Əhsən, “Qarabağ”, əhsən!

 

 

 

Ağdam klubu sonadək döyüşür və

Çempionlar Liqasında qələbə qazanır

 

 

Həqiqətən, Azərbaycan çempionu Ağdamın “Qarabağ” klubu bütün ölkəmizin sevimlisidir və əsl ümumxalq məhəbbəti qazanmışdır. Komandaya böyük sevgi, rəğbət, onun qüvvəsinə inam hissi olmasaydı, ötən çərşənbə günü Tofiq Bəhramov adına Respublika stadionunun tribunaları ağzınadək tamaşaçı ilə dolmazdı.

 “Qarabağ”ın fədakar futbolçuları da sadiq azarkeşlərinə borclu qalmayıb onları UEFA Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Zalsburq” komandası kimi güclü rəqib üzərində layiqli qələbə ilə sevindirdilər - 2:1.

Ən başlıcası isə Azərbaycan futbolunun pərəstişkarları Qurban Qurbanovun komandasının ifasında əsl kollektiv oyunun şahidi oldular. Bu komandanın oyunçularında fədakarlıq, möhkəm iradə, əsl qələbə əzmi onların kollektiv şəkildə mübarizə aparıb çətin anlarda bir-birinin köməyinə gəlmək bacarığı ilə yaxşı vəhdət təşkil edirdi. Nəticə də göz qabağındadır - çempionumuz Avropa futbolunda kifayət qədər sayılıb-seçilən, təcrübəli klublardan biri ilə mübarizədə hesabda irəli çıxmış və iki oyunun ümumi yekununda Liqanın pley-off mərhələsində yoluna davam etmək üçün özünə müəyyən zəmin yaratmışdır.

“Qarabağ”ın hakimin start işarəsindən son anadək fəal futbola üstünlük verərək rəqibi gərgin vəziyyətdə saxlaması da komandamızın böyük əzmkarlığından xəbər verir. Təsadüfi deyil ki, oyun başlanan kimi avstriyalı qonaqlarımız ağır zərbə aldılar. Corc Leroyun ötürməsindən sonra Danilo Dias “Zalsburq”un qapıçısını və onun komanda yoldaşlarını məyus etdi. Ağdam klubu hücumda ikinci dəfə fərqlənib qələbə topunu vuranda isə meydanda son dərəcə gərgin mübarizənin başa çatmasına cəmi dörd dəqiqə qalırdı. İlqar Qurbanovun sağ cinahdan sürətli həmləsi və gözəl ötürməsi rəqib müdafiəçiləri çaşbaş saldı və bütün oyun ərzində azarkeşlərin diqqət mərkəzində olan Reynaldo həlledici zərbəni dəqiq yerinə yetirərək “Qarabağ”ın qələbəsini təmin etdi.

Düzdür, bu qollar arasında “Zalsburq” da Sorianonun sayəsində hücumlarından birini müvəffəqiyyətlə başa çatdıraraq hesabı bərabərləşdirmişdi. Ancaq Reynaldonun qolu onu axıradək sevinməkdən, Azərbaycan paytaxtından heç-heçə ilə ayrılmaq imkanından məhrum etdi.

İndi biz Avstriya çempionu ilə ağır matçda qazanılmış qələbənin böyük sevincini yaşayarkən iki futbolçumuza qırmızı vərəqə göstərilməsini və Azərbaycan çempionunun görüşü doqquz nəfərlə başa çatdırmasını da təəssüf hissi ilə xatırlayırıq. Ukraynalı hakim Sergey Boyko hələ birinci hissədə qonaqlardan birini qaydalar çərçivəsindən kənara çıxdığı üçün meydandan çıxardıqdan bir qədər sonra kapitanımız Admir Telini, oyunun sonuna yaxın isə Reynaldonu da bağışlamadı, hərçənd hakimin qələbə topunun müəllifi ilə əlaqədar çıxardığı qərarın nə dərəcədə düzgün olduğunu demək çətindir.

Lakin bu oyunda başlıcası qalib gəlmək idi. “Qarabağ” futbolçuları “Zalsburq”u paytaxtımızdan məğlubiyyətlə yola salmaq məqsədlərinə çatmışlar. Avstriya klubu Bakıda öz oyunu ilə nə qədər xoş təsir bağışlasa da, kəskin hücumları ilə diqqəti cəlb etsə də, qapıçımız İbrahim Şehiç və onun müdafiəçi dostları, bütün komanda yoldaşları birgə səylə, kollektiv oyunla həmin axşam qələbəyə daha çox layiq olduqlarını sübuta yetirdilər.

İndi “Qarabağ” Avstriyanın Zalsburq şəhərində keçiriləcək Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsinin cavab görüşünə bu mərhələdə qələbə qazanan ilk Azərbaycan klubu kimi yola düşəcək. Avqustun 6-da oynanılacaq matç ərəfəsində ümumi müvəffəqiyyət üçün Ağdam komandasının perspektivləri heç də pis görünmür. Maltanın “Valletta” komandasından sonra “Zalsburq”u da oyundan çıxarmaq imkanı  yaranmışdır.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”   

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında