Fərqli nəticələr – həyəcan dolu 0:4 və gənclərə ümidi artıran 3:0

Azərbaycan milli komandasının və 21 yaşınadək gənclərdən ibarət yığma kollektivimizin futbolçuları eyni bir axşamda beynəlxalq səviyyəli görüşlərdə meydana çıxdılar.

Nəticələr isə tamam fərqli oldu – artıq astanasında dayandığımız Avropa çempionatı -2016-nın seçmə yarışlarına son hazırlıq görən baş komandamız Moskvada yoldaşlıq görüşündə Rusiya kollektivi qarşısında aciz qaldı (0:4), gənc futbolçularımız isə, əksinə, Avropa çempionatının seçmə matçında israilli rəqiblərinə heç bir ümid yeri qoymadılar (3:0).

Rusiya ilə görüş sentyabrın 9-da qitə birinciliyi seçmə yarışlarının startında Bolqarıstan komandasını qəbul edəcək Azərbaycan futbolçuları üçün çətin sınaq qarşısında qüvvələrə sonuncu baxış idi. Amma, gözlənildiyinin əksinə olaraq, qonaqlar meydan sahiblərinə ciddi müqavimət göstərə bilməyərək, artıq 12-ci dəqiqəyədək Aleksandr Kerjakovun müdafiəçilərimizin inamsız oyunu nəticəsində qapımıza vurduğu iki erkən qoldan sonra açınacaqlı vəziyyətə düşdülər və qalan vaxt ərzində daha iki top buraxıb ağır məğlubiyyətlə barışmalı oldular -0:4.

Görək Berti Foqts və onun oyunçuları yoxlama matçında belə böyük uğursuzluqdan necə nəticə çıxaracaqlar. Müdafiədə kobud səhvlər, orta xətdə oyunun təşkilində heç bir quruculuq işi hiss olunmaması, hücumda qol vurmaq qalsın bir yana, heç qapıya yaxınlaşıb ciddi təhlükə yarada bilməməyimiz narahatlıq doğurmaya bilməz. Yaxşı ki, bütün bunlar yoldaşlıq görüşündə oldu. Kifayət qədər təcrübəli rəqib olub Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq arzusu ilə yaşayan Bolqarıstan komandası ilə rəsmi görüşdə uğurlu nəticə əldə etmək üçün, əlbəttə, bütün doxsan dəqiqə ərzində fəal, mütəşəkkil oyun göstərmək tələb olunur. Futbolçularımızın bunu bacarıb-bacarmaycaqlarını isə oyun göstərəcək.

Milli komandamızın Rusiya paytaxtında ağır məğlubiyyətlə üzləşdiyi axşam gənc futbolçularımız Bakıda 2015-ci il Avropa çempionatının seçmə mərhələ görüşündə pərəstişkarlarını inamlı qələbə ilə sevindirdilər. Bu turnirin birinci dövrəsində səfərdə İsrail komandasına 2:7 hesabı ilə uduzan yığmamız evdə həmin uğursuzluğun əvəzini üç cavabsız qolla çıxdı-3:0. Azərbaycan  komandası Portuqaliya, İsrail, Norveç və Makedoniya kollektivləri ilə rəqabətdə qrupdan final mərhələsinə vəsiqə qazanmaq imkanını itirsə də (finişə bir tur qalşmış ilk iki yeri Portuqaliya və İsrail komandaları tuturlar), İsrail ilə görüşdə qeydə alınmış layiqli qələbə gələcəkdə gənc futbolçularımızın oyununu nikbinliklə gözləməyə əsas verir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında