Rusiyanın Olimpiya əfsanəsi “Bakı-2015” Avropa Oyunları ilə bağlı əldə olunan irəliləyişləri yüksək qiymətləndirir

Buzüstü xokkey üzrə ikiqat Olimpiya çempionu, Rusiyanın əfsanəvi idmançısı Vyaçeslav Fetisov “Bakı-2015" Avropa Oyunlarının baş ofisinə səfərindən sonra sentyabrın 29-da Oyunlar, paytaxtımızdakı müasir idman obyektləri və hazırlıq işlərinin sürətlə aparılmasını yüksək qiymətləndirib.

“Bakı-2015”-dən AzərTAc-a bildiriblər ki, V.Fetisov deyib: “Bakı-2015” layihəsi və komandası məndə xoş təəssürat oyatdı. Bu gün mən Oyunların möhtəşəm keçəcəyinə əmin oldum. Uğurlu çıxış etmək üçün idmançıların hamısının yaxşı şəraitə ehtiyacları var. Müvəqqəti yaşayış yerlərindən tutmuş təlim komplekslərinə, Oyun obyektlərinə qədər diqqət etsək görə bilərik ki, “Bakı-2015" bütün planlaşdırmalarında idmançıların ehtiyac və rahatlığını üstün tutub. Rusiyalı idmançılardan ibarət komanda 2015-ci ilin iyununda Bakıya gəldikdə burada xoş qarşılanacaqlarına və yarışlarda yüksək nəticə qazanmaq üçün lazım olan mükəmməl şəraitin mövcud olacağına ümid edə bilərlər.”

“Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “V.Fetisovu “Bakı-2015” ilə tanış etmək bizim üçün çox xoş oldu. Rusiyanın sabiq idman naziri olduğunu və 2014-cü ildə müvəffəqiyyətlə keçirilmiş Soçi Qış Olimpiya Oyunlarına cəlb edildiyini nəzərə alsaq, onun gördüyümüz işləri yüksək qiymətləndirməsi sevindirici haldır.

Açılış mərasiminə 260 gündən az müddət qalıb və Oyunlarla bağlı həyəcan şəhərin hər yerində nəzərəçarpacaq şəkildə artmaqdadır. Əminəm ki, “Bakı-2015" Avropa Oyunları həm Azərbaycan, həm də bütün Avropa üçün əsl idman bayramı olacaq”.

Xatırladaq ki, 56 yaşlı V.Fetisov karyerası ərzində ölkəsinin idman komandasının kapitanı və məşqçisi, həmçinin Amerikanın Milli Xokkey Liqasında (NHL) çıxış etmiş ilk avropalı oyunçulardan biri olub. V.Fetisov 2002-2008-ci illərdə Rusiyanın idman naziri olub və 2014-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarının Soçidə keçirilməsində mühüm rol oynayıb. O, eyni zamanda, 1978-1990-cı illərdə yeddi dəfə dünya çempionu olub.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında