“Qarabağ”ın zəfər gecəsi

Bu səmimi və əzmkar komanda ilə necə qürur duymayasan!..

Ağdam klubu UEFA Avropa Liqası turnirinin qrup mərhələsində! Azərbaycan çempionu bu tarixi nailiyyətinin ilk sevincini doğma torpaqlardan uzaqlarda, Hollandiyanın Enshed şəhərində yaşadı. “Qarabağ” pley-off mərhələsinin cavab görüşündə “Tvente” və ondan yalnız qələbə, qrup mərhələsinə vəsiqə gözləyən azarkeşlər qarşısında özünü itirməyib ağıllı, təmkinli, əzmkar oyunu ilə məqsədinə çatdı və Avroliqada yoluna davam edəcək.

Baş məşqçimiz Qurban Qurbanov istər öz komandası, istərsə də “Tvente” üçün 2014-cü ilin ən mühüm görüşünə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Bədavi Hüseynov, Muarem Muarem, Riçard Almeyda, Çumbinyo, Vüqar Nadirov və Reynaldodan ibarət heyətlə başlamağı qərara almışdı. Bu futbolçular, eləcə də matçın gedişində oyundaşlarını əvəz edən Danilu Dias, Namiq Yusifov və Admir Teli məşqçinin ümidlərini tam doğruldub Avropa Liqasının qrup mərhələsinin qapısını Azərbaycanın üzünə taybatay açdılar.

Birinci hissənin sonuna yaxın Kastanyosun hollandları hesabda irəli çıxarması da həmişə meydanda səmimi və əzmkar bir komanda kimi görməyə adət etdiyimiz Ağdam klubunun mütəşəkkil oyununa elə bir təsir göstərmədi. Əksinə, ikinci hissənin əvvəllərində futbolçularımızın yüksək səviyyədə, sürətlə həyata keçirdikləri üçgedişli Almeyda - Aqolli - Muarem kombinasiyası qolla nəticələndi və hesab bərabərləşdi - 1:1.

Bir həftə əvvəl Bakıda qeydə alınmış qolsuz heç-heçədən sonra “Qarabağ”a da elə bu lazım idi. Artıq meydanda vəziyyət dəyişmiş və komandamız üçün hər şey yaxşı məcraya yönəlmişdi. Lakin hələ 39 dəqiqə oynamaq, axıradək döyüşmək və qələbəyə bərabər heç-heçəni qoruyub saxlamaq lazım idi. Çempionumuz bunu bacardı, “Tvente” vəziyyəti xilas etməyə, qələbə topu vurmağa nə qədər çalışsa da, Azərbaycan futbolçuları son dəqiqəyədək öz qapılarının təhlükəsizliyini qorudular və italiyalı hakim Paolo Mazzoleninin final işarəsi eşidiləndə bütün Azərbaycanı ürəkdən sevindirdilər.

...2014-cü il avqustun 28-dən 29-na keçən gecə. Bu tarixi, “Qarabağ” üçün zəfər gecəsini unutmayaq. Ağdam klubu qitəmiqyaslı yarışın qrup mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanmış, “Neftçi”nin iki il əvvəl bu turnirdəki müvəffəqiyyətini təkrar etmiş, Bakı komandasından sonra Avroliqanın qrup mərhələsinə vəsiqənin sevincini yaşayan ikinci klubumuz olmuşdur. Bu gün bu uğura sevinərkən Qurban müəllimin və onun yetirmələrinin ən böyük qələbələrinin irəlidə olduğuna da dərin inamımızı ifadə edək. “Qarabağ” Avropanı hələ çox heyrətləndirməyə qadir bir komandadır.

“Neftçi”nin “Partizan” səddini keçə bilməyib qrup mərhələsinin astanasında dayanmasına isə nə qədər təəssüflənsək də, Belqradda da, Bakıda da məğlubiyyətləri (2:3-dən sonra 1:2) komandaya çox da irad tutmayaq. Avropa Liqası yarışlarının qrup mərhələsinə ilk cığıraçanımız olan paytaxt klubu indiki uğursuzluqdan, şübhəsiz, lazımi nəticə çıxaracaq.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında