Azərbaycan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında medallarının sayını 10-a çatdırdı

Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları artıq finişin astanasındadır.

Yarış məsafəsinin son metrlərində medallar uğrunda mübarizədə fəallığı daha da artıran Azərbaycan idmançıları avqustun 25-də, Olimpiadanın doqquzuncu günü daha üç medal və ya bir dəst mükafat qazanmışlar.

Həmin gün təmsilçilərimizdən ən böyük müvəffəqiyyətə yunan-Roma üsulu ilə güləşən İslambek Dadov (69 kq çəki dərəcəsi) nail olmuşdur. O, fəxri kürsünün zirvəsinə aparan yolda özbəkistanlı və misirli rəqibləri üzərində inamlı qələbələrdən sonra, yarımfinalda Qazaxıstan idmançısı Yevgeni Polivadova da heç bir ümid yeri qoymamış, finalda isə Meyson Menvilə (ABŞ) qalib gəlmiş və Oyunların çempionu adını qazanması münasibətilə Nankindəki nümayəndə heyətimizin üzvlərindən təbrikləri qəbul etmişdir.

Çempionun komanda yoldaşı Cabbar Nəcəfov da (50 kq) qızıl medala çox yaxın olmuşdur. Güləşçimiz ilkin mərhələdə Türkiyə, İran və Moldova nümayəndələrini çətinlik çəkmədən məğlubiyyətə uğradaraq finalda digər qrupun qalibi özbək İlxom Baxromov ilə qarşılaşmışdır. Həlledici görüş gərgin mübarizə şəraitində davam etmiş və hesabda kiçik fərqlə rəqibin xeyrinə başa çatmışdır (6:5). Nəcəfov Azərbaycana gümüş mükafatçı kimi qayıdacaq.

“Klassiklərin” ikiqat müvəffəqiyyətə - qızıl və gümüş medallara sevindikləri gün yığma komandamızın daha bir üzvü yüngül atletika yarışlarında fərqlənmişdir. Nazim Babayev üç təkanla tullanmaqda yaxşı hazırlığı sayəsində öz adını Olimpiadanın mükafatçılarının siyahısına yazdırmağı bacarmışdır. Surinamlı qalibdən və gümüş medalın italiyalı sahibindən sonra üçüncü yeri tutan Babayevin bürünc medalı bu növdə bizim üçün böyük müvəffəqiyyətdir.

İslambekin, Cabbarın və Nazimin ölkəmizə böyük sevinc yaşadan bu uğurlarından sonra Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında medallarımızın sayı 8-ə çatdı. Artıq bildiyiniz kimi, onlardan əvvəl taekvondoçu Səid Quliyev (73 kq) Olimpiadanın çempionu olmuş, cüdoçular Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq), habelə Ceren Özbek (taekvondo, 44 kq) və akademik qayıqlarda avarçəkən Boris Yotov isə gümüş mükafat qazanmışlar.

Kəskin rəqabət şəraitində əldə olunmuş səkkiz medal Azərbaycan komandası üçün son hədd deyil. Hələlik əyarını bilmədiyimiz, amma yadda saxladığımız bir mükafatımız da vardır. Boksçu Rüfət Hüseynov finala çıxmaqla 49 kq çəki dərəcəsində ən azı gümüş medalı özünə təmin etmişdir. Finalda onun rəqibi özbəkistanlı Süleyman Latipov olacaq. Rüfət bu gün keçiriləcək həlledici görüşdə də rinqi qalib kimi tərk etsə, Olimpiadanın çempionu adını qazanacaq və qızıl mükafata sevinəcəyik.

Azərbaycana növbəti, onuncu medalı isə dünən qadın güləşi yarışlarında 52 kq çəki dərəcəsində çıxış edən Leyla Qurbanova qazandırmışdır. Qrup mərhələsində Kanada, Ukrayna və Salvador idmançılarını “aradan götürən” Qurbanova finalda Yaponiya güləşçisinə uduzaraq Olimpiadada çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vurmuşdur.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında