Azərbaycanda Olimpiya Hərəkatının sürətli inkişafı idmanımızın beynəlxalq nüfuzunu ildən-ilə artırır

Bu yüksəlişin istiqamətverici qüvvəsi düz 17 ildir ki, cənab İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsidir

...31 iyul 1997-ci il. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında millət vəkili, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev yekdilliklə MOK-a prezident seçilir. Ölkəmizdə Olimpiya Hərəkatı, bütün idmanımız üçün mühüm əhəmiyyət kəsb edən həmin tarixi gündən indi düz 17 il ötür. Bu müddət ərzində görülmüş böyük işlər, həyata keçirilmiş genişmiqyaslı və təxirəsalınmaz tədbirlər gözəl bəhrə vermiş, ümumdünya olimpiyaçılar ailəsində özünə layiqli yer tutan Azərbaycan Milli Olimpiya Komitəsi onun ən nümunəvi üzvlərindən birinə çevrilmişdir.

Respublikamızda MOK rəsmən 1992-ci ilin mart ayından fəaliyyətə başlasa da, Azərbaycan Olimpiya Hərəkatında məhz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin elə ilk günlərindən yeni səhifə açılmış, yeni mərhələyə qədəm qoyulmuşdur. Ötən müddət ərzində keçilmiş yola nəzər saldıqda, əldə olunmuş nailiyyətləri göz önünə gətirdikdə sürətli və davamlı, gündən-günə artan inkişafın olduqca xoş, hətta inqilabi dəyişikliklər  sayəsində mümkün olduğu qənaətinə gəlirsən, respublikamızın artıq bütün dünyada yekdilliklə etiraf olunduğu kimi, əsl idman ölkəsinə çevrilməsi ilə bir Azərbaycan vətəndaşı kimi haqlı olaraq böyük qürur hissi keçirirsən. Olimpiya Hərəkatında, bütün idmanımızda baş verən irəliləyiş, güclü sıçrayış bir çox ölkənin diqqət mərkəzindədir. Hamı Azərbaycanın təcrübəsini yüksək dəyərləndirir, istər sayı durmadan artan və bu gün artıq 40-dan çox olan Olimpiya idman komplekslərinin inşasına, istərsə də beynəlxalq meydanda ölkənin şərəfini layiqincə qoruyan təmsilçilərimizin uğurlarına, birgə səylə, vahid komanda şəklində fəaliyyət göstərən idman təşkilatlarımızın məqsədyönlü və səmərəli fəaliyyətinə böyük maraq göstərir.

Bu mübariz komanda qısa bir zaman kəsiyində öz lideri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi və hərtərəfli köməyi, gündəlik qayğı və diqqəti sayəsində bütün çətinlikləri səbirlə, təmkinlə aradan qaldırıb müstəqil Azərbaycan Respublikasında insan həyatının çox gərəkli bir hissəsi olan bədən tərbiyəsi – idman məşğələlərinin məişətimizə möhkəm daxil edilməsi, xüsusən də yeniyetmə və gənclərin sağlamlıq və gümrahlıq məşğələləri ilə geniş əhatə olunması, bundan ötrü hər cür şəraitin yaradılması, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və bunun da əsasında ustalığın artırılması, dünya və Avropa çempionatlarında, bütün yarışların şahı olan Olimpiya oyunlarında yüksək nəticələr qazanılması, qalib həmvətənlərimizin böyük hünəri şərəfinə müxtəlif ölkələrin nəhəng idman saraylarında Azərbaycanın dövlət himninin səsləndirilməsi, milli bayrağımızın yüksəklərə ucaldılması üçün öz işlərini günün tələblərinə uyğun qurub idmanın inkişafına güclü təkan verdi.

Tez bir vaxtda bütün maneələri aradan qaldırıb əsl inkişaf yoluna qədəm qoymaq, Azərbaycanı dünya idmanında lider dövlətlər sırasına çıxarmaq üçün sanki bir nömrəli səfərbərlik elan edilmişdi. Nə qədər gərgin olsa da, yorulmaz fəaliyyətin nəticəsi bu gün bütün dünyanın gözü qarşısındadır. Dünyanın ən ali beynəlxalq qurumu isə sıralarında 200-dən artıq ölkəni birləşdirən Birləşmiş Millətlər Təşkilatıdır. Elə ümumdünya idmanında ən mötəbər təşkilat olan Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında da bir o qədər milli komitə fəaliyyət göstərir və hər dörd ildən bir Yay Olimpiya Oyunları starta çıxanda iştirakçı ölkələrin siyahısında 205-ə qədər dövlətin adları yer alır. Olimpiadanın finişində Azərbaycanı belə bir uzun-uzadı siyahıda ən yaxşı nəticə göstərən 30 ölkə arasında görəndə isə idmanımızın təəssübkeşlərinin ürəyi dağa dönür. Belə mövqeyə yüksəlmək heç də hər ölkənin işi deyil. Hətta istər ərazisinə, istərsə də əhalisinin sayına görə bizdən qat-qat üstün dövlətlər də sürətli inkişaf yolunda olan Azərbaycanın göstəricilərinə həsəd apardıqlarını gizlətmirlər.

Burada bir-iki müqayisə, yəqin ki, yerinə düşər. İki dəfə futbol üzrə dünya çempionatının təşkilatçısı olmuş Meksika (bu ölkənin baş şəhəri Mexikonun 1968-ci ildə XIX Yay Olimpiya Oyunlarının paytaxtı olduğunu da yada salmaq olar), habelə Kanada, İsveç, Argentina, Finlandiya, Bolqarıstan və bir çox başqa ölkələr London Olimpiya Oyunlarında medal qazanan dövlətlərin siyahısında Azərbaycandan sonrakı pillələrdə qərar tutmuşlar.

Bu isə onu bildirir ki, Azərbaycanın ayrı-ayrı komanda və idmançıları istər olimpiya, istərsə də qeyri-olimpiya növlərində ən güclü rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq, hətta onlardan üstün ustalıq nümayiş etdirmək gücündədir. Bunun səbəbi sadədir — ölkəmizdə idmanın bəxti çox gətirmişdir. Artıq 45 ildir ki, idmanımız daimi qayğı ilə əhatə olunmuşdur. Bu gün dərin minnətdarlıq hissi ilə ulu öndər, ümummilli lider kimi xatırladığımız Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan KP MK-nın birinci katibi kimi respublikamıza rəhbərlik etməyə başladığı elə ilk illərdən (bu da xoş bir təsadüfdür ki, cənab İlham Əliyev də Milli Olimpiya Komitəsinin rəhbərliyinə məhz iyulda gəlmişdir) bədən tərbiyəsi məşğələlərinə, idmanın inkişafına böyük əhəmiyyət vermiş və bu sahəni ciddi nəzarətdə saxlamış, sonralar da çıxışlarından birində qeyd etdiyi kimi, idmana xüsusi qayğını öz üzərinə götürmüşdür.

Estafet etibarlı əllərdədir. Hazırda Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin həyatın bütün sahələri kimi, idmana da göstərdiyi daimi qayğı təkcə bizim özümüzə yox, bütün dünyaya yaxşı məlumdur və hər yerdə dövlət və hökumət rəhbərləri, beynəlxalq idman təşkilatlarının mütəxəssisləri tərəfindən rəğbətlə qarşılanır. Bu zaman hamı bir daha yəqin edir ki, Azərbaycanda idmana dövlət siyasətinin əsasını ilk növbədə insanların cansağlığının möhkəmləndirilməsi, onların gümrah həyat yaşaması, gənclərin daxili zənginliyi, mənəvi saflığı və fiziki kamilliyi təşkil edir. Təbii ki, böyük nailiyyətlər idmanı da bir an belə unudulmur.

Artıq on birinci ildir ki, Azərbaycan Prezidenti kimi ölkəmizi inamla qələbədən-qələbəyə aparan cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin respublikamızda “İdman ili” elan olunması da dövlət başçısının adamlara sağlamlıq, gümrahlıq, böyük qələbələr sevinci bəxş edən, onlarda vətənpərvərlik hisslərini gücləndirən, qələbə əzmi, möhkəm iradə, xeyirxahlıq, Vətən sevgisi kimi nəcib keyfiyyətlər aşılayan bədən tərbiyəsi və idmana verdiyi mühüm əhəmiyyətin əyani təzahürüdür.

Bu da maraqlı məqamdır ki, Azərbaycan Respublikasının Yay Olimpiya Oyunlarında ən böyük uğuru məhz 2012-ci ilə təsadüf etmişdir. Təmsilçilərimizin Londonda, XXX yubiley Olimpiadasında qazandıqları tarixi nailiyyət ölkəmizdə “İdman ili”nin payına düşmüşdür. İngiltərə paytaxtında sərbəst güləş ustaları Toğrul Əsgərovla Şərif Şərifovun qazandıqları qızıl, Rövşən Bayramovla (yunan-Roma güləşi) Mariya Stadnikin gümüş, ağırlıqqaldıran Valentin Xristov, “klassik” üsulla güləşən Emin Əhmədov, boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun, qadın güləşi komandasında Stadnikin rəfiqəsi Yuliya Ratkeviçin, Xetaq Qazyumovun (sərbəst güləş) bürünc mükafatları Azərbaycan idmanını göylərə qaldırmış, ölkəmizi bütün dünyaya daha yaxından tanıtmışdır. Bu on medal, eləcə də Atlanta, Sidney, Afina və Pekin olimpiadalarında həmvətənlərimizə təqdim olunmuş daha 16 mükafat, üst-üstə isə 26 olimpiya medalı dövlət müstəqilliyi illərində Azərbaycan idmanının, bütün xalqımızın tarixi nailiyyəti, milli sərvəti və qürur mənbəyidir.

Azərbaycanda olimpiyaçılarla yanaşı, paralimpiyaçıların da məsul yarışlara hazırlığı, onların təlim-məşq prosesi daim diqqət mərkəzindədir. Paralimpiyaçılarımız da onlara göstərilən böyük qayğıya cavab olaraq beynəlxalq meydanda ölkənin idman şərəfini layiqincə qoruyurlar. Yenə də 2012-ci ilə qayıdaq. Həmvətənlərimiz Londonda XIV Yay Paralimpiya Oyunlarında 165 ölkə təmsilçilərinin kəskin rəqabətində 12 medal — 4 qızıl, 5 gümüş və 3 bürünc mükafat qazanaraq komanda hesabında 27-ci yeri tutmuşlar. Bu isə o deməkdir ki, yekun cədvəlində 138 ölkə Azərbaycandan geridə qalmışdır.

Əlbəttə, biz hər dəfə ölkəmizdə Paralimpiya Hərəkatının inkişafından və uğurlarından danışarkən ilk növbədə cüdo ustası İlham Zəkiyevi xatırlayırıq. Ardıcıl üç Paralimpiadanın iştirakçısı, Afina və Pekində fəxri kürsünün ən yüksək zirvəsində təbrikləri qəbul edərək Oyunların ikiqat çempionu olmuş, Londonda isə bürünc medal qazanmış Zəkiyevin böyük qələbələri paralimpiyaçılarımız arasında bu növün, bütünlükdə isə Azərbaycanda Paralimpiya Hərəkatının daha da inkişafına əlavə stimul vermişdir.

Elə üzgüçü Natali Pronina da hər cür tərifə layiqdir. O, Londonda XIV Paralimpiya Oyunlarında bir növ rekord müəyyən etmişdir. Zarafat deyil, Pronina müxtəlif məsafələrə üzgüçülük yarışlarında nə az, nə də çox — 5 medal, 1 qızıl və 4 gümüş mükafat qazanmışdır. Bu nəticə Paralimpiya Oyunları tarixində qeyri-adi göstərici, idmançının özünə və təmsil etdiyi ölkəyə böyük şöhrət qazandıran möhtəşəm nailiyyətdir.

Əvvəlki on altı il kimi, cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin on yeddinci ili də məsul beynəlxalq yarışlarda qazanılmış çoxsaylı qələbə və medallarla, respublikamızın Olimpiya idman komplekslərində keçirilmiş mötəbər beynəlxalq yarışlar, xarici ölkə mütəxəssislərinin idmanımız haqqında söylədikləri xoş sözlərlə əlamətdar olmuşdur.

İndi isə biz çox böyük, Azərbaycanın idman tarixində ölkəmizdə keçiriləcək ən mötəbər idman hadisəsi ərəfəsindəyik. Tarixdə ilk dəfə meydana çıxacaq və təşkili Bakıya etibar olunmuş Avropa Oyunlarının açılışına 11 aydan da bir qədər az vaxt qalır. Azərbaycanın birinci xanımı, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Oyunlara hazırlıq üzrə Təşkilat Komitəsi Avropa idmançılarının ən ali məclisinin ən yüksək səviyyədə, beynəlxalq standartlara tam uyğun şəkildə keçirilməsi üçün bütün zəruri tədbirləri görür. Avropa Oyunlarında 19 növ üzrə yarışlarda medallar uğrunda mübarizə aparacaq altı mindən çox idmançının, eləcə də məşqçi və mütəxəssislərin, beynəlxalq federasiyaların rəhbərlərinin, fəxri qonaqların bu startlardan böyük zövq alacaqlarına, Azərbaycanı zəngin təəssüratla tərk edəcəklərinə heç bir şübhə ola bilməz. Azərbaycan bu yarışların əla təşkili ilə bütün dünyaya bir daha bəyan edəcək ki, ölkəmizdə, onun gündən-günə daha da müasirləşən gözəl paytaxtı Bakıda hətta Yay Olimpiya Oyunlarını da ən yüksək səviyyədə keçirmək üçün hər cür şərait vardır. Təsadüfi deyildir ki, Avropa Oyunlarından bir il sonra Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.

Paytaxtımızda birinci Avropa Oyunlarının açılış mərasiminə hələ 11 ay qalsa da, bizi necə gözəl bir idman hadisəsinin gözlədiyini təsəvvürə gətirdikcə elə istəyirsən deyəsən ki, kaş 2015-ci ilin iyun ayı tez gələydi. Məhz həmin ay bu günlər tikintisində böyük canlanma müşahidə olunan Bakı Olimpiya Stadionunda Oyunların təntənəli açılış mərasimi keçiriləcək və qitənin bütün ölkələrinin nəzərləri Bakıya yönələcək. Avropa startları zamanı əzəmətli Olimpiya Stadionu ilə yanaşı metronun “Koroğlu” stansiyası yaxınlığında onunla qonşuluq edən və artıq bədii gimnastika üzrə Azərbaycan və Avropa çempionatları ilə sınaqdan çıxarılan Milli Gimnastika Arenasında, Heydər Əliyev adına İdman - Konsert Kompleksində, habelə tikintisi tam sürətlə davam etdirilən Su İdmanı Sarayında, Atıcılıq Mərkəzində və digər idman qurğularında keçiriləcək yarışlar idman həvəskarlarına çox maraqlı və gərgin mübarizə, unudulmaz bayram vəd edir.

Əldə olunmuş nailiyyətlərlə kifayətlənməyən Azərbaycan yeni-yeni zirvələr fəth etmək, bir idman ölkəsi kimi öz mövqelərini durmadan möhkəmləndirmək əzmindədir. Bir neçə gün əvvəl şahidi olduğumuz ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən və 40-dək ölkə təmsilçilərinin qələbə uğrunda kəskin rəqabət apardıqları güləş üzrə ənənəvi “Qızıl Qran-Pri” turniri, Milli Gimnastika Arenasında yeniyetmələr arasında dünya taekvondo çempionatı da bir daha təsdiq etdi ki, Azərbaycan Respublikasında mötəbər yarışlar həmişəki kimi, sürətlə bir-birini əvəz edir və idman həyatımız bir an belə dayanmır.

Elə bu yaxınlarda aldığımız bir xəbər də idman ictimaiyyətimizin ürəyindən oldu: Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) rəhbərliyi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli sonuncu turnirin Bakıda təşkilinə qərar vermişdir. Azərbaycanın idman təşkilatlarına göstərilən yüksək etimadın daha bir təzahürü.

Bu arada hiss olunmadan London Olimpiadasından artıq iki il ötmüşdür. Rio Olimpiadasına isə cəmi iki il qalır. Bu, Azərbaycan idmançılarının öz liderləri cənab İlham Əliyevin rəhbərliyi ilə starta çıxacaqları sayca beşinci Yay Olimpiya Oyunları olacaq. Qarşıda Braziliyaya daha çox lisenziya qazanmaq, Rio-de-Janeyroda Londondakından da uca zirvələr fəth etmək vəzifəsi durur. Əminik ki, bu vəzifə də müvəffəqiyyətlə həyata keçiriləcək və bu gün idman qənimətləri xəzinəmizdə olan 26 Olimpiya medalının sayı iki ildən sonra daha da artacaq. Axı, ölkəmizdə Olimpiya Hərəkatı, idman böyük dövlət qayğısı ilə əhatə olunmuşdur.

Hələlik isə hər yeni gün Azərbaycanı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına yaxınlaşdırır. Bakı bu möhtəşəm idman hadisəsinə ikiqat səylə hazırlaşır. Azərbaycan rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dediyi kimi, Avropa Oyunları böyük bir sınaq, böyük bir çağırışdır.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında