Acizlik nümunəsi

Azərbaycanın milli futbol komandasının 2016-cı il Avropa çempionatının seçmə yarışları çərçivəsində rəqib meydanında Xorvatiya yığması ilə görüşdə olduqca inamsız oyununu, bunun da nəticəsində bəlkə də heç kimin gözləmədiyi ağır məğlubiyyətini (0:6) başqa cür adlandırmaq olmaz.

Erkən qol vurub daha sərbəst oynamaq arzularına artıq 11-ci dəqiqədə çatan xorvatlar tərəfindən sonrakı dəqiqələrdə əsl “top atəşinə” tutulan futbolçularımız sanki meydanda nə edəcəklərini bilmir, müdafiədə bir-birindən kobud səhvlərə yol verir, hücumda isə nadir hallarda rəqib qapısının həndəvərinə yaxınlaşırdılar. Nəticə də oyuna görədir. Hətta  adama elə gəlir ki, Xorvatiya futbolçuları oyunun sonuna yaxın fəallığı azaltmasaydılar, hesab daha böyük ola bilərdi.

Bir sözlə, Berti Foqtsun komandasının ağır sınağa lazımınca hazırlaşmadığı özünü açıq-aydın göstərdi. Elə təsəvvür yaranırdı ki, Azərbaycan futbolçuları Avropa çempionatı matçına ilk dəfə çıxmışlar. Belə uğursuzluğa heç nə – İtaliya ilə oyundan sonra yorğunluq, fiziki cəhətdən zəif hazırlıq, üç gündə iki görüşdə meydana çıxmaq bəhanə ola bilməz. Sadəcə, meydanda yerimək yox, qaçmaq, futbol oynamaq lazımdır. Özü də cəmi 10-15 dəqiqə yox, bütün görüş ərzində...

Azərbaycan komandasının Osiek şəhərində ağır məğlubiyyətə məruz qaldığı axşam “H” qrupunda keçirilmiş digər iki oyunda İtaliya yığması səfərdə Malta futbolçularına qalib gəlmiş – 1:0, Norveç isə Bolqarıstanla matçdan qalib ayrılmışdır – 2:1.

Üç turdan sonra turnir cədvəlinə başçılıq edən Xorvatiya və İtaliyanın hərəyə 9, Norveçin 6, Bolqarıstanın 3 xalı var, Azərbaycan və Malta isə hələlik xal qazanmamışlar.

Qrupda növbəti oyunlar noyabrın 16-da keçiriləcəkdir. Həmin gün Azərbaycan futbolçuları Norveç komandasını, italyanlar xorvatları, Bolqarıstan kollektivi isə Malta yığmasını qəbul edəcək.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında