Bakıdakı məğlubiyyətin əvəzini Koperdə artıqlaması ilə çıxan “Neftçi” indi “Çixura”nı sınağa çəkəcək

Bir həftə əvvəl “Neftçi” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Koper” klubuna 1:2 hesabı ilə uduzduqdan sonra səfərdə cavab matçı ərəfəsində işini çox çətinə salmışdı.

Ancaq hələ hər şey itirilməmişdi, vəziyyət heç də ümidsiz deyildi. Futbolumuzun flaqmanı da çox mürəkkəb vəziyyətdə özünü itirməyib, fədakar oyunu və əsl qələbə əzmi sayəsində Bakıdakı məğlubiyyətin əvəzini Koper şəhərinin “Bonifika” stadionunda artıqlaması ilə çıxaraq Avroliqanın üçüncü təsnifat mərhələsinə yüksəldi.

Oyunun əvvəlindən xoşbəxtliyi “Koper”in qapısında axtaran Azərbaycan paytaxtı futbolçuları onların özlərini və ölkəmizin bütün futbol ictimaiyyətini ümidləndirəcək qolu çox gözləməli olmadılar. Artıq birinci hissənin ortalarında Mirhüseyn Seyidovun sərrast zərbəsi bakılılara müvəffiqiyyət qazandırdı. Fasiləyədək “Neftçi”nin xeyrinə 1:0 hesabı dəyişmədi.

İkinci hissə də öz gərginliyi ilə birinci 45 dəqiqədən fərqlənmədi. İki oyunun yekununda ümumi müvəffəqiyyət üçün komandamızın daha bir topa ehtiyacı var idi. Bu qolu fransalı hakim Benua Mayonun final işarəsinə altı dəqiqə qalmış gördük. Azərbaycan klubunu Avroliqanın üçüncü təsnifat mərhələsinə yüksəldən, Sloveniya komandasının isə bütün ümidlərini alt-üst edən qolun müəllifi vaxtında hücuma qoşulan müdafiəçimiz Karlos Kardoso oldu.

Nəticədə 2:0 hesabı ilə qələbə “Neftçi”yə növbəti mərhələdə yoluna davam etmək arzusunu həyata keçirməyə imkan yaratdı. İndi Böyükağa Hacıyevin yetirmələri üçüncü təsnifat mərhələsində Gürcüstanın “Çixura” komandasını sınağa çəkəcəklər. Bu mərhələnin oyunları iyulun 31-də və avqustun 7-də keçiriləcəkdir.

“Neftçi”dən fərqli olaraq, “İnter” mərhələ adlamağa daha yaxın idi. Komandamız İsveçdə “Elfsborq” ilə ilk oyundan qələbə ilə qayıtmışdı (1:0) və Bakıda  cavab görüşündə bu üstünlüyü qorumaq çox da çətin görünmürdü. Təəssüf ki, belə olmadı, əsas vaxtda qonaqların xeyrinə 1:0 hesabı qeydə alındı, əlavə 30 dəqiqədə qapılara top vurulmadı və hər şeyi “Elfsborq”un daha dəqiq yerinə yetirdiyi penaltilər seriyası həll etdi-4:3.

Amma bu məğlubiyyəti “İnter”ə heç cür irad tutmaq olmaz, əksinə, komanda əzmkar oyunu, möhkəm iradəsi ilə alqışa layiq idi. Zarafat deyil, görüşün hakimi Stanislav Todorov (Bolqarıstan) artıq 3-cü dəqiqədə “İnter”in müdafiəçisi Laşa Salukvadzeyə qırmızı vərəqə göstərməyə cəsarət etdikdən sonra futbolçularımız, demək olar, iki saat ərzində on nəfərlə oynamalı oldular. Bunun nə demək olduğunu isə futbolla az-çox maraqlanan hər kəs yaxşı bilir. Əlavə vaxtda “İnter”in son anadək döyüşdüyünü və hətta hesabı bərabərləşdirmək üçün bir neçə gözəl imkandan istifadə edə bilmədiyini də unutmayacağıq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında