Seçilmək üçün növbəti cəhd

Azərbaycan milli komandasının futbolçuları bu gün Avropa çempionatı – 2016-nın seçmə yarışlarında mübarizəyə başlayırlar

Rəqib Bolqarıstan yığmasıdır. “Bakcell Arena”da topa ilk zərbə saat 21-də endiriləcək. Oyunu Alon Yefetin başçılığı ilə israilli hakimlər briqadası idarə edəcək. Azərbaycan və Bolqarıstan futbolçularının daxil olduqları “H” qrupunda bu axşam həmçinin Xorvatiya-Malta və Norveç-İtaliya matçları oynanılacaq.

Beləliklə, qitə birinciliyinin seçmə turnirində növbəti start ərəfəsindəyik. Hər yeni start isə final mərhələsinə aparan yolda növbəti cəhd deməkdir. Əgər ötən illərdəki cəhdlərimiz elə əvvəldən uğurlu sonluğa elə bir ümid yaratmırdısa, indi bədbinlikdən tam uzaq olmalıyıq. Artıq ən yaxşı futbolçularımız ölkənin baş komandasının heyətində dəfələrlə sınaqdan çıxmış, kifayət qədər təcrübə qazanmış və seçmə oyunların kəskin rəqabət ab-havasına öyrəşmişlər. Bu gün millinin əsasını təşkil edən Rəşad Sadıqov, Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov, Ruslan Abışov, Mahir Şükürov, Rauf Əliyev, Maksim Medvedev və onların oyundaşları birgə səylə meydanda çox şey edə bilərlər. Elə baş məşqçimiz Berti Foqts da komanda ilə ilk illər deyil ki, işləyir. O, yığmada oynamağa namizəd olan hər bir futbolçunun ustalıq səviyyəsinə və imkanlarına, komandaya nə dərəcədə kömək etmək bacarığına, əlbəttə ki, yaxşı bələddir.

Bundan əlavə, indiki seçmə turnirini əvvəlkilərdən fərqləndirən bir məqam bir sıra digər komandalarla yanaşı, Azərbaycan futbolçularının da final mərhələsinə vəsiqə qazanmaq imkanlarını artırır. Ötən seçmə yarışlarından fərqli olaraq, bu dəfə qruplarda üçüncü yeri tutan komandalar pley-off görüşlərində məqsədə çatmaq imkanı qazanacaqlar. Deməli, qrupda sonuncu dünya çempionatının iştirakçıları İtaliya və Xorvatiyadan hər hansı birini qabaqlamaq bizə hələ çətin görünsə də, Bolqarısatan, Norveç və Malta ilə üçüncülük uğrunda mübarizə aparmağa gücümüz çatar və bunun üçün bütün kollektiv əlindən gələni əsirgəməməlidir. Komandanın pərəstişkarlarının haqlı olaraq hazırda məhz bu arzu ilə yaşamaları təsadüfi deyil. Braziliyada dünya çempionatında Kosta-Rika möcüzəsi (və ya qəhrəmanlığı) xatirələrdə hələ təzədir. Mərkəzi Amerikanın bu kiçik dövlətinin əzmkar futbolçuları ilkin mərhələdə qrupdakı üç keçmiş dünya çempionatından ikisinin Uruqvay və İtaliya komandalarının “kürəyini yerə vurub” onlara qalib gəlməyin yollarını bütün dünyaya, o cümlədən Azərbaycan yığmasına göstərdilər, sonra bununla da kifayətlənməyib ötən illərin digər dünya çempionu İngiltərə ilə heç-heçə oynadılar, səkkizdəbir finalda isə keçmiş Avropa çempionu Yunanıstan üzərində qələbəni bayram etdilər. Bəs Azərbaycan futbolçuları niyə belə əzmkarlıq göstərməsinlər?!

Yığmamız Bolqarıstanla oyundan sonra seçmə mərhələ proqramının 2014-cü il təqvimində daha üç görüş keçirəcək, oktyabrda İtaliya və Xorvatiyanın qonağı olacaq, noyabrda isə Norveç komandasını qəbul edəcək. Gələn ilə təyin edilmiş qalan altı oyunu necə əhval-ruhiyyə ilə qarşılayacağımız, sonrakı perspektivlərimiz də məhz builki görüşlərin nəticələrindən asılı olacaq.

Seçmə mərhələ oyunları doqquz qrupda keçirilir. Azərbaycanlı futbol pərəstişkarları öz qrupumuzla yanaşı, Türkiyə komandasının daxil olduğu “A” qrupunda da hadisələrin gedişini xüsusi diqqətlə izləyəcəklər. Qardaş ölkə futbolçularının final mərhələsinə vəsiqə uğrunda mübarizədə rəqibləri Hollandiya, Çexiya, Latviya, İslandiya və Qazaxıstan yığmalarıdır. Fatih Terimin yetirmələrinin qrupda finişə ilk iki yerdən birində çatacaqlarını düşünmək üçün hər cür əsas var. Onlar seçmə sınaqlarına bu gün Reykyavikdə İslandiya komandasına qarşı görüşlə başlayacaqlar.

Startərəfəsi qeydlərimizi hər iki komandamızı 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatı final turnirinin iştirakçısı olacaq  rəqiblər sırasında görmək arzusu ilə yekunlaşdırarkən ötən bazar günü digər qruplarda keçirilmiş ilk səkkiz oyunun nəticələrini də diqqətinizə çatdıraq: Macarıstan-Şimali İrlandiya - 1:2, Almaniya -Şotlandiya -2:1, Gürcüstan-İrlandiya-1:2, Cəbəllütariq-Polşa-0:7, Farer adaları-Finlandiya-1:3, Yunanıstan-Rumınıya-0:1, Danimarka -Ermənistan-2:1, Portuqaliya-Albaniya-0:1.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında