“Baku Cup 2014” beynəlxalq tennis turnirinin finalçıları müəyyənləşib

İyulun 26-da Azərbaycan paytaxtında qadınlar arasında tennis üzrə WTA “Baku Cup 2014” beynəlxalq turnirində fərdi və cütlüklərin yarışlarında yarımfinal mərhələsinin oyunları keçirilib.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov oyunlara baxıblar.

Turnirin ilk yarımfinal matçında serbiyalı Boyana Yovanovski ilə isveçrəli Ştefani Föqele qarşılaşıb. B.Yovanovski ilk setdə 6:2 hesabı ilə qələbə qazanıb. İkinci seti öz xeyrinə başa vuran (6:2) Ş.Föqele ümumi hesabı bərabərləşdirib - 1:1. Üçüncü setdə təşəbbüsü ələ alan B.Yovanovski əzmkar oyun nümayiş etdirərək 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, matçdan 2-1 qalib ayrılan B.Yovanovski “Baku Cup 2014” turnirinin ilk finalçısı olub.

İkinci yarımfinal oyununda yarışın ən təcrübəli və titullu idmançılarından olan italiyalı tennisçi Françeska Skyavone ilə Bakı turnirinin 2 nömrəli favoriti 19 yaşlı ukraynalı tennisçi Elina Svitolina qarşılaşıblar. Matç F.Skyavonenin üstünlüyü ilə başlayıb. Güclü rəqibi qarşısında ilk setdə tab gətirə bilməyən E.Svitolina 3:6 hesabı ilə məğlub olub. Lakin ikinci setdə F.Skyavoneni çətin vəziyyətə salan ukraynalı tennisçi bu seti 6:1 üstünlüklə bitirib. Üçüncü setdə 6:4 hesabı ilə qalib gələn E.Svitolina finala vəsiqə qazanıb.

Finalda qalib gələcək tennisçi 280 reytinq xalı və 43 min ABŞ dolları qazanacaq.

Turnirdə cütlüklər arasında yarımfinal matçında rumıniyalı Raluka Olaru ilə israilli Şayar Peyerin komandası Françeska Skyavone (İtaliya) -Ştefani Föqele (İsveçrə) cütlüyü ilə qarşılaşıb. Birinci setə yaxşı başlayan F.Skyavone - Ş.Föqele dueti hesabda 2:0 önə keçib. Amma bundan sonra üstünlüyü əldən verən F.Skyavone - Ş.Föqele cütlüyü hesabda 3:4 geri düşüb. Bu zaman F.Skyaveno həkim yardımına ehtiyac duyub. Ona tibbi müdaxilə edilsə də, ağrılar çox olduğu üçün oyunu davam etdirə bilməyib. Beləliklə, matç Ş.Peyer - R.Olaru cütlüyü hesabda 4:3 öndə olduğu zaman yarımçıq dayandırılıb və bu cütlük finala vəsiqə qazanıb. Onların çempionluq yolundakı son rəqibləri Aleksandra Panova (Rusiya) - Xiter Uatson (Böyük Britaniya) cütlüyü olacaq.

İyulun 27-də keçiriləcək cütlüklərin final matçının qalibi 280 reytinq xalı və 12 min 300 ABŞ dolları qazanacaq.

Fərdi və cütlüklərin yarışında çempionluq uğrunda qarşılaşmalar iyulun 27-də keçiriləcək.

   

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında