Rumıniya ilə heç-heçə, Braziliya üzərində qələbə

 

 

Avqustun 2-dən Norveçin Tromsö şəhərində keçirilən 41-ci Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turunda Azərbaycanın kişilərdən ibarət komandası Rumıniya yığması ilə heç-heçə oynamış-2:2, qadın şahmatçılarımız isə braziliyalı rəqibləri üzərində böyük hesabla qələbə qazanmışlar-3,5:0,5.

Rumınlarla matçda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov bütün dörd taxtada müvafiq surətdə Konstantin Lupulesku, Mirça-Emilyan Parliqras, Vlad-Kristian Janu və Vladislav Nevedniçi ilə “dinc” nəticəyə razılaşmışlar. Braziliya ilə görüşdə isə Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Türkan Məmmədyarova qələbə qazanmışlar, Gülnar Məmmədova heç-heçə oynamışdır.

Kişilərin turnirində Azərbaycan-Rumıniya görüşündəki kimi, Çin-Ukrayna, Norveç-Türkiyə, ABŞ-Almaniya, Ermənistan-Serbiya matçlarında da komandalardan heç biri digərinin müqavimətini qıra bilməmişdir. Daha bir neçə görüşdə çexlər fransızlara uduzmuş (1,5: 2,5), bolqarlar kubalılar üzərində qələbə qazanmış (2,5: 1,5), İsrail komandası Macarıstan şahmatçılarına məğlub olmuş (1:3), rusiyalı qrossmeysterlər Norveçin ikinci heyətinə qalib gəlmişlər (2,5:1,5).

Doqquz turdan sonra turnir cədvəlinə başçılıq edən Çin və Fransanın 15 xalı vardır. Azərbaycan, Ukrayna, Bolqarıstan, Macarıstan və Rumıniya liderlərdən bir xal geri qalırlar.

Dünən keçirilən 10-cu turda azərbaycanlı qrossmeysterlər Ukrayna komandası (Vasili İvançuk, Ruslan Ponomaryov, Pavel Elyanov, Aleksnadr Moiseyenko) ilə görüşmüşlər.

Qadın şahmatçıların yarışında Azərbaycan komandasının Braziliya üzərində qələbəsi həmvətənlərimizə öz xal ehtiyatlarını 12-yə çatdırmaq,  turnir vəziyyətlərini xeyli yaxşılaşdırmaq, birdən-birə 12 pillə irəliləyib 31-ci yerdən 19-cu mövqeyə yüksəlmək imkanı vermişdir. Bu turnirdə liderlər üçlüyünü Rusiya (18 xal), Çin (16) və Ukrayna (15) təşkil edir. Dünən bizim qızlar sonuncudan əvvəlki, onuncu turda Norveç komandasına qarşı oynamışlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında