Cavab görüşlərini gözləyək...

 

 

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra istər “Qarabağ”ın “Tvente” (Hollandiya) ilə, istərsə də “Neftçi”nin “Partizan”la (Serbiya) mübarizəsində rəqiblərin qrup turnirinə vəsiqə qazanmaq imkanları, demək olar, bərabərdir.

Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda “Tvente”nin müqavimətini qırmaq üçün çox çalışsa da, oyunun sonunadək böyük qüvvə ilə müdafiə olunan hollandların qapısına heç cür yol tapa bilməyib, qolsuz heç-heçə ilə kifayətlənməli oldu. Hərçənd, hesabı açmaq üçün qonaqların qapısı ağzında bir neçə təhlükəli vəziyyət yaradıldı. Xüsusən də Vüqar Nadirov və Cavid Tağıyev müvəffəqiyyətə çox yaxın oldular.

İndi “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqəni beş gündən sonra Hollandiyanın Enshed şəhərində qazanmağa çalışacaq. Nə qədər çətin olsa da, Qurban Qurbanovun yetirmələrinin bu vəzifəni yerinə yetirməyə gücləri çatar. Komanda Bakıda qol vurmasa da, öz qapısından da top  buraxmayıb. Bu isə o deməkdir ki, rəqib meydanında 0:0-dan başqa hər hansı hesabla heç-heçə Avroliqanın qrup mərhələsinə Azərbaycan çempionunu çıxaracaq. Ona görə də cavab görüşünü böyük ümidlə gözləyək. Bir də ki, Ağdam klubunun əzmkar, qarşısında duran məqsəd uğrunda axıradək mübarizə aparmağı bacaran komanda olduğu heç kimə sirr deyil.

Bakı matçından fərqli olaraq, Belqradın “Partizan” stadionunda Serbiya paytaxtının eyniadlı klubu ilə “Neftçi”nin görüşü qollarla zəngin oldu. Birinci hissənin birinci yarısı hələ başa çatmamış “Neftçi”nin braziliyalı müdafiəçisi Denis Silva “Partizan”ı iki dəfə oyuna mərkəzdən başlamağa məcbur etdi. Ancaq hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, görüşün əvvəlində qazanılan belə böyük üstünlük nəinki qələbə, hətta heç-heçə üçün də kifayət etmədi və oyun 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatdı. Bu da futbolda nadir hadisədir ki, belqradlılara sevinc gətirən üç topdan ikisini qonaqlar (Silva və Elvin Yunuszadə) öz qapılarına vurdular.

Buna baxmayaraq, “Neftçi”nin səfərdə vurduğu toplar paytaxtımızda cavab görüşündən sonra iki oyunun yekununda həlledici rol oynaya bilər. İndi başlıcası budur ki, futbolçularımız avqustun 28-də öz tamaşaçıları qarşısında keçirəcəkləri cavab görüşündə hücumda yüksək fəallıq nümayiş etdirməklə yanaşı, müdafiədə də etibarlı oynayıb, Belqradda yol verdikləri səhvləri Bakıda təkrar etməsinlər.  

Boksçular Olimpiada rinqində çıxışlarına başlayırlar

Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında boksçuların turniri start ərəfəsindədir. Olimpiada rinqində bu gün başlanacaq yarışda üç idmançımız Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) Azərbaycana medal qazandırmağa çalışacaqlar.

Elə güləşçilər də bu günlər Olimpiya sınaqlarına son hazırlıq görürlər. Bu növdə komandamızın heyətinə beş nəfər-sərbəst güləşənlər Teymur Məmmədov (63 kq), İqbal Hacızadə (100 kq), yunan-Roma üsulu ilə güləşənlər Cabbar Nəcəfov (50 kq), İslambek Dadov (69 kq) və qadın güləşçi Leyla Qurbanova (52 kq) daxildir.

Xatırladaq ki, Nankin Olimpiadasında Azərbaycan hələlik beş medal-1 qızıl və 4 gümüş mükafat qazanmışdır. Taekvondoçu Səid Quliyev (73 kq) Oyunların çempionu olmuş, bu növdə digər təmsilçimiz Ceren Özbek (44 kq), habelə cüdoçular Natiq Qurbanlı (55 kq), Leyla Əliyeva (44 kq) və akademik qayıqlarda avarçəkən Boris Yotov fəxri kürsünün ikinci pilləsinə yüksəlmişlər.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında