Azərbaycan paytaxtında birinci Avropa Oyunları ilə
qitəmizin idman hərəkatında yeni səhifə açılacaq
Gələn il iyunun 12-də starta çıxıb həmin ayın 28-də finişə çatacaq birinci Avropa Oyunlarına 300 gün qalmış cəsarətlə deyə bilərik ki, bu yarışlardan sonra Azərbaycanın bir idman ölkəsi kimi nüfuzu hətta qitəmizin sərhədlərini də aşaraq bütün dünyada ikiqat artacaqdır. Respublikamız ilk Avropa Oyunlarının təşkili hüququnu qazanmaqla çox böyük uğura imza atmışdır və bu yüksək etimada heç bir ölkə biganə qala bilməz. Azərbyacan yarışların bütün beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha bütün dünyaya bəyan edəcək ki, onun imkalarına inananlar tamamilə haqlıdırlar.
Bununla əlaqədar 2013-cü il fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın öz çıxışında söylədiyi bir fikri qeyd etmək kifayətdir:
“2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. I Avropa Oyunalarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Reginonun lider dövlətinə çevrilən Azərbaycanın surətli inkişafı, dünya birliyində tutduğu mövqe, ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkləmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcəkdir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.”
Bu fikrin ən yüksək səviyyədə təsdiqi kimi Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkenin ötən il oktayabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında dediklərini xatırlatmaq yerinə düşər:—Burada güclü və peşəkarlardan təşkil olunmuş komanda çalışır. Dövlətin idmana göstərdiyi qayğı isə bizi daha çox sevindirir. Azərbayacan Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir.
Yuxarıda diqqətinizə çatdırıldığı kimi, gizli səsvermədə iştirak etmiş 48 ölkədən 38-i birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin lehinə, 8-ci əleyhinə səs vermiş, 2 ölkə isə bitərəf qalmışdır. Əlbəttə ki, bu çox yüksək göstərici, Azərbaycan paytaxtına göstərilən böyük etimaddır. Səsvermədə Bakının namizədliyinə tərəfdar çıxmış 38 milli olimpiya komitəsinin rəhbərləri və üzvləri, şübhəsiz, ayrı-ayrı vaxtlarda şəhərimizdə keçirilmiş idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, Olimpiya təsnifat turnirlərinin, “Qran-Pri”lərin və “Qızıl dəbilqə”lərin, digər mötəbər beynəlxalq yarışların yüksək səviyyədə təşkilindən, burada onlara göstərilən qonaqpərvərlikdən böyük zövq almışlar və öz seçimlərində bu amilləri üstün tutmuşlar.
Bakıda Avropa Oyunlarından sonra isə beynəlxalq idman dairələrinin Azərbaycanda idmana dövlətin böyük qayğısı barədə təsəvvürləri daha da genişlənəcəkdir. Əgər onlar buna qədər paytaxtımızdakı idman bazalarından Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sarayı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və bəzi başqa qurğularla tanış idilərsə, on aydan sonra Bakının qonaqları artıq gimnastlarla yanaşı, yeniyetmələr arasında taekvondo üzrə dünya çempionatı iştirakçılarının da sınaqdan çıxardıqları Bakı Gimnastika Arenasına, bu günlər inşası tam surətlə davam etdirilən əzəmətli Olimpiya Stadionunun, Su İdmanı Növləri Sarayının, Atıcılıq Mərkəzinin, eləcə də yenidən qurulan, bir vaxtlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan, indi isə onun adını daşıyan İdman-Konsert Kompleksinin gözəlliyinə heyran qalacaq və təbii ki, Azərbaycan, Bakı haqqında gələcək təəssüratlarında onlara geniş yer ayıracaqlar. Başqa cür ola da bilməz, inkişaf, tərəqqi, həyata keçirilən böyük işlər, əldə olunan uğurlar həmişə hər yerdə rəğbətlə qarşılanır.
Elə ölkələri, şəhərləri bütün dünyaya tanıdan, məşhurlaşdıran da onların yüksək səviyyədə gördükləri işlər, təşkilatçısı olduqarı mötəbər tədbirlərdir. Bu il avqustun əvvəlinədək Norveçin Tromsö şəhəri haqqında məlumatımız o qədər də çox deyildi, bu şəhər az-çox futbol həvəskarlarına tanış idi, “Tromsö” klubunun UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakını bilirdik. İndi isə Tromsö şahmatın sayəsində daha çox tanınmışdır. Avqustun 2-də orada starta çıxıb iki gün əvvəl başa çatmış 41-ci Ümumdünya Şahmat Olimpiadası sayəsində Tromsö düz iki həftə ərzində idman aləminin, o cümlədən azərbaycanlı idman həvəskarlarının diqqət mərkəzində olmuşdur. Deməli, Olimpiadanın təşkilinə çəkilən zəhmət, xərc hədər getməmişdir. Növbəti, 42-ci Olimpiadanın təşkili hüququnun 2016-cı ildə Bakıya həvalə olunması isə idmanımızın daha bir növbəti qələbəsidir.
“Bakı 2015"də on altı gün ərzində bir şəhərdə idmanın 19 növü üzrə yarışlar keçirilməsi və bu turnirlərdə 49 ölkənin 6 mindən çox təmsilçisinin qitəmizin ən ali idman məclisinin medalları uğunda mübarizə aparması tarixi bir hadisəyə çevriləcək. Bu, o deməkdir ki, iki həftədən də bir qədər çox vaxt ərzində bakılı idman həvəskaları və şəhərimizin qonaqları hər gün bir neçə yarışın-oxatanların, su idmanı növləri nümayəndələrinin, atletika, basketbol, boks ustalarının, kanoelərdə avarçəkənlərin, velosipedçilərin, taekvondoçuların mübarizəsini, güləş, voleybol və daha bir neçə növ üzrə turnirlərin gedişini izləmək, onların iştirakçılarının medallar uğrunda maraqlı və gərgin rəqabətinin həyəcanını yaşamaq imkanı qazanacaqlar. Mingəçevirdəki “Kür” Təlim-İdman Mərkəzində keçiriləcək kanoelərdə avarçəkmə yarışlarından başqa bütün növlər üzrə turnirlərin təkcə bir şəhərdə Bakıda təşkili Azərbaycan paytaxtının çox mötəbər bir idman bayramını ən yüksək səviyyədə keçirmək imkanlarına ciddi baxışa çevriləcəkdir. Avropa Oyunları proqramına daxil olan növlərdən doqquzunda 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziyaların oynanılması isə xüsusilə diqqət mərkəzində olacaq.
Olimpiya Oyunlarından söz düşmüşkən, Bakı artıq yay Olimpiadasını keçirmək üçün təşəbbüs göstəmişdir. Lakin elə ilk cəhdlərdə bu arzunu reallaşdrmaq hələ heç bir şəhərə müyəssər olmayıb. Bu səbəbdən də Azərbaycan paytaxtının ilk cəhdlərini “döyüş qarşısında kəşfiyyat” kimi də qiymətləndirmək olar. Bakı öz təşəbbüsü ilə bütün dünyaya bəyan etmişdir ki, hətta Olimpiya Oyunları kimi ən böyük yarışalrın təşklatçısı və paytaxtı olmaq üçün hər cür imkan və bacarığa malikdir.
Deməli, bu qənaətə gələ bilərik ki, yaxın gələcəkdə dünya idmançılarının ən ali məclisinin təşkilatçısı olmaq üçün namizədliklərini irəli sürəcək şəhərlərin rəqabətində Azərbaycan paytaxtı öz uğruna daha çox ümid edəcək. Belə düşünməyə Bakıda Avropa Oyunlarının ən yüksək səviyyədə təşkilinə böyük ümidlərimiz əsas verir. Oyunların unudulmaz bayrama çevrilməsi Bakının imkanlarını qiymətləndirəcək insanların, xüsusən də Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin ölkəmizə maraq və inamını daha da artıracaq.
Ən qabaqcıl təcrübədən istifadə olunmaqla inşa edilən və təkcə Azərbaycan və Avropanın deyil, dünyanın nadir idman qurğularından birinə çevriləcək Bakı Olimpiya Stadionunda Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, Milli Gimnastika Arenasında gimnastların yarışı, hələ “Eurovision-2012” mahnı müsabiqəsi günlərində öz gözəlliyi ilə qəlbləri riqqətə gətirmiş “Krystall Hall”da voleybol, Heydər Əliyev adına İdman-Konsert Kompleksində cüdo, güləş turnirləri və digər idman bazalarında startlar çoxlu tamaşaçı auditoriyası toplayacaq və bütün Avropa Azərbaycanın imkanları və getdikcə daha da artan nüfuzu, qüdrəti, onun idman işlərinin təşkilində nümunəvi bir ölkə olması haqqında məlumatlarını daha da artırmaq imkanı qazanacaq.
Qitəmizin idman həyatında yeni bir bir səhifə açacaq və əhəmiyyətinə görə tayı-bərabəri olmayacaq birinci Avropa Oyunlarına 300 gün qalır. Ötən hər gün bizi “Bakı 2015”ə- bütün Avropa üçün tarixi bir hadisəyə yaxınlaşdırır.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.