Xəbər verdiyimiz kimi, sentyabrın 19-da Cenevrədə futbol üzrə “Avro-2020”nin oyunlarını qəbul edəcək şəhərlərin adı açıqlanıb. AzərTAc xəbər verir ki, Avropa çempionatının final mərhələsini qəbul edəcək 13 şəhər arasında Bakı da vardır. Artıq çempionatın oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib.
2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin 4 oyunu UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Bakıda keçiriləcək. Bunlardan biri 1/4 final mərhələsinin, digər 3-ü isə qrup mərhələsinin oyunları olacaq.
Oyunların açılışının 2015-ci ildə nəzərdə tutulan və 68 min 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Bu stadion ilk dəfə Azərbaycanda təşkil olunacaq Avropa Oyunlarının açılış və bağlanış mərasiminə ev sahibliyi edəcək.
Üç qrup oyununa və bir səkkizdəbir final qarşılaşmasına ev sahibliyi edəcək Kopenhagendə oyunlar “Parken” stadionunda keçiriləcək. 1992-ci ildə istifadəyə verilən stadion 38 min azarkeş tutumuna malikdir və bu stadion 2000-ci ildə UEFA Kuboku yarışlarının final mərhələsi çərçivəsində keçirilən “Arsenal” - “Qalatasaray” oyununa ev sahibliyi edib.
“Avro-2020”nin oyunlarını keçirməyə hüquq qazanan digər şəhər Rumıniyanın paytaxtı Buxarestdir. Rumıniya Milli Stadionu 3 qrup oyunu və 1 səkkizdəbir final matçını qəbul edəcəkdir. Möhtəşəm görünüşə sahib arena 2011-ci ildə istifadəyə verilib və 55 min 634 oturacağa malikdir. 2012-ci ildə Avropa Liqası yarışlarının final oyunu məhz bu stadionda təşkil olunub.
Növbəti stadion Hollandiyadakı “Amsterdam Arena”... 1996-cı ildən fəaliyyət göstərən stadion 53 min 52 azarkeş tutumuna malikdir. “Ayaks” klubunun ev oyunlarını keçirdiyi stadion, həmçinin “Avro-2000”nin oyunlarını da qəbul edib.
Dublindəki “AVİVA Stadium” öz qeyri-adi görünüşü ilə diqqəti cəlb edir. İrlandiyada ən böyük idman infrastrukturu olan arena dörd il əvvəl istifadəyə verilib və 51 min 700 azarkeş tutumuna malik stadionda yalnız futbol deyil, həmçinin Amerika futbolu, reqbi yarışları və konsertlər təşkil olunur.
“Avro-2020”nin üç qrup oyununa və bir səkkizdəbir final görüşünə ev sahibliyini İspaniyanın Bilbao şəhəri edəcək. “San Mames” stadionunda keçiriləcək oyunları 53 min 332 futbolsevər izləyə biləcəkdir.
Daha üç qrup və bir səkkizdəbir final mərhələsinin oyunlarına Dunay çayının sahilində yerləşən Macarıstanın ecazkar paytaxtı ev sahibliyi edəcək. Budapeştdə 2015-ci ildə inşasına başlanacaq Frenç Puşkoş adına stadion 67 min 889 tamaşaçı tutumuna malik olacaq və üç il sonra istifadəyə veriləcəkdir.
Belçikanın paytaxtı Brüssel də oyunları yeni inşa edəcəyi stadionda qəbul edəcək. Arenanın azarkeş tutumunun 50-60 min arasında olacağı gözlənilir.
Şotlandiyanın Qlazqo şəhərindəki 52 min 25 azarkeş tutumuna malik tarixi “Hempden Park” stadionu “Avro-2020”nin üç qrup və bir səkkizdəbir final mərhələsinin oyunlarına ev sahibliyi edəcəkdir. 1903-cü ildə inşa olunmuş stadion 1999-cü ildə təmir olunub.
Üç qrup və bir dörddəbir final oyununu qəbul edəcək “Alyanç-Arena”... Münhendə yerləşən və “Bavariya” komandasının ev oyunlarını keçirdiyi stadion 2005-ci ildə istifadəyə verilib. Yetmiş beş min azarkeş tutumuna malik infrastruktur 2006-cı ildə Almaniyada təşkil olunan dünya çempionatında 6 oyuna ev sahibliyi edib.
“Avro-2020”nin oyunlarını qəbul edəcək Sankt-Peterburqda “Zenit-Arena”nın çempionatadək inşası nəzərdə tutulub.
İtaliyanın paytaxtı tarixi Roma şəhəri... Daha üç qrup və bir dörddəbir final oyununa ev sahibliyi edəcək “Stadio Olimpiako” stadionu. 1937-ci ildə istifadəyə verilən və 70 min 634 azarkeş tutumuna malik stadion dünya çempionatının, Çempionlar Liqası və digər mötəbər turnirlərin final oyununa ev sahibliyi edib. Bu stadionda “Roma” və “Latsio” komandaları ev oyunlarını keçirir.
Qitə birincliyinin yarımfinal və final görüşlərini Londondakı əfsanəvi “Uembli” stadionu qəbul edəcəkdir. 90 min azarkeş tutumuna malik stadion bir çox mötəbər yarışlara ev sahibliyi edib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.