölkəmizə qızıl medal qazandırmışdır. Qitə çempionumuz müvafiq surətdə ikinci-üçüncü yerləri tutan gürcüstanlı Nato İmnadzeni 1, rusiyalı Anna Styajkinanı isə 1,5 xal geridə qoymuşdur.

Həmvətənlərimiz Avropa çempionatının daha bir qızıl medalını 10 yaşlılar qrupunda bayram etmişlər. Turniri 7,5 xalla başa vuran Mələk İsmayıl bütün rəqiblərindən yüksək nəticə göstərmişdir.

On iki yaşlıların yarışında 7 xalla ikinci yeri tutan Gövhər Beydullayeva yalnız rusiyalı qalib Yekaterina Qoltsevanı (8 xal)  özündən irəli buraxıb gümüş mükafatçı olmuşdur. Aydan Höcətova isə 16 yaşlı mübarizədə iştirakçılarla çıxışlarını bürünc medalla başa vurmuşdur (7 xal).

Şahmatçılarımıza növbəti medal 14 yaşlı oğlanların mükafatlandırlması mərasimində təqdim olunmuşdur. Bu medalın sahibi Pərviz Qasımov 7 xal toplamışdır. Finişdə onu həmin yaş qrupunda Avropa çempionu Timur Faxrutdinovdan (Rusiya) cəmi yarım xal ayırmışdır.

Avropa çempionatından beş medalla qayıdan həmvətənlərimizin Batumi müvəffəqiyyəti ölkəmizdə şahmatın inkişafına göstərilən daimi dövlət qayğısının daha bir parlaq təzahürüdür.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında