Azərbaycan voleybolçuları dünya çempionatının ikinci mərhələsində

Növbəti rəqiblərimiz İtaliya, Dominikan Respublikası, Xorvatiya və Almaniyadır

Qadınlardan ibarət milli komandamızın voleybolçuları İtaliyada keçirilən dünya çempionatının birinci qrup mərhələsinin finişində Kuba yığmasına 3:1 hesabı ilə qalib gələrək ikinci mərhələyə vəsiqə qazanmaq vəzifəsini yerinə yetirmişlər.

Həmin gün “D” qrupunun son iki oyununda Çin komandası Yaponiya kollektivini məğlubiyyətə uğratmış (3:2), belçikalılar isə Puerto-Riko idmançılarından güclü olmuşlar (3:0). Nəticədə, qrupun ən yaxşı dörd komandası – Çin (14 xal), Yaponiya (11), Belçika (9) və Azərbaycan (7) ikinci mərhələdə çıxışlarını davam etdirmək hüququ qazanmışlar. Qrupda sonuncu iki yerdə qalan  Puerto-Riko (4 xal) və bütün beş görüşdə məğlub olan Kuba isə dünya çempionatı ilə vidalaşmışlar.

Komandamız ikinci mərhələyə 2 xalla başlayacaq. Belə ki, növbəti mərhələdə mübarizəni davam etdirəcək komandalar üçün onların yalnız ikinci mərhələyə keçən digər kollektivlərlə görüşlərdə qazandıqları xallar hesablanır.

Azərbaycan voleybolçuları qrupda yaponlarla oyunda 2 xala sevinmiş, qalan 5 xalı dünya çempionatından kənarda qalan Puerto-Riko və Kuba ilə görüşlərdə qazanmışlar.

Turnir məsafəsinin arxada qalan hissəsində Aleksandr Çervyakovun yetirmələrindən Polina Rəhimova məhsuldar oyunu ilə diqqəti cəlb etmişdir. Əvvəlki görüşlərdə komandamızın əsas zərbə qüvvəsi olmuş bu voleybolçu kubalılarla matçda da fərqlənərək 27 xal qazanmışdır.

İndi yığmamız ikinci qrup mərhələsində İtaliya, Dominikan Respublikası, Xorvatiya və Almaniya komandalarına qarşı oynayacaq. Çempionat sahibləri və dominikanlılarla görüşlər müvafiq surətdə oktyabrın 1-də və 2-də baş tutacaq. Bu oyunlar da Bari şəhərində keçiriləcək. Sonra isə komandamız Triyestə gedərək oktyabrın 4-5-də Xorvatiya və Almaniya kollektivləri ilə “münasibətləri aydınlaşdıracaq”.

Bu rəqiblərin çıxış edəcəkləri “E” qrupuna həmçinin Çin, Yaponiya və Belçika kollektivləri daxildirlər. Komandamız birinci mərhələdə həmin ölkələrin təmsilçiləri ilə görüşdüyü üçün qarşıdakı mərhələdə onlarla oynamayacaq.

“E” qrupu komandaları ikinci mərhələ turnirinə aşağıdakı göstəricələrlə başlayacaqlar-Çin-8, İtaliya-7, Dominikan Respublikası-6, Yaponiya-5, Belçika və Xorvatiya-hərəsi 3, Azərbaycan və Almaniya-hərəsi 2 xal.

İlkin mərhələdə “B” qrupunda oynamış Türkiyə komandası da növbəti mərhələyə vəsiqə qazanmışdır. Qardaş ölkə voleybolçuları Brazilya (14 xal), Serbiya (11 xal) və Bolqarıstandan (9) sonra 8 xalla qrupda dördüncü olmuşlar.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında