“Neftçi” sözünün üstündə durdu

 

 

 

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Bakıda Gürcüstanın “Çixura” komandasının müqavimətini qıra bilməyib qolsuz heç-heçə ilə kifayətlənən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və ayrı-ayrı futbolçular həmin görüşdən sonra ölkə mətbuatına müsahibələrində “doğma divarlar” arasında görə bilmədikləri işin öhdəsindən rəqib meydanında gələcəklərini bildirmişdilər. Teleekran qarşısında şahidi olduğumuz kimi, onlar Tbilisidəki “Mixail Mesxi” stadionunda vədlərinə layiqincə əməl etdilər – 3:2.

Səfərdə özlərini evdəkindən də yaxşı hiss edən bakılılar macarıstanlı hakim Tamaş Boqnarın start işarəsindən dərhal sonra hücuma atılıb təşəbbüsə yiyələndilər və artıq 16-cı dəqiqədə oyundaşları Ernest Nforu hesabı açması münasibətilə təbrik etdilər. Oyunun qəhrəmanı da elə komandamızın kamerunlu hücumçusu oldu. Tezliklə Nfor Julius Vobay və Araz Abdullayevin gözəl ötürmələrindən sonra daha iki dəfə fərqlənib het-trik etdi. “Çixura” futbolçularının isə gücü yalnız “Neftçinin vurduğu üç topa iki qolla cavab verməyə çatdı. Lakin bu qollar onlar üçün zəif təsəllidən başqa bir şey deyildi.

Bakıda 0:0-dan sonra Gürcüstan paytaxtında qollarla zəngin oyunda qələbə Avroliqanın pley-off mərhələsinin qapısını Azərbaycan futbolçularının üzünə taybatay açmışdır. Buradan isə qrup mərhələsinə cəmi bir addım qalır. Artıq bir dəfə qrupda oynamağın sevincini yaşamış, burada “İnter” (İtaliya), “Partizan” (Serbiya) və “Rubin” (Rusiya) kimi məşhur komandalara rəqib olmuş “Neftçi” bu müvəffəqiyyəti təkrar etməyə çox yaxındır.

Bakı klubunun ikinci təsnifat mərhələsində öz azarkeşləri qarşısında “Koper”ə uduzduqdan sonra (1:2) Sloveniyada həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxdığını da (2:0) yada saldıqda əmin olursan ki, “Neftçi”futbolçuları möhkəm iradələri və əzmkarlıqları sayəsində daha çətin son sınaqdan da şərəflə çıxa bilərlər.

Elə “Qarabağ” da Avroliqanın qrup mərhələsinin astanasındadır. Ağdam klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda Avstriyanın güclü “Zalsburq” komandası ilə görüşdə qazandığı üstünlüyü (2:1)  Zalsburqda cavbab matçında qoruyub saxlaya bilməsə də (0:2),kollektivin baş məşqçısı Qurban Qurbanov və onun yetirmələri bunun əvəzini Avroliqada çıxmaq əzmindədirlər. “Qarabağ”ın pərəstişkarları, ölkəmizin bütün futbol ictimaiyyəti Azərbaycan çempionuna inanır və onu qrup mərhələsində görmək arzusu ilə yaşayır. Bu ümidi müxtəlif illərdə qitə miqyaslı yarışlarda Ağdam klubunun bir sıra güclü komandalarla görüşlərdə göstərdiyi inamlı oyun yaradır.

Dünən UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilmiş püşkatma mərasimində Azərbaycan təmsilçilərinin pley-off mərhələsində rəqibləri məlum olmuşdur. “Neftçi” Serbiyanın “Partizan”, “Qarabağ” isə Hollandiyanın “Tvente” klubları ilə görüşəcəklər. Oyunlar avqustun 21-də və 28-də keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında