Qızıl finiş

Azərbaycan idmançıları Çin Xalq Respublikasının Nankin şəhərində yenicə başa çatmış Yeniyetmələrin II Yay Olimpiya Oyunlarından yaxşı əhval-ruhiyyə ilə qayıdırlar. Həmvətənlərimiz Olimpiadada ölkəmizi 12 medal, o cümlədən 5 qızıl mükafatla sevindirmiş, yığmamız ümumkomanda hesabında Çin, Rusiya, ABŞ, Fransa, Yaponiya, Ukrayna, İtaliya, Macarıstan və Braziliyadan sonra fəxri onuncu yeri tutmuşdur. Bu böyük nailiyyət Azərbaycanda  idmanın inkişafına göstərilən daimi qayğı və diqqətin daha bir parlaq təzahürüdür.

Finiş bizim üçün xüsusilə uğurlu olmuş, gənc idmançılarımız yarış meydanlarında çıxışlarının sonuncu günü üç qızıl medal qazanmış, onların rinqdə və güləş xalçası üzərində qələbələri şərəfinə Nankinin idman meydanlarında üç dəfə milli bayrağımız ən yüksəyə ucaldılmışdır.

İstər finala qədər, istərsə də ən yüksək mükafat uğrunda həlledici görüşlərdə bütün rəqiblərindən üstün hazırlıq nümayiş etdirən boksçu Rüfət Hüseynovun (49 kq),  sərbəst üsulla güləşənlər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadənin (100 kq) Olimpiadanın çempionu adını qazanmaları Azərbaycan idmanının hər bir pərəştişkarının ürəyindən olmuşdur. Oyunların sonuncu gününün azərbaycanlı qəhrmanlarının qızıl medalları, həqiqətən, nəyə desən dəyər. Bu, əsl qızıl finişdir!

Hüseynov, Məmmədov və Hacızadədən əvvəl isə daha iki idmançımız taekvondoçu Səid Quliyev (73 kq) və yunan-Roma üsulu ilə güləşən İslambek Dadov (69 kq) Olimpiadanın çempionu adını qazanmaları münasibətilə təbrikləri qəbul etmişdilər.

Altı gümüş və bir bürünc mükafatçımız da hər cür tərifə layiqdir. Onları bir daha xatırlayaq: gümüş medallar cüdoçular Natiq Qurbanlı (55 kq ) və Leyla Əliyevaya (44 kq), taekvondoçu Ceren Özbekə (44 kq), akademik qayıqlarda avarçəkən Boris Yotova, yunan—Roma üsulu ilə güləşən Cabbar Nəcəfova (50 kq) və qadın güləşçi Leyla Qurbanovaya (52 kq), bürünc medal isə yüngül atlet, üç təkanla tullanan Nazim Babayevə təqdim olunmuşdur.

Idmançılarımız Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında  Azərbaycana 12 medal qazandırmaları ilə haqlı olaraq fəxr edə bilərlər. Onların gərgin və məqsədyönlü təlim-məşq poosesi gözəl bəhrə vermiş, ölkəmiz daha bir mötəbər yarış sınaqlarından şərəflə çıxmışdır.

Dörd il əvvəl Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 5 qızıl və 3 gümüş medala sahib olmuşdular. Bu dəfə isə təmsilçilərimiz daha çox-12 mükafatın sevincini yaşadılar. Göründüyü kimi, böyüklərdən ibarət yığma komandalarımıza layiqli ehtiyat qüvvə yetişir. Çində qazanılmış uğurlar Azərbaycan idmançılarının 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək III Olimpiadadan daha çox medalla qayıdacaqlarına möhkəm inam yaradır.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında