“Qarabağ” Azərbaycan: “Olimpiyski”də tarixi qələbə

UEFA Avropa Liqasında uğurlu çıxışları ilə Azərbaycanı sevindirməkdə davam edən Ağdamın “Qarabağ” komandası Kiyevin “Olimpiyski” stadionunda hazırkı Ukrayna çempionatının lideri – Dnepropetrovskın “Dnepr” klubuna qalib gəlməklə (1:0) avrokuboklarda futbolumuzun tarixində yeni səhifə açmışdır. Ölkə çempionumuz qitəmiqyaslı yarışların qrup mərhələsində Azərbaycan komandalarının qələbələrinin hesabını açmışdır.

Xüsusilə fərəhlidir ki, bu tarixi müvəffəqiyyət səfərdə qeydə alınmışdır. Hər iki rəqib üçün son dərəcə prinsipial görüşdə Qurban Qurbanovun yetirmələri əvvəldən axıradək təmkinli oyunları, sürətli və kəskin əks-hücumları sayəsində layiqli qələbə qazanıb, Avroliqanın pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə öz imkanlarını xeyli yaxşılaşdırdılar.

Hələ birinci hissənin birinci yarısında Muarem Muaremin vurduğu qol da sürətli əks-hücumun bəhrəsi oldu. Sol cinahdan hücum zamanı yarımmüdafiəçimizin “Dnepr”in cərimə meydançasında iki müdafiəçi ilə mübarizədən qalib ayrılaraq topu soyuqqanlıqla Denis Boykonun qoruduğu qapıdan keçirməsi onun yüksək ustalığının sübutu idi.

Ukrayna futbolçularının qalan vaxtlar təxminən yetmiş dəqiqə ərzində cavab topu vurmaq, məğlubiyyətdən xilas olmaq cəhdləri isə Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xəttinin və qapıçımız İbrahim Şehiçin etibarlı və fədakar oyunu nəticəsində heçə endirildi.

“Qarabağ” bütün Azərbaycanın ürəyindən olan qələbə qazanmışdır. Ağdam klubu qrup mərhələsinin birinci dövrəsini turnir cədvəlinin ikinci pilləsində başa vurmuşdur. Birinci mövqedə isə həmin axşam “Sent-Etyen”lə (Fransa) görüşdən qolsuz heç-heçə ilə ayrılan “İnter” (İtaliya) qərar tutur. İtalyanların 7, Ağdam klubunun 4 xalı vardır. Fransa təmsilçisi ikinci dövrəyə 3 xalla başlayacaq, “Dnepr” isə cəmi 1 xala malikdir.

Dördüncü turun oyunları noyabrın 6-da keçiriləcəkdir. Bu turda “Qarabağ” Bakıda “Dnepr”lə görüşəcək, “Sent-Etyen” isə “İnter”i qəbul edəcəkdir. Azərbaycan və Ukaryna klublarının ikinci matçının ölkəmizdə necə böyük maraqla gözlənildiyini təsəvvür etmək çətin deyil.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında