Şriftin ölçüsü:
05.09.2010 06:31 | Oxunma sayı: 569
Prezident İlham Əliyev Azərbaycan idmançılarının Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında böyük müvəffəqiyyətini yüksək qiymətləndirmişdir
Bu artıq xoş bir ənənə halını almışdır. Azərbaycan idmançıları hər dəfə məsul yarışlarda - dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanıb sevimli vətənin şərəfini layiqincə qoruduqda, beynəlxalq dairələrdə onun nüfuzunu daha da artırdıqda, bütün yarış günlərində onların çıxışlarını böyük maraq və xoş bir həyəcanla izləyən on minlərlə həmvətənimizə hədsiz sevinc bəxş etdikdə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev qalibləri qəbul edir, göstərdikləri idman hünərinə görə onları ürəkdən təbrik edir və gələcək yarışlarda yeni-yeni uğurlar arzulayır.
Bu dəfə Prezidentdən təbrikləri qəbul etmək növbəsi hələ çox gənc, cəmi 15-18 yaşlarında olan idmançıların idi. Onlar Sinqapurda yenicə başa çatmış Yeniyetmələrin I Yay Olimpiya Oyunlarından Bakıya şənbə günü qayıtmışdılar, artıq bazar ertəsi isə dövlət başçımızın qəbulunda oldular.
Gənc təmsilçilərimiz Olimpiadaya cəmi 12 nəfərlə getmişdilər. Amma onların çətin olimpiya sınaqlarında göstərdikləri nəticəyə dünyanın hətta ən qüdrətli dövlətləri də həsəd apara bilərlər. Yığmamızın 204 ölkə arasında komanda hesabında 11-ci yeri tutması bir daha inamla təsdiq edir ki, Azərbaycanda idman dövlətin gündəlik qayğısı ilə əhatə olunmuş və idmançıların səmərəli məşqləri, böyük qələbələri üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan idmançılarının yeniyetmələrin elə ilk Olimpiya oyunlarında rekord nəticə göstərərək bütün dünyanı təəccübləndirmələri isə ikiqat fərəhli hadisədir. Bununla əlaqədar Prezident İlham Əliyev görüş zamanı qaliblərə müraciətlə belə demişdir: "Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmısınız. Siz birinci oyunlarda qələbələr qazanmısınız. Komandamız oyunlarda cəmi 12 idmançı ilə iştirak edirdi. On iki idmançıdan səkkizi medal qazanmışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. Mən sizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də, artıq böyüklər arasında keçiriləcək Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz".
Ən mötəbər yarışlarda qazanılan ardıcıl qələbələr Azərbaycanda idmanın əsl inkişaf yolunda olduğunu göstərir. Bu uğurlar bütün idman təşkilatlarımızın birgə səylə həyata keçirdikləri məqsədyönlü işin bəhrəsidir. Dövlət də öz növbəsində idmançıların qələbələrini, məşqçi və mütəxəssislərin gərgin əməyini, bir qayda olaraq, layiqincə qiymətləndirir. Sinqapurdan medallarla qayıtmış idmançı və məşqçilərimizin yüksək mükafatlara layiq görüldüyünü siz artıq bilirsiniz. Dövlətin belə qayğı və diqqəti isə idmançıları öz ustalıqlarını daha da artırmağa, xalqımızı yeni-yeni qələbələrlə sevindirməyə ruhlandırır.
Prezidentin qəbulunda olarkən olimpiya çempionu ağırlıqqaldıran Nicat Rəhimov və yunan-Roma güləşi üzrə məşqçi İlqar Abdulov da öz çıxışlarında Sinqapurda əldə olunmuş müvəffəqiyyətin ölkədə idmanın inkişafına göstərilən böyük qayğı və daimi diqqət sayəsində mümkün olduğunu xüsusi vurğulayıb bildirmişlər ki, belə qayğıya cavab olaraq yeni-yeni qələbələr qazanmağa çalışacaqlar. Həqiqətən Azərbaycan idmanının beynəlxalq nüfuzunu daha da artırmaq üçün dövlətin qayğısına layiqli qələbələrlə cavab vermək böyük şərəfdir.
İnsan hər hansı bir tapşırığı yerinə yetirdikdə, xüsusən də həlli çətin işin öhdəsindən gəldikdə təbii ki, qanuni iftixar hissi keçirir. Axı o, qarşıda duran vəzifəni yüksək səviyyədə həyata keçirməklə ümumi işimizə öz layiqli töhfəsini vermiş olur. Bu mənada bizim olimpiya qəhrəmanlarımız da öz idman hünərləri ilə haqlı olaraq fəxr edə bilərlər.
Beləliklə, Azərbaycan ilk dəfə keçirilən və buna görə də ümumdünya idman tarixində xüsusi yer tutacaq Yeniyetmələrin Olimpiya Oyunlarında idmanımızın pərəstişkarlarının arzuladıqlarından da yaxşı təmsil olunmuş və vətənin sərvəti olan medal xəzinəmiz 8 olimpiya mükafatı - 5 qızıl və 3 gümüş medalla daha da zənginləşmişdir. Ölkəmiz belə böyük uğura bir də ona görə şaddır ki, bütün medallar çox nüfuzlu idman növlərində qazanılmışdır. Əgər güləş və boksda böyüklərin Olimpiya oyunlarında fəxri kürsüyə yüksəlmiş çempionlarımız və mükafatçılarımız var idisə, buna qədər olimpiadalarda elə bir yüksək nəticə göstərə bilmədiyimiz ağırlıqqaldırmada da artıq yeniyetmələr arasında olimpiya çempionumuzla qürur duya bilərik. Nicat Rəhimovun və onun güləşçi, boksçu dostlarının Sinqapur uğurları gündən-günə yaxınlaşmaqda olan London Olimpiadası qarşısında çox yaxşı əlamətdir.
Ən güclü idmançılarımızın 2012-ci ildə İngiltərə paytaxtında uğurla çıxış edəcəkləri, olimpiya meydanlarından daha "bol məhsul" götürəcəkləri heç kimdə şübhə doğurmur. Xüsusən də ona görə ki, Londonda startlar müstəqil Azərbaycan olimpiyaçıları üçün sayca beşinci yay Olimpiadası olacaq. 1996-cı ildə Atlantada (ABŞ) olimpiya medallarımızın hesabını açan, bundan dörd il sonra Sidneydə (Avstraliya), 2004-cü ildə müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada və nəhayət, Pekin - 2008-də üst-üstə daha 15 medal qazanan həmvətənlərimiz London Olimpiadasını da tam hazırlıqla qarşılamaq, Azərbaycanın ad-sanına layiq nəticələr göstərmək üçün qüvvə və bacarıqlarını əsirgəmədən gərgin hazırlıq prosesi keçirlər. Dövlətin yaratdığı ideal şəraitdə, hər cür avadanlıqla təchiz edilmiş müasir olimpiya komplekslərində məqsədyönlü məşğələlərin öz bəhrəsini verəcəyinə ölkəmizdə inam böyükdür. Çünki Azərbaycanda idman böyük sürətlə inkişaf edir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.