Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarına üç gümüş medalla başladı

 

 

Ötən şənbə günü Çin Xalq Respublikasının Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuş, ertəsi gün isə 204 ölkənin 3700-dək təmsilçisi Olimpiadanın medalları uğrunda mübarizəyə başlamışdır.

Oyunların startı Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. Həmvətənlərimiz yarışların elə birinci günü inamla mübarizə apararaq üç dəfə fəxri kürsüdə təbrikləri qəbul etmişlər. Onların əzmkarlığa və yüksək hazırlıq səviyyəsinə görə mükafatları üç gümüş medal olmuşdur.

Ölkəmizə medallardan ikisini cüdoçular qazandırmışlar. Natiq Qurbanlı və Leyla Əliyeva müvafiq surətdə 55 və 44 kq çəki dərəcələrində  yalnız finalda uduzub ikinci yeri tutmuşlar. Qurbanlı yarımfinalda belçikalı rəqibindən üstün ustalıq nümayiş etdirmiş, finalda Qazaxıstan cüdoçusuna uduzmuşdur. Əliyeva isə dörddəbir finalda Qazaxıstan təmsilçisi ilə görüşdən qalib ayrılmış, yarımfinalda Rusiya nümayəndəsi üzərində qələbə qazanmış, finalda Türkiyə cüdoçusuna məğlub olmuşdur.

Nəticədə Azərbaycan cüdo məktəbinin hər iki yetirməsi tatami üzərində çıxışını gümüş medalla başa vurmuşdur.

Həmin gün daha bir təmsilçimizə gümüş mükafat taekvondoçu qızların turnirində təqdim olunmuşdur. Ceren Özbek (44 kq) dörddəbir finalda Meksika təmsilçisini, yarımfinalda britaniyalı rəqibini məğlubiyyətə uğratmış və yalnız qızıl medalın bir addımlığında Tailand idmançısına uduzmuşdur.

Buna baxmayaraq, Olimpiya oyunlarının elə startında mükafatlarımızın hesabını açmış üç gümüş medal böyük müvəffəqiyyətdir. İndi onların sayını artırmaq növbəsi digər idmançılarımızındır.

Xatırladaq ki, Nankin şəhərinin idman meydanlarında Azərbaycan 19 nəfərlə təmsil olunur. Yığma komandamızın heyətinə yuxarıda adlarını çəkdiyimiz 3 idmançı ilə yanaşı, daha üç taekvondoçu, habelə beş güləşçi, üç boksçu, üç yüngül atlet, bir üzgüçü və bir nəfər avarçəkən daxildir. Onların hamısı Olimpiada startlarına səylə hazırlaşmış, gərgin və səmərəli təlim-məşq prosesi keçmişdir. Deməli, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında uğurlarımızın daha da inkişaf etdiriləcəyini gözləyənlər haqlıdırlar.

Dünən taekvondoçuların yarışları davam etdirilmişdir. Nankində yeniyetmələrin Olimpiadasına avqustun 28-də yekun vurulacaqdır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında