Azərbaycan mötəbər idman yarışlarına uğurla ev sahibliyi edən cazibədar məkandır

Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 17 ili tamam olur. Bu müddətdə Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edən cazibədar məkana və dünya idman ailəsinin nüfuzlu üzvünə çevrilib.

Ölkəmizdə nəhəng idman infrastrukturu yaradılıb və bu proses bütün regionları əhatə etməkdədir. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayı və sanbalı ilbəil artır. Bütün bu uğurlar Prezident İlham Əliyevin eyni zamanda Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycan idmanına göstərdiyi diqqət və qayğının nəticəsidir.

2003-cü ildən həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin  prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizin idman statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu dövrün əsas xarakterik xüsusiyyəti geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həlli ilə bağlı təsirli tədbirlərin görülməsidir. İndi Azərbaycanda 40-dan çox olimpiya idman kompleksi fəaliyyət göstərir. Bununla da ölkədə yeni idmançı nəslin yetişdirilməsinə əlverişli şərait yaranıb, idmanın kütləviliyi, idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr qazanması təmin olunub. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu 2000-ci ildə Sidneydə iki qızıl, bir bürünc, 2004-cü ildə Afinada bir qızıl, dörd bürünc, 2008-ci ildə Pekində bir qızıl, iki gümüş və dörd bürünc medalın qazanılması ilə müşayiət olunub. 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarında isə rekord nəticə göstərərək tarixi nailiyyətə imza atan Azərbaycan dünyanın bu mötəbər idman yarışmasından Vətənə iki qızıl, iki gümüş və altı bürünc medalla qayıdıb. Son Olimpiya Oyunlarının yekunlarına görə dünyada 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerdə qərarlaşıb.

Tələbə idmançılarımızın Rusiyanın Kazan şəhərində  keçirilən XXVII Ümumdünya Yay Universiadasında qazandıqları mükafatlar da idmanımızın tarixində özünə layiqli yer tutub. Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətə başlamasının iyirmi illiyi ilə bağlı  keçirilən yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn  beynəlxalq idman təşkilatlarının rəhbərləri də bu uğuru yüksək dəyərləndiriblər.

Azərbaycanda idmanın inkişafı ilə bağlı yürüdülən dövlət siyasəti daha böyük hədəflərə hesablanıb. Çünki ölkəmiz dünya idman hərəkatının inkişafına töhfə verməkdə maraqlıdır.

2015-ci ildə Bakı daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. İlk Avropa Oyunları “Odlar yurdu” Azərbaycanda keçiriləcək. Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında bununla bağlı qəbul edilən qərar beynəlxalq idman ictimaiyyətinin ölkəmizin olimpiya hərəkatında oynadığı rola verdiyi önəmin təzahürüdür. Bunu Avropa  Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sessiyada çıxışı da təsdiqləyir. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir. Ona görə də Bakı 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malikdir. Azərbaycanın Avropa Oyunlarının keçirilməsi ilə bağlı namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. İlk dəfə təşkil ediləcək Avropa Oyunlarının Bakı şəhərində keçirilməsinə qərar verilməsi eyni zamanda ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşan müsbət imicdən qaynaqlanır. Digər tərəfdən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, coğrafi mövqeyi, güclü idman infrastrukturu, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır.

Artıq geriyə sayım başlayıb. Bakı tezliklə Avropanın ən mötəbər yarışlarına ev sahibliyi edəcək. İnamla demək olar ki, bununla da  Azərbaycan dünya idman aləminin nəhəng mərkəzlərindən biri kimi mövqeyini yetərincə möhkəmləndirəcək.

Beləliklə, 2015-ci ildə birinci Avropa Oyunları, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, bundan bir il sonra isə IV İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. Üç ildə ölkəmizdə miqyasına görə çox böyük üç idman tədbirinin keçirilməsi öz-özlüyündə Beynəlxalq idman təşkilatlarının Azərbaycana göstərdikləri böyük etimadın bariz nümunəsidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında