Soçidə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib

“Bakı Avropa Oyunları-2015”in Əməliyyat Komitəsi XVIII ”Vsya Rossiya-2014” festivalı çərçivəsində birinci Avropa Oyunlarının təqdimat mərasimini keçirib.

Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş festival Soçi şəhərində reallaşdırılır.

Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov görüşü açaraq, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının uğurlu olacağına əminliyini ifadə edib.

Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşərək, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinə müvəffəqiyyətlər arzulayıb.

Rusiyanın tanınmış jurnalisti, “İtoqi” jurnalının siyasi icmalçısı Kirill Privalov deyib: “Bu yaxınlarda Bakıda oldum, bu şəhərin gözəlliyi məni heyran etdi. Əminəm ki, ”Bakı-2015” Avropa Oyunları müsbət mənada yaddaqalan olacaq”.

Festivalın qonaqları - Bolqarıstan Jurnalistlər İttifaqının birinci katibi Snejana Todorova, diplomat Aleksandr Losyukov, “Telefilm” kino şirkətinin baş direktoru Yuri Masyuk və başqaları Bakıdan və bakılılardan danışıblar. Onlar vurğulayıblar ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dostluq və qarşılıqlı etimad şəraitində yaşayırlar.

“Bakı Avropa Oyunları - 2015”in Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki, artıq Fransa, Yunanıstan və başqa ölkələrdə ”Bakı-2015”in təqdimat mərasimləri keçirilib.

Festivalın iştirakçılarına bu sahədə indiyə qədər görülmüş işlər, tikilməkdə olan idman obyektləri, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən iclaslar, həmçinin Azərbaycanın idman uğurları haqqında ətraflı məlumat verilib.

E.Səfərov deyib: “Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək baş tutacaq. Bakıda 2015-ci ildə toplam olaraq 20 idman yarışı keçiriləcək. Avropanın bütün guşələrindən Bakıya 6.000-dən çox idmançı gələcək”.

“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, “Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “Novosti-Azerbaydjan” agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, “Bakinski raboçi” qəzetinin nümayəndəsi İlqar İsmayılov, Oyunların Əməliyyat Komitəsinin təmsilçisi Pirim Pirimov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Krasnodar vilayəti üzrə regional bölməsinin sədri Cəmil Əliyev və başqaları qeyd ediblər ki, Avropa Oyunları idman tarixində yeni səhifə açacaq. Onlar əmin olduqlarını bildiriblər ki, birinci Avropa yarışları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək.

Tədbirdə Bakı haqqında videofilm göstərilib. Görüşün bütün iştirakçılarına “Bakı-2015”in Təşkilat Komitəsi adından xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, jurnalistlərin “Vsya Rossiya” festivalı nüfuzlu KİV-ləri təmsil edən qələm əhlinin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin toplaşdığı peşəkar diskussiya məkanıdır.

 

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Soçi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında