Ələkbər Əmir oğlu Məmmədov

Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor Ələkbər Əmir oğlu Məmmədov ömrünün 85-ci ilində vəfat etmişdir.

Ələkbər Məmmədov 1930-cu il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Ələkbər Məmmədov 1948-1953-cü illərdə Bakının “Neftçi”, 1954-1959-cu illərdə Moskvanın “Dinamo” və 1960-1962-ci illərdə yenidən Bakının “Neftçi” komandalarının tərkibində parlaq oyunları ilə məşhur futbolçu kimi tanınmışdır. O, 1958-ci ildə futbol üzrə ilk Avropa kuboku uğrunda seçmə yarışlarda SSRİ yığma komandasının heyətində çıxış etmiş, dünyanın iyirmidən artıq ölkəsinin stadionlarında əfsanəvi oyun nümayiş etdirərək futbolumuzun şərəfini yüksəklərə qaldırmış və Azərbaycan futbol məktəbini layiqincə təmsil etmişdir.

Ələkbər Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə “Neftçi” komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq təqdirəlayiq fəaliyyət göstərmiş, respublikamızda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.

İdman sahəsindəki səmərəli fəaliyyətini pedaqoji işlə uğurlu şəkildə əlaqələndirən Ələkbər Məmmədov uzun illər ərzində respublikanın müxtəlif ali məktəblərində çalışmış, sağlam ruhlu yeni nəslin yetişdirilməsinə töhfələr vermişdir.

Azərbaycan futbol tarixinə silinməz səhifələr yazmış Ələkbər Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunmuşdur. Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşmışdır. Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur hissi ilə doldurmuşdur.

Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlər göstərmişdir. Bütün həyatını futbola həsr etmiş mahir idmançı ömrünün sonunadək ona sadiq qalmış, öz fədakarlığı və peşəkarlığı sayəsində idman həvəskarlarının dərin rəğbətini qazanmışdır.

Ələkbər Məmmədovun Azərbaycanda idmanın, xüsusilə futbolun inkişafında və gənc nəslin təlim-tərbiyəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlar, orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Görkəmli idman xadimi, əfsanəvi futbolçu, mahir pedaqoq və səmimi insan Ələkbər Əmir oğlu Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham ƏLİYEV,

Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,

Ramiz MEHDİYEV, Mehriban ƏLİYEVA,

Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ,

Azad RƏHİMOV, Mikayıl CABBAROV,

Rövnəq ABDULLAYEV, Ağacan ABİYEV,

Siyavuş QARAYEV, Çingiz HÜSEYNZADƏ,

Xəzər İSAYEV, Rauf ƏLİYEV, Elşad NƏSİROV,

Yuri KUZNETSOV, Kazbek TUAYEV,

Valeri HACIYEV, Mübariz ZEYNALOV, Yaşar BABAYEV,

İqor PONOMARYOV, İsgəndər CAVADOV

Mərhumla vida mərasimi 2014-cü il avqust ayının 4-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında (Fətəli xan Xoyski prospekti, 98) keçiriləcəkdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında