Alqışları “Qarabağ” qazandı, heç-heçəyə “Sent-Etyen” sevindi

Azərbaycan çempionu Ağdamın  “Qarabağ” klubu ilk dəfə iştirak etdiyi UEFA Avropa Liqası yarışlarının qrup mərhələsində start görüşündən heç-heçə ilə ayrılsa da (0:0), idman ictimaiyyətimizi, bütün xalqımızı həmişəkindən də fəal, mütəşəkkil və məzmunlu oyunla sevindirdi. Belə oyuna isə heç kim biganə qala bilməz.

Tofiq Bəhramov adına Respublika Stadionunun yeni və gözoxşayan ot örtüklü meydançasında otuz mindən çox azarkeşin əvvəldən axıradək ürəkdən dəstəklədiyi Qurban Qurbanovun yetirmələri bütün oyun ərzində “Sent-Etyen”i hücum etməkdən çox müdafiə olunmağa məcbur edib, bir neçə dəfə Avroliqanın qrup mərhələsinin elə ilk görüşündə qollarının hesabını açmağa çox yaxın oldular. Bütün görüşü yüksək səviyyədə keçirən müdafiəçimiz Maksim Medvedevin hücumlardan birində sağ cinahdan ideal ötürməsindən sonra Reynaldonun təxminən 10-12 metrdən və əlverişli mövqedən topu qapının üstündən vurduğunu biz hələ çox xatırlayacağıq. Braziliyalı hücumçumuzun daha bir epizodda üç müdafiəçini məharətlə aldatdıqdan sonra qonaqların qapıçısının təhlükəni böyük çətinliklə sovuşdurduğu an da unudulmayacaq. Başqa bir hücumda Vüqar Nadirovun güclü zərbəsi azacıq dəqiq olmadı.

Bir sözlə, “Qarabağ”ın nümayiş etdirdiyi fəal futbol fransızlarla matçda çətin sınaqdan şərəflə çıxan ölkə çempionumuzun gələcək uğurlarına inamımızı daha da artırmışdır. Təsadüfi deyil ki, görüşdən sonra “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye də meydan sahiblərinin və onların məşqçisinin ünvanına xoş sözlər söyləyib, qapılarından top buraxmamağı özləri üçün böyük uğur hesab etmişdir.

Qələbəyə layiq olduğumuz oyunda qolsuz heç-heçə ilə kifayətlənsək də, “Qarabağ”ın Avroliqa turnirinin qrup mərhələsində startını uğurlu hesab etmək olar. Komanda elə ilk görüşdə bu mötəbər yarışda xallarının hesabını açmış, başlıcası isə, mükəmməl oyunu ilə təkcə Azərbaycanda deyil, bütün Avropada nüfuzunu daha da artırmışdır.

Həmin axşam Azərbaycan və Fransa klublarının çıxış etdikləri “H” qrupunda digər oyun isə Kiyevin “Olimpiyski” stadionunda “Dnepr” (Ukrayna) və “İnter” (İtaliya) komandaları arasında keçirildi. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan italyanlar birinci turdan sonra qrupun lideri oldular.

İkinci turun oyunları oktyabrın 2-nə təyin edilmişdir. Həmin gün “Qarabağ” Milanda “İnter”in qonağı olacaq, “Sent-Etyen” isə “Dnepr”i qəbul edəcəkdir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında