Azərbaycan 2016-cı ildə kompakt sportinq üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan 2016-cı ildə atıcılığın kompakt sportinq növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu qərar Beynəlxalq İdman Ovçuluq Atıcılığı Federasiyasının (FITASC) iyulun 8-də Portuqaliyada keçirilən Baş Assambleyasında yekdilliklə qəbul olunub.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti Rasim Rzayev AzərTAc-ın müxbiri ilə söhbətində məlumat verdi. Federasiyanın fəaliyyətindən, ümumiyyətlə ölkəmizdə idmanın bu növünün inkişafından və populyarlığından danışan R.Rzayev qeyd etdi ki, AAF-nin fəaliyyətində 2008-ci ildə qeyri-olimpiya növü olan sportinq atıcılığının qeydiyyatdan keçməsi mühüm mərhələlərdən biri olub. Sportinq idman ovçuluq atıcılığı deməkdir və bu, kütləvi xarakter daşıyır. İdman ovçuluq atıcılığı özü də iki növə bölünür: kompakt və böyük sportinq. Hazırda hər iki sportinq növü qeydiyyatdan keçib.

Kompakt sportinq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın sürətli inkişafının daha bir təzahürüdür

AAF-nin vitse-prezidenti bildirdi ki, kompakt sportinq üzrə Azərbaycanda dörd dəfə beynəlxalq “Qran-pri” yarışları keçirilib. Bu yarışlar 2010-cu və 2011-ci illərdə Bakıda, 2012-ci ildə Qəbələdə, 2013-cü ildə isə Salyanda təşkil olunub. Bu tədbirlərin, eləcə də Federasiya tərəfindən respublikamızda keçirilən digər yarışların çox yüksək səviyyədə təşkil edildiyini vurğulayan R.Rzayev dedi: “Bütün bunların nəticəsidir ki, FITASC-ın Baş Assambleyasına biz də dəvət aldıq. Azərbaycanın sürətli iqtisadi inkişafını və idman uğurlarını təbliğ etmək məqsədilə Assambleya iştirakçılarına ölkəmizlə bağlı bir sıra nəşrlər payladıq və geniş təqdimatla çıxış etdik”.

Olduqca yüksək səviyyədə keçən Baş Assambleyanın gündəliyindəki əsas məsələlərdən biri də kompakt sportinq üzrə 2016-cı ilin aprelində keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi idi. Bu barədə danışan Federasiyanın vitse-prezidenti bildirdi ki, çempionata ev sahibliyi etmək üçün Azərbaycan ilə yanaşı, Çexiya, Sloveniya və İtaliyanın müvafiq federasiyaları da namizədliklərini irəli sürdülər. Namizədlərin çoxluğuna baxmayaraq, Azərbaycan Atıcılıq Federasiyasının namizədliyi yekdilliklə dəstəkləndi və beləliklə, 2016-cı ildə kompakt sportinq üzrə Avropa çempionatının Bakıda keçirilməsi qərara alındı. Bu uğur münasibətilə Azərbaycan nümayəndə heyətini ilk təbrik edən məhz FITASC-ın prezidenti Jan Fransua Palinkas oldu.

R.Rzayev qeyd etdi ki, sportinq üzrə Avropa çempionatı MDB ölkələri arasında indiyədək yalnız 2008-ci ildə Rusiyada keçirilib. Azərbaycan bu çempionata ev sahibliyi edəcək ikinci MDB ölkəsidir. Kompakt sportinq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın sürətli inkişafının daha bir təzahürüdür.

Azərbaycan Atıcılıq Federasiyası birinci Avropa Oyunlarına ciddi hazırlaşır

Hazırda Azərbaycan Atıcılıq Federasiyası gələn il keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşır. R.Rzayev dedi ki, Federasiya ilk Avropa Oyunlarında atıcılıq yarışlarının yüksək səviyyədə təşkili üçün böyük işlər görür. Hər şeydən əvvəl onu demək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Respublika Stend Atıcılığı Kompleksinin yerində Avropada ən böyük və möhtəşəm, hər cür şəraitə malik Atıcılıq Mərkəzi tikilir. Bu Atıcılıq Mərkəzi mötəbər yarışların keçiriləcəyi idman obyektlərindən biridir. 

Avropa Oyunlarından sonra - 2015-ci ilin noyabrında Azərbaycanda V beynəlxalq “Qran-pri” yarışı keçiriləcək. Bu barədə məlumat verən AAF-nin vitse-prezidenti diqqətə çatdırdı ki, bu idman tədbirinin də Atıcılıq Mərkəzində keçirilməsi planlaşdırılır. Eyni zamanda, bu yarış 2016-cı ildə ölkəmizdə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyacaq. Azərbaycanın gələcəkdə atıcılığın Olimpiya növləri üzrə Avropa və dünya çempionatlarına da ev sahibliyi etməsinə nail olmaq üçün bu tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin ediləcək.

Ölkəmizdə idmanın Olimpiya və qeyri-olimpiya növlərinə heç bir fərq qoyulmur

AAF-nin vitse-prezidenti xüsusilə qeyd etdi ki, qeyri-olimpiya növü olmasına baxmayaraq, kompakt sportinq atıcılığı dünyanın əksər, xüsusən də inkişaf etmiş ölkələrində geniş yayılıb. Əslində, atıcılığın sportinq və Olimpiya növləri arasında ciddi fərq yoxdur. “Həm ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi, mənim üçün Olimpiya və qeyri-olimpiya idman növləri arasında heç bir fərq yoxdur. Çünki bütün idmançılarımız Azərbaycan idmançılarıdır. Onlar bütün yarışlarda Azərbaycanı təmsil edirlər və çalışırlar ki, qələbə qazansınlar”, - dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu fikrini xüsusi vurğulayan R.Rzayev ölkəmizdə də atıcılığın sportinq növünə marağın getdikcə artdığını bildirdi. Əlavə etdi ki, sportinqlə Avropada 100 ildən çoxdur məşğul olurlar. Azərbaycan MDB-də sportinqin yayılıb inkişaf etdiyi dördüncü ölkədir. Atıcılıq idmanının geniş yayılmasında və inkişafında Federasiyanın prezidenti Vaqif Axundovun xüsusi xidmətlərini qeyd etmək lazımdır. Federasiyanın prezidenti mötəbər beynəlxalq yarışların keçirilməsinə və idmançılarımızın ustalığının artırılmasına xüsusi qayğı göstərir və bunun üçün lazımi şərait yaradılmasına çalışır.

Ənənəvi olaraq sportinq idmanı ilə əsasən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə insanların daha çox məşğul olduğunu diqqətə çatdıran R.Rzayev Azərbaycanda da idmanın bu növünün sürətli tərəqqisinin təqdirlə qarşılandığını bildirdi. “Hazırda Novxanıda sportinq klubumuz fəaliyyət göstərir. Bundan başqa, regionlarda - Naxçıvan, Qəbələ, Ağstafa və Salyandakı komplekslərdə turistlər, yerli əhali idmanın bu növünə xüsusi maraq göstərirlər. Azərbaycanda atıcılığa, xüsusən sportinqə artan maraq gələcəkdə bu sahədə daha böyük uğurların qazanılacağına ümid bəsləməyə əsas verir” - deyə R.Rzayev vurğuladı.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında